YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlil Xəlilov: Azərbaycanın hər zaman faşist ideyalarına, irqi və etnik ayrı-seçkiliyə qarşı olduğunu nümayiş etdirir

“Bu günlərdə Prezident İlham Əliyev Rusiyanın Rostov vilayətində “Sambek yüksəklikləri” - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı ilə bağlı “Rossiya-24” və “Rossiya-1” telekanallarının reportajlarında 416-cı Taqanroq diviziyası, bu diviziyanın faşist Almaniyasına qarşı mübarizədəki xidmətləri ilə bağlı maraqlı fikirlər səsləndirib. Dövlətimizin başçısı deyib ki, Rostov vilayətini azad etmiş 416-cı Taqanroq atıcı diviziyasının döyüşçülərinin 90 faizindən çoxu əslən Azərbaycandan idi. 416-cı Taqanroq diviziyası təkcə Rostovu deyil, bütün Rostov vilayətini, o cümlədən Taqanroq şəhərini azad edib, bundan sonra diviziyaya Taqanroq adı verilib. Dövlətimizin başçısı ölkəmizin həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə çıxış etdiyini, Azərbaycanda veteranların diqqət və qayğı ilə əhatə olunduğunu da vurğulayıb”. Bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov deyib.

C.Xəlilov bildirib ki, həmin müharibə vaxtı xalqımızın həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar göstərdiyi hər kəsə məlumdur. Dövlətimizin başçısının da bildirdiyi kimi, İkinci Dünya müharibəsi zamanı azərbaycanlılardan ibarət diviziyalar, eləcə də 416-cı Taqanroq diviziyası böyük qəhrəmanlıqlar göstərib, faşizm üzərində ümumi Qələbəyə böyük töhfə verib. Şimali Qafqazdan Berlinədək döyüş yolu keçən Taqanroq diviziyası Böyük Vətən müharibəsində özünəməxsus rol oynayan milli diviziyalarımızdandır. Bu diviziyanın şəxsi heyətinin əksəriyyəti azərbaycanlılardan ibarət olub. 416-cı diviziya yalnız Şimali Qafqazın deyil, digər ərazilərin azad olunmasında yaxından iştirak edib. Bu döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə bir neçə azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Onun sözlərinə görə, 416-cı Taqanroq diviziyası Berlinə ilk daxil olan diviziyalardan biri olub. Belə ki, 1945-ci il mayın 1-də Berlinə daxil olan həmin diviziya faşizmin öz yuvasında məğlub edilməsində iştirak edib. Bu diviziyaya görkəmli general Tərlan Əliyarbəyov rəhbərlik edib.

“İkinci Dünya müharibəsinin tarixi tədqiqi Azərbaycanın hər zaman faşist ideyalarına, irqi və etnik ayrı-seçkiliyə qarşı olduğunu göstərir. Lakin təəssüflər olsun ki, Azərbaycanın mənfur qonşusu olan Ermənistanda biz zaman-zaman faşist ideyalarının geniş yayıldığını, faşistlər, habelə onlara xidmət edən şəxslərin qəhrəmanlaşdırılmasını müşahidə edirik. Son dövrlər faşist Njdenin qəhrəmanlaşdırılması, onun heykəlinin ucaldılması və sair kimi hallar Ermənistanda faşizmin hələ də yaşadığını göstərir. Dünya bilməlidir ki, Azərbaycan faşizmin bütün forma və təzahürlərinə qarşıdır və bundan sonra da ona qarşı mübarizəsini eyni qətiyyətlə davam etdirəcək. Hazırda qarşımızda duran ən başlıca məsələ erməni faşizmini ifşa etmək, onun qorxunc mahiyyətini dünyaya göstərmək, işğal altındakı ərazilərimizi azad etməkdir”, - deyə C.Xəlilov vurğulayıb.