YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məşhur Məmmədov: “YAŞAT” Fondunun yaradılmasının çox böyük əhəmiyyəti var

“Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsidir. Hazırkı dövrə kimi Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təmin edilməsi, müalicəsi və sosial durumlarının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

Məşhur Məmmədov bildirib ki, Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir: “Şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mütəmadi iş aparılır. Bununla yanaşı, vətəndaş cəmiyyəti, biznes dairələri, ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız da bu kateqoriyadan olan insanlara mümkün dəstəyi göstərmək üçün əllərindən gələni edirlər. Azərbaycan xalqı xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır. Məhz bu reallığı nəzərə alaraq, şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması, bunun üçün müvafiq platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman imzalayıb. Belə bir Fərmanın imzalanması şəhidlərimizin ailələrinə və müharibə dövründə qazi olan vətən oğullarımıza dövlətin göstərdiyi diqqət və qayğının bariz göstəricisidir!”.

Millət vəkilinin sözlərinə görə, “YAŞAT” Fondunun yaradılmasının çox böyük əhəmiyyəti var: “Bu, bir daha şəhid ailələrinə, qazilərimizə olan diqqətin göstəricisidir.  Şəhid ailələrinə, qazilərə dəstək məqsədilə ölkə rəhbəri tərəfindən yaradılan “YAŞAT” fondu diqqət və qayğının təzahürüdür. Bu bir daha göstərdi ki, Azərbaycanda şəhid ailələrinin, qazilərin, imkansızların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin hər zaman diqqət mərkəzindədir”.