YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Biz informasiya müharibəsində qələbə qazandıq

Mən bütün beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, tarixi həqiqətləri və mövcud vəziyyəti bütün həmkarlarıma çatdırmışdım. Mənim demək olar ki, bütün ikitərəfli beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi xüsusi yer alır. Mənim bütün çıxışlarıma baxmaq kifayətdir. Son 17 il ərzində demək olar ki, bütün çıxışlarımda bu məsələ ilə bağlı öz fikrimi bildirmişdim, dünya ictimaiyyətini məlumatlandırmışdım.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə işğaldan azad edilmiş Ağdam şəhərində olarkən danışıb.

1990-cı illərin əvvəllərində münaqişə ilə bağlı dünyada dolğun təsəvvür olmadığını, təhrif edilmiş, erməni lobbisi tərəfindən ortalığa atılmış məlumat olduğunu təəssüflə xatırladan dövlətimizin başçısı deyib: “Əks-təqdirdə, bizim torpaqlarımız işğal altına düşə-düşə Amerika Konqresi məşhur 907-ci düzəlişi qəbul etməzdi. Azərbaycan torpaqları işğal altına düşürdü, ancaq Amerika Konqresi Azərbaycanı təcavüzkar kimi tanımışdır və bizi humanitar yardımdan məhrum etmişdir. O vaxt erməni lobbisi buna nail oldu. Azərbaycan diplomatiyası, sadəcə olaraq, onların qarşısında adekvat addım ata bilməmişdir”.

Prezident vurğulayıb ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz Xocalı soyqırımı haqqında dünyaya dolğun məlumat verdik. Xocalı soyqırımı haqqında dünyada məlumat yox idi. “Xocalıya ədalət!” kampaniyası, 10-dan çox ölkə tərəfindən Xocalı soyqırımının soyqırımı kimi tanınması demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni yaratdı və dünya ictimaiyyətinə çatdırdı.