YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Ermənistanın İsrailə qarşı atdığı addımların kökündə siyasi motivlər deyil, tarixi gerçəklik amili dayanır

“Ermənistanın öz səfirini İsraildən geri çağırması və bunu guya bu ölkə tərəfindən Azərbaycana silah satışı ilə əlaqələndirməsi antisemitizm siyasətini pərdələmək cəhdindən başqa bir şey deyil”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Ermənistanda antisemitizm və İsrailə qarşı nifrətin dərin kökləri var: “Ermənilər birinci Dünya Müharibəsi dövründə guya özlərinə qarşı olan “qeyri-insani” münasibətin beynəlxalq səviyyədə tanıdılması məsələsində ikinci Dünya Müharibəsi dövründə yəhudi xalqının soyqırıma məruz qalmasını əsas maneə kimi görürlər. Bu səbəbdən də bu gün Ermənistanda antisemitizmdən siyasi rəqibləri ləkələmək və onları nüfuzdan salmaq üçün istifadə olunur. Hətta, "WikiLeaks" ABŞ-ın Dövlət Departamentinin 2008-ci ilə aid "Ermənistan mətbuatı müxalifəti pisləmək üçün antisemitizmdən istifadə etməyə davam edir" başlığı altında bir məlumat ifşa etmişdi. Eyni zamanda, həyat yoldaşının yəhudi olduğu iddia edilən Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da antisemit tənqidlərdən qaça bilməmişdi. 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra Ermənistana xoşməramlı səfərlər edən Amerika-Yəhudi təşkilatları da Ermənistan mediasında antisemit tənqidlərə məruz qalmışdılar”.

“Ermənilər erməni-yəhudi qarşıdurmasının tarixi kökləri olduğunu bildirir və bunu semitlərlə arilərin qarşıdurması kimi qələmə verirlər” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, ötən əsrin əvvələrində Azərbaycan ərazisində tüğyan edən erməni quldur dəstələrinin əsas hədəflərindən biri də yəhudilər olmuşdu. Məhz, Azərbaycan Respublikasının Fövqəladə İstintaq Komissiyasının protokollarında yəhudilərin ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilməsinə dair faktlar əksini tapmışdı. Məsələn, Quba rayonunda aşkar edilmiş kütləvi məzarlıq bunun əyani sübutlarından biri idi.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, ASALA kimi terror təşkilatlarının hədəfi türklərlə yanaşı, həm də yəhudilər olmuşdu: “1980-ci ildə ASALA-nın başçısı olan Akop Akopyan 1972-ci ildə Münxendə Olimpiya oyunlarında iştirak edən İsrail milli komandası üzvlərinin qətlə yetirilməsində fəal iştirak etmişdi. Məhz, bütün deyilənləri nəzərə alaraq demək olar ki, bu gün rəsmi Yerevanın İsrailə qarşı atdığı addımların kökündə hazırkı dövrdə siyasi motivlər deyil, tarixi gerçəklik amili dayanır”.