YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədri olması artıq tarixi zərurətdir

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası

Suraxanı rayon təşkilatının sədri 

Ədalət prinsipi və tarixi sübutlar bir gün mütləq öz yerini tapır və hər kəs tərəfindən qəbul olunur. Artıq otuz ilə yaxın bir zamandır Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi, başqa sözlə desək ermənilərin Azərbaycana və azərbaycanlılara mənfur hücumları davam edir. Uzun illərdir ki, dünya ictimaiyyəti bu münaqişəyə müxtəlif siyasi və diplomatik prizmalardan yanaşsa da heç vaxt ədalətli və beynəlxalq hüquq normaları çərçivəsindən baxmamışdır. Bu gün isə artıq bütün dünya əsl həqiqətin nədən ibarət olduğunu bilir və ədalətli həll prossesinə doğru addım-addım irəliləyir.

Əlbəttə ki, dünya ictimaiyyəti bir anda məsələyə adil yanaşmaq arzusuna düşməmişdir. Bu Azərbyacan Respubliukasının, onun Prezidentinin, ordusunun və xalqının inkişafı, dəmir iradəsinin əsasında reallaşmaqdadır. Məhz bu amillərdir ki, Paşinyan artıq qeyri-ciddi siyasətçi kimi tanınır, müxtəlif debatlarda cənab Prezidentin  qarşısında rəzil olur, adi televiziya proqramlarında ələ salınır. Bu, Azərbaycanın apardığı doğru, səlis təbliğat və həqiqətlətin dünyaya çatdırılması siyasətinin bəhrəsidir. Bu gün dünya Xocalıya ədalət deyir, bu gün dünya işğal atında olan torpaqların azad olunmasını Ermənistan qarşısında daha ciddi tələb kimi səsləndirir.

Biz döyüş meydanlarının alternativsiz qalibi və diplomatik masaların hörmətli tərəf müqabiliyik. Azərbaycan dünyaya töhfələr verən, dünyanın əskər dövlətlərinin sözünə etimad göstərdiyi və əməkdaşlıq etmək istədiyi dövlətlərdəndir. Azərbaycanı gücləndirən, Ermənistanı isə dalana və çıxılmaz vəziyyətə salan məhz  bu amillərdir.

Ermənistan hansı uğuru ilə dünyaya töhfə verir ki, onu dünya müdafiə etsin?! Ermənistan Avropanın enerji partnyoru deyil. Ermənistan dünyada sülhün qorunmasına töhfələr vermir. Əksinə, işğalçılıq siyasəti yeridir. Ermənistan dünya mədəni abidələrinin qorunması üçün heç bir tədbir görmür. Qarabağda azərbaycanlılara məxsus bütün tarixi mədəniyyət abidələri dağılmışdır. Ermənistan koronavirusla mübarizə aparmaq əvəzinə onun yayılmasına keçirtdiyi kütləvi tədbirlərlə rəvac verir. Dünya iqtisadiyyatına bölgədə yaratdığı mənasız və əsassız münaqişə oçağı ilə balta vurur. İndi düşünək, dünya Ermənistanı niyə müdafiə etməlidir?! Bir zamanlar ermənilərdən regionda hadisələrə nəzarət etmək üçün istifadə edənlər özləri belə başa düşməlidirlər ki, Azərbaycan onlar üçün daha faydalı tərəfdaşdır.

Tovuz əməliyyatları bir çox məqamlara aydınlıq gətirdi. Biz dostlarımızı da gördük, qardaşımızı da, özünü dost kimi göstərib "quyruq bulayanları" da. Biz eyni zamanda tarixdə bəzi amillərin heç vaxt dəyişmədiyini də müşahidə etdik. “Kitab-i Dədə Qorqudda” deyildiyi kimi "qarı düşmən dost olmaz".  Dost kimi görünsə də.

Azərbaycan döyüş meydanında ciddi hərbi qələbələr qazanır. Lakin uzun illərdir heç bir nəticə verməyən, ciddi addımlarla yadda qalmayan və həmsədrlərin təqdirəlayiq təkliflərlə çıxış etmədiyi bir sülh prossesi var. Azərbaycan Respublikası dünya və ölkəmizdə sülhün bərqərar olması üçün münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Lakin heç bir hüququmuzdan da imtiyaz verməyəcəyimizi cənab Ali Baş Komandan dəfələrlə bəyan etmişdir.

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlər münaqişənin tərəfləri arasında balansı qoruyub saxlaya bilmirlər. Güman edirəm bir çoxunuza artıq məlumdur ki, ABŞ vaxtı ilə Ulu Öndər Heydər Əliyevin təkidli tələbi əsasında Minsk qrupunun həmsədrləri sırasına daxil edilmişdi. Rusiya və Fransanın Ermənilərə açıq simpatiyasını və bu ölkələrdə fəaliyyət göstərən erməni lobbilərini nəzərə alsaq ABŞ müəyyən mənada balansı qorumalı idi.  Lakin bu yaxınlarda Los - Anceles ştatında həmyerlilərimizə qarşı atılan addımlar və illərdir ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi danışıqların gedişində yenilik edilməsinin vacibliyini açıq nümayiş etdirir.

Hesab edirəm ki, danışıqların tərəfləri yenə də Azərbaycan və Ermənistan Respublikaları olmalıdır. Lakin Minsk qrupunun rəhbərliyinə əlavə və dəyişikliklər edilə bilər. Məsələn, sülh prossesinin faydalı və ədalətli davam etməsi, münaqişə tərəfləri arasında balansı qorumaq üçün Minsk Qrupu həmsədrlərinin formatında xırda bir diplomatik dəyişiklik etməklə Türkiyə Cümhuriyyəti danışıqlar prossesinə qatıla bilər. Nümunələr öyrənilə və bu prossesə tədbiq oluna bilər. Türkiyənin ATƏT-in Minsk  Qrupunun həmsədri olması artıq tarixi zərurətdir.

Heç kimə sirr deyil ki, Türkiyə Cümhuriyyəti böyük dövlətçilik tarixinə, ənənəsinə, güclü orduya və hərbi sənayeyə sahibdir. Bu gün Türkiyə dünyanın bir çox yerində, özlərini “super güc” adlandıran dövlətlərin etmədiklərini edir. Türkiyə dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq dünyanın hər yerində məzlumların adi həyatda qalma və yaşamaq hüquqlarını müdafiə edir.

Türkiyənin həm regionda, həm də dünyada kifayət qədər güclü mövqeyi var. Türkiyə özünü dünyaya sülhü bərqərar edən dövlət kimi təqdim edə və qəbul etdirə bilmişdir. Suriyada, İraqda, Əfqanıstanda, Şimali Kiprdə sülhməramlı missiyanın tərkibində və eyni zamanda diplomatik sferada Türkiyənin rolu danılmazdır. Bu gün İraqda sürətli inkişaf, Suriyada əminamanlıq, Əfqanıstanda demokratik dəyərlər, Kiprdə əməkdaşlıq mühiti oranı viranə edən ölkələrin sayəsində deyil, məhz Türkiyənin sayəsində mümkün olmuşdur. Biz niyə Türkiyənin sülhməramlı amalından və gücündən Qarabağ münaqişəsinin həllində və daha sonra regionda sülhün bərqərar olunmasında istifadə etməyək?! Əlbəttə etmişik, bundan sonra daha da intensiv edəcəyik!

Azərbaycan və Türkiyə arasında olan münasibətlər məcmusu çox unikaldır. Bir millət, iki dövlət anlayışı yalnız ideoloji fikir deyil. Tarixi kökləri, dili, dini və milli mənsubiyyəti bir olan bizlər həyata keçirtdiyimiz siyasətlə, münasibətlərimizin əməkdaşlıq formatından qardaşlıq amalına çevrilməsinə xidmət etmişik. Cənab Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın bir-birilərinə diplomatik müraciət formaları əvəzinə “əziz qardaşım” deyə müraciət etməsi münasibətlərimizin yüksək keyfiyyətindən xəbər verir.

Müstəqilliyimizin ilk vaxtlarından süverenliyimizi birinci tanıyan ölkə olan Türkiyə ilə hər sahədə əməkdaşlığmız var və davam edir. Azərbaycan - Türkiyə hərbi əməkdaşlığı ikitərəfli münasibətlərimizin pik həddini təşkil edir. Belə ki, Azərbaycan ilə Türkiyə il ərzində on dəfədən çox hərbi təlimlərdə nəzəri bilikləri təcrübə yoxlanışından keçirirlər.

Tovuzda baş verən hadisələrin fonunda Azərbaycan dünyaya nümayiş edirdi ki, onunla başqa dildə danışmaq olmaz! Bu qəti yol verilməzdir! Hətta qarşımızdakı ölkələrin ərazi, əhali, hərbi, iqtisadi və siyasi miqyasları nə olursa olsun, onlar bizim haqlı olduğumuz məqamlarda bizə qarşı haqsızlıq edə bilməzlər! Belə ki, bu gün siyasi sferada böyük - kiçik dövlət anlayışları artıq mövcud deyil. Yeni dünyanın konfiqurasiyasında artıq sözü eşidilən və eşidilməyən dövlət anlayışları vardır. Nə xöşbəxt xalq və dövlətik ki, dövlət başçımız cənab İlham Əliyevin siyasi zəkası sayəsində bu gün bizim sözümüz dünyanın ortaq qərarıdır.

Tovuzda baş verən əməliyyatlar bir çox məqamlara aydınlıq gətirdi, bir çox məqamları da yadımıza saldı. Lakin biz isə hər kəsin yadına başqa və ən vacib bir həqiqəti sala bildik. Biz otuz il əvvəlki  hakimiyyətində hərci-mərcilik höküm sürən Azəbaycan deyilik artıq. Biz yeri gələndə azad olunan səngərlərdə tapılan Serbiya sursatlarının da hesabını sorarıq, hətta Qazaxıstan, Türkənistan və İran üzərindən düşmən ölkəyə ötürülən 400 ton ağırlığında silah-sursatın da.

Bizim qüdrətimiz çatır ki, milli maraqlarımızı hər bir məqamda müdafiə edək. Cənab Prezidentin özünün də dediyi kimi, o, hər bir məqamı xalqımızla müzakirə edir və xalqımızla açıq şəkildə bizə qarşı atılan addımları paylaşır. Biz isə öz növbəmizdə cənab Prezidentin ətrafında sıx birləşərək Qarabağı azad edə bilərik və tezliklə edəcəyik!