YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabiq prezidentlər regionda təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə ediblər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Serbiyanın sabiq Prezidenti Boris Tadiç Mərkəzin regionda təhlükəsizlik və beynəlxalq əməkdaşlığın təmin edilməsi layihəsi çərçivəsində Ukrayna və Türkiyədə səfərdə olub.
Ukraynaya səfəri çərçivəsində Boris Tadiç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko ilə görüşərək regionda təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparıb. Boris Tadiç, həmçinin bu ölkənin xarici işlər naziri Pavlo Klimkin, Kiyevin meri Vitali Kliçko ilə də görüşlər keçirib, Ukrayna Diplomatiya Akademiyasında mühazirə oxuyub.
Türkiyə səfəri zamanı isə Boris Tadiç bu ölkənin 11-ci Prezidenti Abdullah Güllə görüşüb. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, o cümlədən bu ilin aprelində Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə olunub.
Qeyd edək ki, Nizami Gəncəvi irsinin araşdırılması, eləcə də dünyada təbliği məqsədilə 2012-ci ildə yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti dünyanın nüfuzlu ictimai-siyasi xadimlərindən ibarətdir. Qurum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində forum və toplantılar təşkil edib.