YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevil Mikayılova: Milli mətbuatımız bu gün inkişaf edir, nüfuzu artır və milli maraqlarımızın keşiyindədir

 “Hər bir xalqın, dövlətin tarix salnaməsində mətbuat böyük, təsirli qüvvədir. Əbəs yerə deyil ki, mətbuat “dördüncü hakimiyyət” olaraq xarakterizə edilir. Azərbaycan xalqının tarixində, milli təfəkkürünün inkişafında önəmli, əlamətdar tarixlərdən biri də 1875-ci il 22 iyuldur. Məhz bu tarixdə milli mətbuat salnaməmizin bünövrəsi qoyulub. Tarixi "Əkinçi" qəzeti ilə başlayan, artıq əsrdən çox yaşı olan milli mətbuatımız çox şanlı, qürur duyacaq inkişaf yolu keçərək xalqımızın taleyində daim həssas, aparıcı, əvəzolunmaz rol oynamış, milli təfəkkürümüzün, dövlətçiliyimizin, ana dilimizin, nəhayət əbədi müstəqilliyimizin qorunmasında, dünya dövlətləri sırasında sarsılmaz mövqe qazanmamızda müstəsna iştirak etmişdir”. Bu fikirləri Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Azərbaycan cəmiyyətində də mətbuat ilk yarandığı gündən bu günə kimi bu funksiyanı layiqincə, vicdanlı, ədalətli və əsl Vətən təəssübkeşliyi prizmasından yerinə yetirib. Dövlətimiz tərəfindən mətbuat daim diqqət və qayğı ilə əhatələnmişdir və bu gün ölkəmiz dünya miqyasında rəqabət gücünə sahib istər yazılı, istər onlayn mətbuata, hesablaşılacaq informasiya bazasına malikdir. Millət vəkili qeyd edib ki, müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verir, onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir: “Mətbuata daim böyük diqqət və qayğı göstərən Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci ilin avqust ayının 6-da imzalanan Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Bununla, Azərbaycan müstəqil mətbuatının inkişafında yeni səhifə açıldı. Milli mətbuatımız bu gün dinamik inkişaf edir, nüfuzu artır və milli maraqlarımızın keşiyindədir. Prezident İlham Əliyevin birbaşa diqqəti və qayğısı sayəsində ölkəmizdə mətbuatın inkişafı üçün bərabər şərait yaradılıb. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına Dövlət Dəstəyi Konsepsiyası kimi mühüm bir sənəd təsdiq olundu. Bundan sonra Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı. Hazırda ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir, 5000-ə yaxın mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib”.

S.Mikayılova söyləyib ki, bu gün də vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın dünya birliyinə inteqrasiyası, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi və mühüm əhəmiyyət kəsb edən digər mövzular mətbuatda geniş işıqlandırılır, təhlil edilir. Onun sözlərinə görə, daim xalqın, dövlətin yanında olan mətbuatımız dünyanın üzləşdiyi COVID-19 pandemiyası sınağının bu ağır günlərində də vəzifəsinə sədaqət borcunu, ənənəvi vacib missiyasını şərəflə, layiqincə yerinə yetirir: “Pandemiya elan edilən ilk gündən sağlamlığımızın keşiyində duran, epidemiya ilə mübarizə aparan həkimlər, təhlükəsizlik və əmin-amanlığımızın təmin olunmasında xidmət göstərən polislərimiz kimi mətbuat işçiləri də cəmiyyətdə informasiya qıtlığının yaranmaması, yanlış şayələr üçün söz meydanının boş qalmaması üçün daim iş başında olublar. Bu gün onlar da hər birimizin sağlamlığı üçün, epidemiyaya qarşı mübarizə üçün lazım olan maarifləndirici xarakterli informasiyaların çatdırılması, doğru və operativ xəbərlərin hazırlanması ilə pandemiyaya qarşı mübarizədə şərəflə iştirak edirlər. Bir sözlə, öz qələmləri ilə yenə də dövlətin və xalqın xidmətindədirlər. Hazırki pandemiya dövründə bütün dünyada mətbuat işçilərinin də həkimlər və polislər qədər yoluxmada risk qrupuna aid olduqlarını nəzərə alsaq, onların nə qədər dəyərli bir missiya yerinə yetirdikləri bir daha əyani ifadə olunar. Həm bir vətəndaş, həm bir peşəkar məslək sahibi kimi onların da üzərinə ağır məsuliyyət və böyük vəzifə düşür ki, bunun öhdəsindən layiqincə gəlirlər. Bu gün 145 illik yubileyi ərəfəsində bütün mətbuat işçilərini və xalqımızı təbrik edirəm. Mətbuatımıza parlaq tarix, şanlı qələbə xəbərləri arzu edirəm”.