YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Xalq ona qələbə hisslərini yaşadan Ali Baş Komandana öz sevgisini nümayiş etdirir

 «Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun  44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı.  Döyüş meydanında darmadağın edilən Ermənistan ordusunun artıq təslim olmaqdan başqa  yolu yox idi. Noyabrın 10-da Azərbaycan,  Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları bəyanatla ordumuzun hərbi cəbhədəki qələbəsi diplomatik cəbhədə də rəsmiləşdirildi. 30 ilə bərabər 44 gün xalqımızın illər uzunu davam edən  torpaq həsrətinə son qoydu, ədalət bərpa olundu. Artıq öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımış Böyük Qayıdışın sevincini yaşayır, aranlı-dağlı Qarabağa  yeni nəfəs gəlir,  «Mən artıq köçkün deyiləm» ifadəsi daha çox səslənən və sevincimizə sevinc qatan fikir kimi hər birimizi qürurlandırır.»

  Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

  V.Rəhimzadə qeyd edib ki, 44 günlük Vətən müharibəsinin yekununda dövlətimizin başçısı İlham Əliyev qalib Sərkərdə, Azərbayan Ordusu  ən güclü ordu, xalqımız isə  ən böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi: «Noyabrın 16-da  Füzuli rayonuna  səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün avtomobilini saxlayaraq düşən Prezident İlham Əliyevin əhali tərəfindən xüsusi coşqu,  izdihamla, sonsuz sevinc hissi ilə  qarşılanması da xalqın özünün Müzəffər Ali Baş Komandanına hüdudsuz  sevgisinin və ehtiramının təcəssümü idi. Həmin məqamda ona  qələbə sevincini yaşadan  Prezidentinə, Ali Baş Komandanına  xalq sonsuz sevgisini bir daha nümayiş etdirdi. Cənab İlham Əliyev hər zaman çıxışlarında bu reallığı önə çəkir ki, daim xalqa arxalanır, ondan güc alır, qəbul etdiyi qərarlarda Prezident-xalq birliyi əsas yer tutur.  Təbii ki, hər zaman dövlətinin, xalqının  bu gününü və gələcəyini düşənən, qətiyyətli mövqeyi ilə  işğalçı Ermənistana və onun havadarlarına tarix, hüquq və milli qürür dərsi keçərək 30 ilin işğalına son qoyan ölkə Prezidentinə milyonların sevgisi şəksizdir. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident İlham Əliyev  əslində böyük zəfərdən doğan  sevinc hisslərini öz xalqı ilə  bölüşmüş oldu.»

   «Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür» söyləyən baş redaktor vurğulayıb ki, xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə hökm sürən  milli və siyasi həmrəylik şanlı qələbəmizin  ideoloji əsasıdır: «Hər zaman Prezidentinin ətrafında sıx birləşən, həyata keçirdiyi siyasətə dəstək olan, irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyən xalqımız 44 gündə daha möhkəm  yumruq kimi birləşdi.  Cənab İlham Əliyevin mövqeyindən bir addım belə geri çəkilməməsi, 44 gündə xarici mediaya verdiyi 30-a yaxın müsahibəsində   işğalçı dövlətə və onun havadarlarına ünvanladığı sərt mesajlar artıq ədalətin bərpa olunması zamanının çoxdan keçməsinə, amma hələ də dünyanın yalanları ilə münaqişənin həllini uzatması cəhdlərinin qəbuledilməzliyinə işarə  idi. Dövlətimizin başçısı xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inamla bildirirdi. Bu qələbə  son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən, Azərbaycana ən möhtəşəm uğurlar qazandıran  Prezident İlham Əliyevin  ata vəsiyyətini  yüksək səviyyədə yerinə yetirdiyinin xalqımıza təqdimatı idi. Cənab İlham Əliyev Qarabağın tacı, ürəyi olan Şuşamızın işğaldan azad olunması müjdəsini   Şəhidlər xiyabanından xalqa çatdırarkən bu fikri xüsusi olaraq vurğuladı  ki, Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.»

  Vüqar Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev «Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi» bəyanatının həyatiliyini artıq reallıqda işğalçı Ermənistana, ona dəstək olan aparıcı dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi: «Bu gün bu fikri  böyük qürurla qeyd edə bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin  Füzuli və Cəbrayıl rayonlarına səfəri qələbənin nidasıdır. 44 günlük müharibənin yol açdığı tarixi qələbə münaqişə tərəfləri arasında köklü fərqi bütün sahələrdə dünyaya çatdırdı. Ermənistan heç zaman Azərbaycanla hansısa sahədə rəqabət aparmaq imkanında deyildi. İşğalçı dövlətin baş naziri Nikol Paşinyan münaqişənin diplomatik yolla həllinin mümkünsüzlüyünü bəyan edib, ordusu haqqında güclü imic yaratmağa çalışsa da, 44 günlük müharibənin gedişində ortaya çıxan reallıqlar onun hər bir bəyanatının xülya olduğunu təsdiqlədi. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini diz çökdürdü. Saysız-hesabsız hərbi texnikalarını məhv etdi və qənimət kimi götürdü. Müharibənin fərqli  nəticələrindən biri də budur ki,  Ermənistanda ola-ola öz xalqından gizlənən məğlub Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyev rəşadətli Ordumuzla  qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər etdi.  “Qarabağ Azərbaycandır və nida”  deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və müharibə meydanında, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir.»