YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ər-Riyadda 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı (SƏK) səfirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Azərbaycanın Ər-Riyaddakı səfirliyindən verilən məlumata görə, mərasimdə yerli ziyalılar, türk diasporlarının nümayəndələri, iş adamları, SƏK-də yaşayan həmvətənlərimiz və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan səfir Rasim Rzayev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət cinayətlər haqqında geniş məlumat verib. 20 Yanvar faciəsinin cinayətkar Sovet imperiyası rəhbərliyinin Azərbaycana qarşı düşmənçilik siyasətinin nəticəsi olduğu və bu faciəli günlərdə qətlə yetirilən və yaralananlar arasında azyaşlı uşaqların, qoca və qadınların olması, əhaliyə qarşı qadağan edilmiş silahlardan atəş açılması faktları iştirakçıların diqqətinə çatdırılıb.
Baş vermiş faciədən sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bu qanlı hadisəni törədən cinayətkarların adlarını açıq şəkildə ilk dəfə bəyan etdiyini xatırladan R.Rzayev ölkəmizin rəhbərliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələri üçün müvafiq təqaüdlərin ayrılmasının, onlara xüsusi diqqət və qayğı göstərilməsinin əhəmiyyətindən danışıb. Səfir əminliklə bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək.
Sonra səfirliyin müşaviri Ramil İmranov və üçüncü katib İmran Sadıqov, SƏK-də yaşayan azərbaycanlı həkimlər - Rüfət Tarıverdiyev, İfrat Bəkirov, Yaşar Vəliyev və başqalarının çıxışları dinlənilib. Faciə ilə bağlı öz təəssüratlarını bölüşən natiqlər qeyd ediblər ki, 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixində faciəli gün olmaqla yanaşı, əsarətə və zülmə qarşı şərəfli mübarizə olaraq tarixə yazılıb.
Səfirliyin birinci katibi Samir Məlikli Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanatını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda tədbir iştirakçıları 20 Yanvar hadisələri ilə bağlı həqiqətləri göstərən fotolardan ibarət guşə ilə tanış olublar.
“İRS” jurnalının xüsusi buraxılışı, o cümlədən 20 Yanvara dair mətbuat açıqlaması və Azərbaycan Ombudsmanının bəyanatı ərəb və ingilis dillərində iştirakçılara paylanılıb.
Səfirlik tərəfdən 20 Yanvara dair hazırlanmış materiallar Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinə, Ər-Riyadda yerləşən diplomatik nümayəndəliklərə və Ciddə şəhərində fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına göndərilib.