YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatları Avropa Şurası Parlament Assambleyasının sərbəst dinləmələrində çıxış ediblər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci günündə deputatlar Avropada və dünyada baş verən siyasi hadisələr, insan haqları və demokratik dəyərlər ətrafında müzakirələr aparıblar.
Müzakirələrdə dinlərarası və mədəniyyətlərarası dialoqun vacibliyinə toxunan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aydın Abbasov bildirib ki, müasir dünyamızı yalnız dünyanın siyasi xəritəsinin dəyişdirilməsi ilə deyil, o cümlədən ictimai həyatla bağlı bir sıra qlobal problemlərin əmələ gəlməsi və kəskinləşməsi ilə də səciyyələndirə bilərik. İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, dini problemlər də kəskin şəkildə ortaya çıxır. Hərçənd bəzi separatçı qruplaşmalar öz fəaliyyətlərinə, çox vaxt terror əməllərinə haqq qazandırmaq məqsədilə din amilindən istifadə edirlər. Belə şəraitdə mədəni müxtəlifliyin, sivilizasiyanın qorunması məqsədilə mədəniyyətlərarası və dinlərarası dialoqun yaradılması olduqca aktualdır.
Qeyd olunub ki, tolerantlıq və dini dözümlülük ənənələrinin güclü olduğu ölkə və regionların təcrübəsi də bu mənada örnək ola bilər. Azərbaycan da məhz bir çox xalqların və dini icmaların birgə yaşama və əməkdaşlıq ənənələrinə malik olan belə ölkələrdəndir. Azərbaycanın dinlərarası diqloqun və əməkdaşlığın möhkəmləndirilməsindəki təcrübəsi uğurlu nümunə kimi qəbul olunub və çox yüksək qiymətə layiq görülüb. Buna misal kimi, 2002-ci ilin mayında Roma Papası II İhoan Pavelin Azərbaycana etdiyi tarixi səfəri göstərmək olar. Bu səfər zamanı Roma Papası Azərbaycanda dini dözümlülük ənənəsini yüksək qiymətləndirib. Roma İmperiyasının təqiblərindən qaçan ilk xristianlar məhz elə burada məskunlaşmışdılar.
Vurğulanıb ki, Azərbaycanda vicdan azadlığı məsələsinə böyük qayğı ilə yanaşılır. Müxtəlif dini icmaların yalnız hüquqi təhlükəsizliyi deyil, eyni zamanda, müxtəlif dinlərin mənəvi dəyərləri də qorunmaqdadır. Bu, çox vacib bir məsələdir. Dini dəyərlərlə manipulyasiya etmək, onlara qarşı diqqətsiz yanaşmaq ağır və gözlənilməz nəticələrə gətirib çıxara bilər. 2005-ci ilin sentyabrında Danimarkanın “Jyllands-Posten” qəzeti İslam aləmi üçün təhqiramiz hərəkətə yol verərək Məhəmməd peyğəmbərin bir neçə karikaturasını dərc etmişdi. Bu karikaturaların dərci müsəlman dünyasında bir sıra etiraz aksiyası və qarşıdurmalara səbəb oldu, yüzdən çox insanın ölümünə gətirib çıxardı.
Bu yaxınlarda bütün dünyanı sarsıtmış “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücum faktını da xatırladan deputat həmkarlarının diqqətinə çatdırıb ki, fərqli dini məshəbləri siyasiləşdirməklə, iqtisadi problemlərin həllində onlardan istifadə etməklə xalqlar arasında böyük uçurum yarana bilər və bu zaman diqloq da qeyri-mümkün olacaq.
Qeyd olunub ki, bu gün əsas səylərimizi müxtəlif dini icmalar arasındakı birgə tədbirlərin keçirilməsinə yönəltməliyik. Dinlər arasında baş verən qarşıdurmalar haqda hər hansı lazımsız ictimai müzakirələrə yol verilməməlidir. Ənənəvi dini axınlar olan İslam və xristianlıq ümumbəşəri dəyərlərə malikdirlər və biz bu dəyərləri yüksək tutaraq, onları qorumalıyıq.
Deputat Sevinc Fətəliyeva isə Erməistanın Azərbaycan torpaqlarına qarşı 25 ildən artıq davam edən hərbi təcavüzündən danışıb. Qeyd edilib ki, nəticədə Azərbaycanın ərazisinin 20 faizi işğal olunub, bir milyondan çox insan doğma torpaqlarında qaçqın və məcburi köçkünə çevrilib. Onların arasında ailə üzvlərini itirən uşaqlar da var. Bu gün torpaq həsrəti ilə yaşayan bu insanların hər birinin qəlbində doğma yuvalarına dönmək, ata–analarının, əzizlərinin məzarlarını ziyarət etmək arzusu var. Məhz bu hissin gücü Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərə - öz ata-baba yurdlarını ziyarətə getməyə sövq etdi. Həsən Həsənov öldürülüb, digər iki həmyerlimiz isə əsr götürülüb, onlara qondarma “cinayət işi” açılıb. Qondarma “məhkəmə” D.Əsgərova ömürlük, Ş.Quliyevə isə 22 illik həbs cəzası kəsib.
Azərbaycanın sərhədlərinin bütün beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən tanındığını bildirən S.Fətəliyeva BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə işğal faktının təsdiq olunduğunu, təcavüzkarların işğal altındakı ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb edildiyini bildirib. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsində bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi. BMT Təhlükəsizlik Şurası atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılmasını tələb edirdi.Bu zaman sual meydana çıxır: heç bir sərhəd və qanun pozmayan, günahı yalnız torpaq sevgisi olan bu insanlar nədən cinayətkar və işğalçı olan bir ölkə tərəfindən girov götürülür? O ölkənin buna hansı hüquqları var ? Haqqın, ədalətin hökmü nədən bu məsələdə susur?!
Deputat bildirib: “Azərbaycan qirovların azad olunması məsələsini beynalxalq təşkilatlar qarşısında qaldırıb. Əğər insan haqları bütün beynəlxalq təşkilatların gündəmindədirsə və ən əsas məsələlərdən biri sayılırsa, onda bu məsələ niyə hələ də həllini tapmayıb. Separatçı rejimin girovlar üzərində “məhkəmə” qurması bütün hüquq normalarını pozur. Deməli, Ermənistan heç bir qanun tanımır və ya bu qanunlara məhəl qoymur. Buradan bütün üzv ölkələri və AŞPA-nı Ermənistanı beynalxalq hüquqa hörmətlə yanaşmağa, təşkilat qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməyə cağırıram”.