YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın bugünkü və gələcək inkişafı qüdrətli Lider İlham Əliyevin adı ilə bağlıdır

Bu gün müasir dünyanın mənzərəsi olduqca mürəkkəb və ziddiyyətlidir. Biz ayrı-ayrı regionların, ölkələrin timsalında qeyri-sabitliyin, iqtisadi tənəzzülün şahidi oluruq. Sabitlik adası kimi tanınan Azərbaycan tərəqqi yolunda inamla irəliləyir. Əlbəttə, ölkəmiz bu inkişaf mərhələsinə asanlıqla çatmayıb. Müstəqilliyin ilk illərində xaos meydanına çevrilən Azərbaycan Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində böhrandan xilas olub, inkişaf yoluna çıxıb. Bu gün isə ölkəmiz Heydər Əliyev siyasətinin layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza atır.

Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini yaradıb

Ötən dövrə nəzər saldıqda görürük ki, cənab İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra verdiyi bütün vədlərə əməl edib, Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Bu isə xalqın Prezident İlham Əliyevə inamını və güvənini daha da artırıb. Azərbaycan xalqı həm də onunla qürur duyur ki, dünya miqyasında nüfuzlu siyasətçi olan cənab İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın təkcə sürətli inkişafını təmin etməyib. Onun ideyaları, əməli fəaliyyəti həm də bəşəriyyətin inkişafına vacib töhfələr verib. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında  çox əhəmiyyətli rol oynayır.

Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir. Beləliklə, Azərbaycan ötən 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, bütün sahələrdə böyük nailiyyətlər əldə edilib. Azərbaycan inkişafın milli modelini formalaşdırıb.

İctimai-siyasi sabitlik ölkəmizi fərqləndirən əsas amillərdəndir

İctimai-siyasi sabitliyin qorunması və daha da gücləndirilməsi də Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində mümkün olub. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycandakı təhlükəsizlik mühitini çox yüksək qiymətləndirirlər. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malikdirlər. Multikulturalizm ölkəmizdə həm həyat tərzidir, həm də dövlət siyasətinin tərkib hissəsidir.

Paralel olaraq respublikamızda demokratik islahatlar davam etdirilir, insan hüquqları və azadlıqlarının təmin olunması diqqət mərkəzində saxlanılır. Həmçinin vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nəticələr əldə olunub. Uğurlu gənclər siyasəti isə gələcəyə nikbin baxmağımıza ciddi əsas yaradır.

Azərbaycan dünya birliyinin layiqli üzvüdür

Azərbaycanın qüdrətini artıran amillərdən biri uğurlu, səmərəli xarici siyasətin həyata keçirilməsidir. Bunun nəticəsi kimi, ölkəmizin beynəlxalq mövqeyi olduqca möhkəmlənib. Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin qlobal təşəbbüsləri çox yüksək qiymələndirilir. Faktlar bu həqiqətin üzərinə tam işıq salır. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi uğurla həyata keçirməsi də bu baxımdan böyük əhəmiyyət daşıyır. Eyni zamanda, tolerantlıq məkanı, sabitlik diyarı kimi tanınan Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi etməsi də ölkəmizə olan etimadın göstəricisidir. 

Qalib Ali Baş Komandan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olub

Ən vacib məsələlərdən biri budur ki, son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıran, uğurlu diplomatik fəaliyyət həyata keçirən Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olub. Ölkəmiz 44 günlük Vətən müharibəsi dövründə işğalçı Ermənistanı döyüş meydanında darmadağın edərək kapitulyasiya aktına imza atmağa məcbur edib. Beləliklə, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa edib. Bu, dövlətçilik tariximizin ən böyük uğurlarındandır. Həmçinin Azərbaycanın və regionun qarşısında yeni perspektivlər açılıb. Prezident İlham Əliyev ölkəmizin gələcəklə bağlı aydın baxışları olduğunu qeyd edib. Qarşıdakı dövrdə Azərbaycan ilk növbədə regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgəyə yeni iqtisadi canlanma vəd edir.

Xalq-iqtidar birliyi  Azərbaycanın gələcək inkişafına güclü  zəmin yaradır

Bütün bunların nəticəsidir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dünya azərbaycanlıları Azərbaycanın gələcək inkişafının məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu əminliklə vurğulayırlar. Xalq-iqtidar birliyi, güclü milli həmrəylik isə ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir.

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri,

YAP İdarə Heyətinin üzvü