YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2020-ci ildə qazanılan uğurlar Azərbaycanın qarşısında yeni perspektivlər açdı

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü

Yola saldığımız 2020-ci il dünyanın siyasi, iqtisadi və ümumi mənzərəsinin həm rəngarəng, həm də ziddiyyətli olması ilə yadda qaldı. İlk növbədə, koronavirus pandemiyasının yaratdığı səhiyyə problemləri, sosial çətinliklər xalqların həyatına, dövlətlərin fəaliyyətinə ciddi təsir göstərdi. Amma həm böyük nailiyyətləri, həm də uğurlu inkişafı ilə tarix yazanlar da oldu. Elə Azərbaycan xalqı və dövləti kimi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində tarixi qələbə qazanan Azərbaycan torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, 2020-ci il Azərbaycan üçün Zəfər ili oldu. Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı qeyd etdi ki, keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır: “Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi”.

Əlbəttə, 2020-ci ilin böyük Zəfərin fonunda həm də yeni uğurlarımızla yadda qaldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır: “Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik”.

Parlament seçkiləri ölkəmizin demokratik inkişafına əhəmiyyətli töhfə oldu

Ötən ilin ölkəmiz üçün ən mühüm hadisələrindən parlament seçkilərinin keçirilməsi oldu. Azad, demokratik, şəffaf və ədalətli seçkilərin nəticələri həm Azərbaycanda siyasi sistemin inkişafına mühüm töhfə oldu, həm də demokratik inkişafa xidmət etdi. Həmçinin islahatlar çərçivəsində parlamentin rəhbər orqanlarının yenilənməsi, sədr müavininin müxalifət partiyasının nümayəndəsi olması, eyni zamanda, ilk dəfə olaraq parlament komitələrinin sədr müavini vəzifələrinə müxalifət nümayəndələrinin seçilməsi plüralizm mühitinin gücləndirilməsinin göstəricisidir. Bu, həmçinin yeni siyasi mədəniyyətin təzahürüdür. Dövlət başçısının qeyd etdiyi kimi, bu, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addımdır: “Əlbəttə ki, ölkəmizin demokratik inkişafı baxımından bunun çox böyük əhəmiyyəti var. Parlament çoxpartiyalı parlamentdir və bu, siyasi sistemimizin gücləndirilməsi istiqamətində çox önəmli addım sayılmalıdır”.

Siyasi qüvvələrin həmrəyliyi təqdirəlayiqdir

2020-ci il ərzində müxtəlif siyasi qüvvələrlə dialoq prosesinin aparılması da siyasi münasibətlərin inkişafı, həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsi dövründə də biz vahid mövqedən çıxış edən siyasi partiyaların birliyinin şahidi olduq. Siyasi qüvvələr Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasətinə dəstək göstərməklə xalqımızın həmrəyliyinin daha da güclənməsinə töhfə verdilər.

Ermənilərə dəstək verənlər antimilli şuranın havadarlarıdır

Radikal düşərgədə cəmləşmiş antimilli ünsürlər, xəyanətkar antimilli şura isə Ermənistanın işğalçı siyasətinə dəstək verməklə xalqımıza və dövlətimizə qarşı düşmən münasibəti göstərdi. 1992-1993-cü illərdə hakimiyyətdə olarkən yol verdikləri xəyanətkarlıq və satqınlığı indi də düşmən dəyirmanına su tökməklə davam etdirirlər. AXC-Müsavat cütlüyünün antimilli fəaliyyəti nəticəsində Azərbaycanın torpaqlarının, o cümlədən Kəlbəcərin, Şuşanın, Laçının işğal altına düşməsi danılmaz həqiqətdir. Bu radikal qruplaşma o zaman hakimiyyətə gəlmək üçün Azərbaycanın torpaqlarının işğalı faktına göz yummuş, dövlətin milli maraqlarını qurban vermişdilər. Bu gün isə eyni riyakar, xəyanətkar mövqedədirlər. Prezident İlham Əliyevin dediyi kimi, antimilli şura öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Ermənipərəst qüvvələr, müharibə dövründə bizə qarşı çirkin əməllərdə iştirak edənlər, bizim qələbəmizi əlimizdən almaq istəyənlər, ermənilərə dəstək verənlər antimilli şuranın havadarlarıdır və onlar fəraridirlər, satqındırlar, xaindirlər.

Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək, yeni nailiyyətlər əldə edəcək

Beləliklə, ötən ilin mənzərəsi Azərbaycanın bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafını davam etdirəcəyini deməyə əsas verir. Öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycan daha güclüdür, yeni nailiyyətlər əldə etmək, qüdrətini daha da artırmaq əzmindədir. Ölkə başçısının uğurlu daxili və xarici siyasəti, xalq-iqtidar birliyi isə ölkəmizin tərəqqi yolunda inamla irəliləmisini təmin edən ən mühüm amillərdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ona görə bir daha demək istəyirəm ki, biz düzgün yoldayıq. Bütün çətinliklərə baxmayaraq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik. İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır”.