YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: ATƏT-in Minsk qrupunun üzvü kimi etimadını itirmiş Fransanı qardaş Türkiyə əvəzləməlidir

“Türkiyə hər zaman olduğu kimi bu çətin günlərdə də Azərbaycana mənəvi dəstək göstərir. Bu mənada Türkiyə Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın, eləcə də qardaş ölkənin rəsmilərinin, siyasi partiya rəhbərlərinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu. Bütün maraqlı qüvvələr bir daha gördülər ki, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Türkiyə hazırda regionda tarazlaşdırıcı qüvvə kimi çıxış etməkdədir: “Türkiyə Azərbaycana strateji tərəfdaş və qardaş ölkə olsa da, hazırda Qarabağın işğaldan azad olunması prosesində iştirakçı qismində çıxış etmir. Bu cür saxta xəbərləri ortaya atan Paşinyan çalışır ki, müharibəyə üçüncü tərəfləri cəlb etsin. Ermənistanın baş naziri ölkəsinin işğalçılıq siyasətinin ifşa olunduğunu da anlayır, lakin maksimum səy göstərir ki, Rusiya, KTMT faktorlarından Azərbaycana qarşı istifadə etsin. Paşinyan Türkiyə amilini həm də erməni ictimai rəyinə sırımağa çalışır. Çünki Azərbaycanın Qarabağda əks-hücuma keçməsinin ədalətli olduğunu  yaxşı başa düşür və anlayır ki, Azərbaycan qısa zamanda torpaqlarını işğaldan azad edəcək, rəsmi Yerevan isə təslim olmağa məcbur olacaq. Ona görə də, indidən məğlub olmuş ölkənin baş naziri hakimiyyətini qoruyub saxlamaq üçün zəmin formalaşdırır ki, guya o, təkbaşına Azərbaycan və Türkiyəyə qarşı vuruşub. Lakin həm erməni xalqı, həm də dünya ictimaiyyəti açıq şəkildə görür ki, Azərbaycan Qarabağı təkbaşına azad edir. Paşinyan isə bu cür siyasi-hərbi manipulyasiyalarla əslində məğlubiyyətdən sonra hakimiyyətdə qalmaq imkanlarını formalaşdırır”.

Sədaqət Vəliyeva əlavə edib ki, ATƏT-in Minsk qrupunun üzvü kimi etimadını itirmiş Fransanı qardaş Türkiyə əvəzləməlidir: “Azərbaycanın mülki əhaliyə qarşı terror həyata keçirən Ermənistana qarşı Qarabağda əks hücuma keçdiyi gündən neytrallığını qoruya bilməyən Fransa açıq şəkildə Yerevanı dəstəkləyir. Rəsmi Paris Dağlıq Qarabağ münaqişəsinin həllində tənzimləyici rolunu almış ATƏT-in Minsk qrupunun üzvü kimi deyil, Ermənistanın “bacısı” kimi çıxış etdi, guya Türkiyə Azərbaycan tərəfdən Qarabağda savaşmaq üçün Suriyadan muzdlular gətirir kimi cəfəng bəyanatlarla da çıxış etdi. Lakin artıq sübut olundu ki, Ermənistan muzdlu terrorçulardan istifadə edir. Bu barədə videolar, fotolar, beynəlxalq media qurumlarında informasiyalar dərc olunub. Bununla da Türkiyəyə iftira atan Fransa da Ermənistan kimi biabır oldu, etimadını itirdi. Düşünürəm ki, qısa zamanda Azərbaycan Ordusu tarixi ədaləti bərpa edəcək və işğal olunmuş torpaqlarımızın azad olunmasından sonra sülh prosesi başlayanda əgər yenidən ATƏT-in Minsk qrupu nizamlayıcı qismində çıxış edərsə, o zaman Fransa qardaş Türkiyə ilə əvəzlənməlidir. Çünki bu gün Azərbaycan ictimaiyyətinin nəzərində Fransanın etmad krediti tamam tükənib”.

DİGƏR Xəbərlər Arxiv