YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevda Abdullayeva: Azərbaycanın döyüş meydanında qazandığı uğurlar diplomatik müstəvidə də üstünlüyümüzü şərtləndirdi

“İşğalçı Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən alındı, düşmənə adekvat cavab verildi. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə qoşunların təmas xəttində bütün cəbhəboyu aktiv əks-hücum əməliyyatlarına başladı. Beləliklə, təcavüzkar Ermənistanın təxribatçı silahlı qüvvələrinə ağır zərbə vuruldu, düşmən döyüş meydanına ciddi məğlubiyyətə uğradıldı. Azərbaycan Ordusu 10 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. 190-dan artıq tank, çoxsaylı artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-surastı ələ keçirildi. Bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə yeni ordu qursun. Bu silah-sursat sistemlərinin qurulması üçün Ermənistan tərəfindən milyardlarla vəsait sərf olunmuşdu. Təbii ki, ordumuzun döyüş meydanında qazandığı uğurlar diplomatiya sahəsində də üstünlüyümüzü şərtləndirdi”. Bu fikirləri YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva deyib.

Onun sözlərinə görə, Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını və qəti əzmini bir daha ortaya qoydu. Bu, Prezident İlham Əliyevin qətiyyətli siyasətçi və dövlət başçısı olduğunu bir daha sübuta yetirdi. Növbəti dəfə müşahidə olundu ki, milli maraqlar Prezident İlham Əliyev üçün hər şeydən üstün və dəyərlidir: “Məhz belə qətiyyətli mövqe və siyasətin nəticəsində Azərbaycan hərbi müstəvidə qazandığı uğurlarla status-kvonu dəyişdirdi. Sentyabrın 27-də başlamış hərbi əməliyyatlar Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi və bundan sonra ölkəmiz diplomatik cəbhədə də diktə edən tərəf kimi çıxış edir. Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi”.

“Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş müvəqqəti atəşkəs isə humanitar xarakter daşıyır. Təbii ki, bu, sülhə məcburetmə prosesinin birinci mərhələsidir. Bundan sonra Ermənistan təcavüzkar iddialarından əl çəkməli, işğalçı siyasətinə son qoyaraq qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməlidir. Danışıqlar isə baza prinsiplərinə əsaslanmalıdır. Yəni Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Eyni zamanda, Helsinki Yekun Aktının tələbləri əsas götürülməlidir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin də fəaliyyətinin məhz bu istiqamətdə qurulması zərurətdir”,-deyə S. Abdullayeva söyləyib.

YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri əlavə edib ki, hazırkı mərhələdə diplomatik cəbhədə üstün olan və diktə edən tərəf məhz Azərbaycandır. “Ermənistanın danışıqların formatının dəyişdirilməsi və digər absurd şərtlərinin üzərindən birdəfəlik xətt çəkildi. Danışıqlar bəhs olunan baza prinsipləri əsasında davam etdirilməlidir və şərtləri Azərbaycan müəyyənləşdirir. Ermənistanın qarşısında isə bir yol var: silahlı qüvvələrini işğal etdiyi Azərbaycan torpaqlarından tamamilə, dərhal və qeyd-şərtsiz çıxarmaq. Əgər bu ölkə yenə də təcavüzkar hərəkətlərini davam etdirəcəksə, o zaman hərbi əməliyyatlar yenidən bərpa olunacaq. Bütün hallarda Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edəcək. Düşmən üzərində hərbi və diplomatik üstünlüyümüz buna əminlik yaradır”,-deyə Sevda Abdullayeva vurğulayıb.