YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Soltan Məmmədov: Fransanın bu cür qərəzli və Ermənistanın təəssübkeşi kimi davranması həmsədrlikdən kənarlaşdırılması məsələsini aktuallaşdırır

“Fransanın həm Azərbaycan ordusunun əks-hücum əməliyyatları dövründə, həm də 10 noyabr bəyanatının imzalanmasından sonra nümayiş etdirdiyi mövqe bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəfsizliyinə olan şübhələri ciddi şəkildə gücləndirir”. Bu fikirləri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Soltan Məmmədov bildirib ki, Fransanın bu cür qərəzli və Ermənistanın təəssübkeşi kimi davranması həmsədrlikdən kənarlaşdırılması məsələsini aktuallaşdırır. Paris meriyasının qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşması ilə bağlı məlumatlar Fransanın öz qərəzli siyasətini həyata keçirməkdə israrlı olduğunu göstərir. Daha əvvəl bəzi siyasi dairələr bu məsələni Fransa Milli Assambleyasında da müzakirəyə çıxarmağa cəhd göstərib. Lakin bu cəhdlər heç bir nəticə verməyib.

Millət vəkilinin sözlərinə görə, Fransa prezidenti Emmanuel Makronun yaratdığı və rəhbərlik etdiyi “İrəli Fransa” partiyasının Paris Şurasında geniş şəkildə təmsil olunması bu təşəbbüsün hansı mənbələrdən qidalandığı barədə müəyyən ehtimallar irəli sürməyə əsas verir: “Təəssüf ki, Fransa 27 sentyabrdan bu günədək yüksək səviyyədə səslənən bəyanatlar verməklə, Ermənistana birmənalı dəstək ifadə edən addımları ilə münaqişəyə münasibətdə neytral mövqedən çıxış etmədiyini artıq sübut edib. Fransa münaqişənin Azərbaycanın tam qələbəsi ilə başa çatması ilə barışmaq istəmir. Lakin artıq nəinki münaqişə bölgəsində, həm də bütün regionda yeni geosiyasi reallıq yaranıb. Fransa bu reallığı dəyişmək iqtidarında deyil. Proseslərin gedişi də göstərir ki, Fransa məhz ədalətsiz, qeyri-obyektiv siyasətinin nəticəsi olaraq, Cənubi Qafqazda gedən proseslərə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə təsir imkanlarını xeyli dərəcədə itirib. Bu imkanları yenidən bərpa etmək üçün isə təzyiq və təhdidlərə əl atmaq mənasızdır”.

Deputat söyləyib ki, Fransanın son addımları Rusiya və Türkiyənin birgə səyləri nəticəsində əldə olunmuş atəşkəsi pozmaq, məsələni yenidən ATƏT-in Minsk Qrupunun müəyyən etdiyi nizamlama prosesi çərçivəsinə qaytarmaq məqsədinə xidmət edir: “Lakin ötən dövrün təcrübəsi Minsk Qrupu formatının nəticəsiz müzakirələrdən başqa heç nəyə xidmət etmədiyini sübut edib. Münaqişə artıq həllini tapıb, üç ölkənin dövlət başçıları birgə bəyanat imzalayıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Lakin Fransa münaqişəni yenidən alovlandırmağa, Ermənistana ən müxtəlif formalarda dəstək verməklə vəziyyəti dəyişməyə mənasız cəhdlər göstərir. Hesab edirəm ki, Cənubi Qafqazda müəyyən maraqları olan bütün aparıcı dövlətlər mövcud siyasi, iqtisadi və hərbi reallıqları düzgün qiymətləndirməli, bütün imkanlarını regionda təhlükəsizliyin, sabitliyin və sülhün təmin olunmasına yönəltməlidir”.