YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniya portalı: Azərbaycan özünümüdafiə hüququ çərçivəsində Qarabağda əks-hücum və cavab tədbirləri həyata keçirir

İspaniyanın beynəlxalq münasibətlər və geosiyasi təhlil sahəsində fəaliyyət göstərən “Descifrando La Guerra” internet portalı Azərbaycanın bu ölkədəki səfiri Anar Məhərrəmovun müsahibəsini yayıb.

Müsahibə zamanı portalın eksperti Alexandro Lopes Kanorea səfir A.Məhərrəmova Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, o cümlədən işğalçı ölkənin növbəti təxribatına Azərbaycanın cavabı, habelə beynəlxalq ictimaiyyətin bu məsələ ilə bağlı mövqeyi, Türkiyənin Azərbaycana dəstəyi barədə suallar ünvanlayıb.

Sualları cavablandıran Anar Məhərrəmov əvvəlcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verib, Qarabağın tarixi Azərbaycan torpağı olduğunu, ermənilərin bu əraziyə XIX əsrin birinci yarısından etibarən köçürüldüyünü qeyd edib.

Münaqişənin nəticələrindən bəhs edən diplomat Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin, o cümlədən Dağlıq Qarabağın və ətraf 7 rayonun işğal olunduğunu, azərbaycanlı əhaliyə qarşı soyqırımı və etnik təmizləmə siyasətinin həyata keçirildiyini, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, bu il iyunun 12-dən etibarən Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə edərək, Ermənistan-Azərbaycan sərhədində Tovuz rayonu istiqamətində Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərərək ölkəmizə qarşı təcavüz aktı törədib. Ermənistanın hərbi təxribatının məqsədlərindən biri də iki ölkənin sərhədində yeni münaqişə ocağı yaratmaqla, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik Azərbaycan ərazisindən keçən enerji infrastrukturunu, o cümlədən nəqliyyat və kommunikasiya xətlərini təhlükə altına atmaq olub.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycan Ordusunun mövqelərini, habelə təmas xəttinin yaxınlığında yerləşən kəndləri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, ölkəmizə qarşı növbəti təcavüzə əl atıb. Hərbi təxribat zamanı mülki əhali məqsədli şəkildə hədəf seçilib. Oktyabrın 26-na olan məlumata əsasən, 65 dinc sakin həyatını itirib, 297 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, bir sıra yaşayış və inzibati binalar böyük dağıntılara məruz qalıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində, beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirir.

Xüsusi olaraq vurğulanıb ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn prinsip və normalarının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları və onlara əlavə protokolların kobud şəkildə pozulması deməkdir.

Bildirilib ki, Ermənistan tərəfinin hərbi təxribatının əsas məqsədi regionda gərginlik yaratmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini pozmaq, habelə Azərbaycan ərazilərinin işğalı ilə bağlı mövcud status-kvonu saxlamaqdır.

Səfir A.Məhərrəmov Ermənistanın bu təxribatının dünyanın bir sıra ölkələri, o cümlədən beynəlxalq və regional təşkilatlar tərəfindən kəskin şəkildə qınandığını diqqətə çatdırıb, bu baxımdan İspaniyanın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə etdiyini, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirib. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalından tam şəkildə azad edilməsindən sonra regionda sülh və sabitliyin bərqərar olunacağı diqqətə çatdırılıb.

Qeyd olunub ki, Azərbaycanın dinc əhalisini qətlə yetirmək məqsədilə ardıcıl hərbi təxribatlar törədərək sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətlərini davam etdirən Ermənistan silahlı qüvvələri oktyabrın 10-u və 17-də cəbhə bölgəsindən uzaqda yerləşən, ölkəmizin ikinci böyük şəhəri olan, qədim tarixə malik Gəncənin əhalinin sıx məskunlaşdığı mərkəzi hissələrini növbəti dəfə Ermənistan ərazisindən ballistik raket atəşinə tutub.

Gəncə şəhərində dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin Ermənistanın növbəti hərbi təcavüzünə məruz qalması nəticəsində aralarında uşaqlar olmaqla, çoxsaylı insan tələfatı olub, bir çox mülki infrastruktur obyektləri dağıdılıb, beləliklə də mülki əhaliyə külli miqdarda maddi, mənəvi və fiziki ziyan vurulub.

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfinin humanitar atəşkəsi dəfələrlə kobud şəkildə pozması bu dövlətin öz öhdəliklərinə məhəl qoymamasının və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyinin göstəricisidir. Atəşkəsin pozulması və bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Səfir vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistanın bu təcavüzkar əməllərini qətiyyətlə pisləyir, dünya ictimaiyyətini işğalçını beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırır.

Diplomat bildirib ki, Ermənistan rəhbərliyinin bölgədəki əməliyyatlarda guya Türkiyənin də iştirak etməsi ilə bağlı söylədiklərinin yalnız bir məqsədi var - münaqişəyə üçüncü tərəflərin cəlb edilməsinə nail olmaq. Bildirilib ki, Azərbaycan Ordusu beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün kifayət qədər hazırlıqlıdır və sentyabrın 27-dən Ermənistanın yeni təcavüzünün qarşısını almaq üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq əks-hücum tədbirləri həyata keçirir.