YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatma Yıldırım: Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə böyük üstünlüyə sahibdir

"Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə böyük üstünlüyə sahibdir. Dövlətimizin başçısı İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə müsahibələri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində mühüm əhəmiyyət kəsb edir. Bu amil informasiya müharibəsində də üstünlüyümüzü artıran vacib göstəricidir. Digər tərəfdən, Azərbaycan Prezidenti oktyabrın 26-da Azərbaycan xalqına növbəti müraciətində də Qarabağ məsələsi ilə bağlı fikirlərini bildirdi, işğalçı Ermənistana növbəti xəbərdarlıq etdi və eləcə də dünya ictimaiyyətinə mesajlar verdi". Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Millət vəkilinin fikrincə, cənab Prezidentin çıxışı həm daxili auditoriyaya, həm Ermənistan ictimaiyyətinə, həm də beynəlxalq ictimai rəyə hesablanıb. Belə ki, dövlətimizin başçısı daxili auditoriyanı həm XX əsrin əvvəllərinin, həm də 1988-ci ildən sonrakı dövrün səhvləri haqqında məlumatlandırır, beynəlxalq ictimai rəyi həqiqətlərlə maraqlanmağa məcbur edir, Ermənistan ictimaiyyətini isə miflərdən xilas edib, onlara tarixi, hüquqi və ordumuzun yaratdığı hərbi reallıqları qəbul etdirməyə çalışır.

Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə də münasibət bildirdiyini deyən Fatma Yıldırım söyləyib ki, Minsk qrupunun həmsədrlərinin fəaliyyəti Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb: "Həmsədrlər faktiki olaraq ATƏT-in Minsk qrupunu inhisara alıblar. Minsk qrupunun üzvlərindən Fransa açıq şəkildə ermənipərəst mövqe tutur, bu ölkənin parlamenti uydurma "erməni soyqırımını" tanıyır, ölkədə islamofobiya və türkofobiya dövlət siyasəti səviyyəsinə qaldırılıb. Son hadisələr zamanı isə erməni feykləri beynəlxalq gündəmə Fransa prezidenti vasitəsilə gətirilir. Digər həmsədr dövlət olan Rusiya isə Ermənistanı silahlandırır, hətta atəşkəs vaxtı belə təcavüzkarı silahlandırmaqda davam edir. Eləcə də, ABŞ uzun illər Dağlıq Qarabağdakı işğalçı rejimə birbaşa yardımlar ayırıb, prezidentliyə namizədlər ABŞ-dakı erməni əsilli seçicilərin maraqlarını ABŞ-ın regiondakı maraqlarından üstün tutur, Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edib. Beləliklə, heç bir həmsədr Azərbaycana qarşı qərəzsiz deyil. Məhz bu səbəbdəndir ki, bütün cəmiyyətimiz, o cümlədən Azərbaycandakı siyasi partiyalar və ictimai-siyasi fəallar Minsk qrupunun fəaliyyətinə etiraz edirlər. Həmsədr ölkələrin BMT Təhlükəsizlik Şurasının oktyabrın 19-da keçirilən iclasında qurumun daimi üzvləri olan həmsədr dövlətlərin Azərbaycanın əleyhinə sənəd qəbul etdirməyə çalışması da bunu təsdiqləyir. Nə yaxşı ki, dünyada Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən ölkələr var. Bu mənada sözügedən toplantıda Qoşulmama Hərəkatının üzvü olan ölkələrin verdiyi dəstək Azərbaycanın müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq etməsinin, çoxvektorlu diplomatiyasının effektivliyini də sübut etdi. Eyni zamanda, göründü ki, əsasən, Qərbin dominantlığı ilə yaranmış müasir dünya nizamı əbədi deyil, "dünya 5-dən daha böyükdür".

Deputat söyləyib ki, Azərbaycan artıq yeni reallıqlar yaradıb: "Azərbaycan Prezidenti danışıqların mənalı olmasını, yeni istiqamətini, vasitəçilərin yeni tərkibini və yeni predmetinin təklif edilməsini istəyir. Yeni yanaşma Azərbaycanın hərb meydanında öz hüquqlarını bərpa etməsi reallığına uyğun olmalı, bunun təcavüzkar tərəfindən qəbul edilməsinə xidmət etməlidir. Həmsədrlərin məşğul ola biləcəyi fəaliyyətə gəlincə, Azərbaycanın dəyişdiyi reallıqları qəbul edib danışıqları bu reallıqları təcavüzkara qəbul etdirmək, erməni tərəfini mədəni muxtariyyət, iki icmanın birgə yaşayışı və bələdiyyə muxtariyyətləri çərçivəsində həllə razı salmaqdan ibarətdir. Bu yanaşma mədəni dünyanın standartlarına uyğundur, o cümlədən Regional Dillər və ya Azsaylı Xalqların Dilləri üzrə Avropa Xartiyasına, Avropa Şurasının Etnik Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyasına və digər beynəlxalq hüquqi aktlara uyğundur. Bütün bunların fonunda Ermənistan tərəfi keçmiş prezidentlərin və indiki baş nazirin dili ilə azərbaycanlılarla birgə yaşamağın mümkün olmadığı kimi irqçi fikirlər təlqin edir. Bütövlükdə isə, cənab Prezidentin mövqeyi və xəbərdarlıqları kifayət qədər konkret və ünvanlıdır. Bu mövqe beynəlxalq hüquqa, xalqın həmrəyliyinə söykənir".

DİGƏR Xəbərlər Arxiv