YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycan düşmənlə mübarizədə tarixi qələbə qazandı

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk gündən Azərbaycan - Rusiya əməkdaşlığı diqqət mərkəzində olmuş və yüksələn xətt üzrə inkişaf etmişdir. Belə də olmalıdır. Çünki Rusiya dünyanın super dövlətlərindən biridir və Azərbaycanla tarixi köklərə, qarşılıqlı əlaqələrə malikdir. Rusiyada milyonlarla həmvətənlərimizin yaşadığını, bu ölkə ilə iqtisadi - mədəni, ticarət əlaqələrinin möhkəmləndirildiyini, müəyyən məsələlərin həllində tərəfdaş olduğumuzu, ATƏT-in Minsk qrupunun həmsədri kimi onun Qarabağ münaqişəsinin həllində obyekt mövqe tutmasını nəzərə alsaq Rusiya ilə münasibətlərin hər tərəfli inkişaf etdirilməsi xeyrimizədir. Biz bunu ikinci Qarabağ müharibəsi dövründə gördük və bir daha dərindən duyduq”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Tahir Rzayev bildirib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, eləcə də ölkənin siyasi və hərbi dairələri neytrallıq nümayiş etdirərək, “Azərbaycanın öz ərazilərində düşmənə qarşı müharibə aparır” mövqeyindən çıxış edərək, Ermənistana hərbi dəstək vermədilər, dəfələrlə sülh təşəbbüslərinə çağırışlar etdilər, qan axıdılmasının, insan tələfatının tərəfdarı olmadıqlarını bildirdilər. Təqdirəlayiq haldır ki, Rusiya sülhməramlı niyyətini axıra kimi davam etdirdi və noyabrın 10-da müharibənin dayandırılması haqqında Azərbaycan - Rusiya - Ermənistan üç tərəfli bəyanatların imzalanmasına nail oldu. Bu tarixi bir gediş idi və demək olar ki, Azərbaycan mənafelərini tamamilə özündə əks etdirir. Rusiya Prezidentinin bu günlərdə “Rosiyya İ” telekanalında səsləndirdiyi “ Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir” ifadəsi Vladimir Putinin hadisələrə, haqqa - ədalətə real münasibətindən qaynaqlanır və Azərbaycan – Rusiya əlaqələrinin gələcəkdə daha da möhkəmləndiriləcəyinə, xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmaz olacağına zəmanət verir. Biz Rusiyanın ölkəmizə, haqq mübarizəmizə böyük önəm verdiyini bu dövlətin xarici işlər naziri Serqey Lavrovun və müdafiə naziri Serqey Şoyqunun bu günlərdə ölkəmizə səfərləri zamanı dövlətimizin başçısı İlham Əliyevlə görüşlərindən bir daha hiss etdik. Onlar da bir daha bildirdilər ki, Prezident Putinin dediyi kimi işlər ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər məcrasında gedir.

“Azərbaycan düşmənlə mübarizədə tarixi qələbə qazanmışdır. Bu qələbə Ali Baş Komandanımız cənab İlham Əliyevin böyük siyasəti, şücaəti, uzaqgörənliyi, ordumuzun qəhrəmanlığı, xalqımızın birliyi və eləcə də böyük, aparıcı dövlətlərlə, xüsusilə Rusiya ilə münasibətlərin möhkəm olması sayəsində təmin edilmişdir. Əlbəttə, dünya ölkələri ilə mehriban dostluq və əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir”,-deyə komitə sədri vurğulayıb.