YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür

“Dünyanı, xüsusilə ən güclü və çoxəsrlik dövlətçilik ənənəsi olan dövlətlərini COVİD 19 virusu ilə mübarizə apardığı, iqtisadi böhranın bürüdüyü bir vaxtda, hətta dövlətlərin ən vacib sosial xərcləri ödəmək qabiliyyətini itirdiyi halda, respublikamız cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən quruculuq işləri, əldə olunan sosial-iqtisadi inkişaf nəticəsində irimiqyaslı, böyük maliyyə tutumlu layihələri həyata keçirir. Bu gün tam əminliklə deyə bilərik ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədəki təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Dövlət bütün hallarda vətəndaşlarının qayğısını çəkmək seçimini edib. Ölkə başçısı çıxışlarından birində demişdir: “Azərbaycanın güclü sosial siyasəti güclü iqtisadi bazaya əsaslanır. Biz iqtisadi sahədə əldə edilmiş nailiyyətləri insan kapitalına çeviririk”. Cənab Prezidentin bu fikirləri hesab edirəm ki, bizim hər birimiz üçün əsas məqsədi müəyyən edir. Əsas məqsəd Azərbaycan vətəndaşının layiqli həyat səviyyəsini, yüksək təhsil və sağlamlığını təmin etməkdir”. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov bildirib ki, bu günlərdə ölkə başçısının yeni tədris ili ərəfəsində təhsil və tədris mərkəzlərinin açılışındakı iştirakını izlədikdə görürük ki, dövlətimiz tərəfindən balalarımızın rahat şəraitdə təhsil almalaları üçün ən müasir səviyyədə təhsil infrastrukturları yaradılır. Sevindirici hal isə odur ki, təhsil islahatları təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Bu isə o deməkdir ki, bu sahədə həyata keçirilən hər bir islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanır. Belə ki, Sumqayıt Kimya Sənaye Parkı kimi ölkəmizin iqtisadiyyatında yeni inkişaf tendensiyası yaradan böyük sənaye komleksinin nəzdində Peşə Təhsil Mərkəzinin yaradlması müasir peşə təhsilinə praktik baxımından böyük töhvədir. Bu Təhsil Mərkəzində tələbələr müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri yiyələnəcəklər. Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var. Hazırda Peşə Təhsil Mərkəzinə 2020/2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir. Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək. Həmçinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıb. Beləliklə, tələbələr həmdə Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı da qazanacaqlar.

Bununla yanaşı akademikin sözlərinə görə,  Prezidentimiz cənab İlham Əliyevin sərəncamları ilə tələbələrin təqaüdlərinin artırılması və yüksək bal toplamış tələbələrin dövlət sifarişi ilə təhsil almalarının təmin edilməsi də bu istiqamətin daha da inkişaf etdirilməsinə töhvə verəcəkdir. Elə bu ilin əvvəlində “Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının təhsil müəssisələrində normative təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

“Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi tətbiq edilmişdir. Ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması, dövlət uşaq bağçaları şəbəkəsinin genişləndirilməsi, şərait və təchizatın yaxşılaşdırılması və digər təhsil layihələrinin dövlət siyasətinin siyasətinin prioritet məqsədlərindəndir. Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan, o cümlədən valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaqlara dövlətimiz tərəfindən xüsusi diqqət göstərilir, onların problemlərinə həssaslıqla yanaşılır. İnternat müəssisələrindən ayrıldıqdan sonra yaşayış yeri olmayan belə gənclərin yaşayış sahəsi ilə təmin edilməsi üçün tikilən “Məzun Evləri”, onların məşğulluq problemlərinin həlli, sosial xidmətlərin təşkili istiqamətində qəbul edilən sənədlər, habelə Heydər Əliyev Fondu tərəfindən sosial xidmət müəssisələrinin inkişafı istiqamətində görülən işlər deyilənlərə bariz nümunədir.  Ümumiyyətlə, insan kapitalının formalaşması məhz elə sağlamlığın qorunması, elm və təhsil sahəsində aparılan islahatlar və qoyulan investisiyalardan çox asılıdır”-deyə, komitə sədri vurğulayıb.