YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda ”20 Yanvar - Azərbaycanın müstəqilliyinə aparan yol” mövzusunda konfrans

İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş ”20 Yanvar - Azərbaycanın müstəqilliyinə aparan yol” mövzusunda konfrans keçirilib.
Azərbaycanın İstanbuldakı baş konsulluğunun himayədarlığı ilə təşkil olunan konfransda Türkiyə ictimaiyyətinin görkəmli nümayəndələri, elm və sənət adamları, qardaş ölkədə yaşayan azərbaycanlılar, diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər.
20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra bu faciəsinin dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan İSTAD-ın sədri Səfər Qaraqoyunlu 20 Yanvar faciəsinin səbəb və nəticələrindən bəhs edib.
Sonra Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Kənan Murtuzov, professorlar – İbrahim Öztek, Mustafa Erkal, Adil Allahverdiyev, yazıçı - publisist Kəbutər Haqverdiyeva və başqalarının çıxışları dinlənilib.
Çıxışlarda bildirilib ki, keçmiş Sovet imperiyasının sonuncu rəhbərliyi Azərbaycan xalqına açıq düşmənçilik siyasəti yürütməklə təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq niyyətlərinin gerçəkləşməsinə şərait yaradıb. Lakin düşmənin azğınlaşması Azərbaycan xalqının mübarizə əzmini daha da mətinləşdirib. Qara Yanvar hadisələri keçmiş SSRİ-nin süqutunun sürətlənməsinə önəmli təsir göstərib.
Natiqlər diqqətə çatdırıblar ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək Mixail Qorbaçov başda olmaqla 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etməklə Azərbaycan xalqının etiraz səsini qaldırıb, dünya ictimaiyyətinin nəzərlərini respublikamızda baş verən ictimai-siyasi proseslərə, o cümlədən yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizdə törədilən ağır hərbi cinayətə yönəldə bilib. Diqqətə çatdırılıb ki, 20 Yanvar faciəsinə siyasi - hüquqi qiymət verilməsi, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların ailələrinə dövlət qayğısının göstərilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əminliklə qeyd olunub ki, Azərbaycan xalqı bundan sonra da şəhidlərin adını uca tutacaq, onların ölkəmizin azadlığı uğrunda göstərdikləri qəhrəmanlıq həmişə yüksək qiymətləndiriləcəkdir.
Mərasimdən sonra iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotolardan və Dağlıq Qarabağ mövzusuna dair rəsmlərdən ibarət stendlərlə tanış olublar.