YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Azərbaycan Prezidentinin təşəbbüsü koronavirusla qlobal səviyyədə səmərəli mübarizəyə imkan yaradacaq

“Koronavirus pandemiyası başlayandan sonra dünya ölkələri birlikdə əməkdaşlıq edərək ortaq çıxış yolu və səmərəli həll yolu tapmaq əvəzinə, daha çox milli səviyyədə ona qarşı mübarizə aparmağa davam etdilər. Sözsüz ki, bu da qlobal səviyyədə təhlükəyə çevrilmiş virus qarşısında dünya miqyaslı mübarizədə boşluq yaradır. Hazırda koronavirusla mübarizədə dünya liderləri birləşərək vahid qərarlar əsasında planlar tərtib etməli və əsaslı addımlar atmalıdırlar”. Bu fikirləri  Milli Məclisin deputatı Malik Həsənov deyib.

M.Həsənov bildirib ki, belə bir zamanda məhz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ilk təşəbbüslər irəli sürüldü. Pandemiya dövründə vətəndaşların sağlamlığının təmin edilməsi üçün əsaslı işlər görən Prezident İlham Əliyev koronavirusla mübarizənin təkcə milli səviyyədə yox, həm də qlobal səviyyədə sıx əməkdaşlıq çərçivəsində səmərəli olması fikrini dəstəkləyir.

Millət vəkilinin sözlərinə görə, ilk növbədə, aprel ayında Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının onlayn Zirvə görüşünü qeyd etmək lazımdır. Bu, dünya miqyasında ilk onlayn formatlı Zirvə görüşü olmaqla yanaşı, həm də COVID-19 pandemiyasına həsr edilmiş ilk dövlətlərarası konfrans idi. Bu məqam çox vacibdir, çünki şuranın hazırkı sədri Azərbaycandır və bu təşəbbüs ölkəmiz tərəfindən irəli sürülüb. Bu da Azərbaycanın beynəlxalq səviyyədə problemlə mübarizədə yenilikçi yanaşmalara üstünlük verdiyini göstərir. Həmçinin məlum olduğu kimi, Azərbaycan 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına da sədrlik edir. Elə məhz Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün keçirilməsi, bu görüşdə BMT-nin Baş katibinin, BMT Baş Assambleyasının prezidentinin, ÜST-nin Baş direktorunun, Avropa İttifaqı və Afrika İttifaqının yüksək səviyyəli nümayəndələrinin iştirakı ölkəmizin nüfuzunun göstəricisidir. Bundan əlavə, Azərbaycanın pandemiya dövründə istər daxili, istərsə də xarici siyasətdə çevik davranışı və atdığı qətiyyətli addımlar, digər dövlətlərə göstərdiyi humanitar yardımlar beynəlxalq qurumlar tərəfindən daim yüksək qiymətləndirilib.

Deputat qeyd edib ki, ölkə rəhbərliyi dünyanı əhatə edən koronavirusla mübarizədə həm yerli, həm də beynəlxalq səviyyədə qətiyyətli təşəbbüslər irəli sürərək gerçəkləşdirir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tarixdə ilk dəfə onlayn formada Zirvə görüşünün keçirilməsi, Qoşulmama Hərəkatının Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşkil edilməsi təşəbbüsünün irəli sürülməsi və bu təşəbbüsün 130 ölkə tərəfindən dəstəklənməsi birmənalı olaraq Azərbaycanın və dövlətimizin başçısının beynəlxalq miqyasda nüfuzunu göstərir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından Baş Assambleyanın dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb və bu BMT üzvləri tərəfindən yüksək dəyərləndirilib. Qaydalara əsasən 97 ölkənin səsinin kifayət etməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüsə 130 ölkədən müsbət münasibət göstərilib. Bu rəqəm heç də kiçik rəqəm deyil. Təşəbbüsü 130 ölkənin dəstəkləməsi etimad və inamın bariz göstəricisidir.

“Bu rəqəm göstərir ki, Qoşulmama Hərəkatının sədri statusunda olan Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüsü dünyanın koronavirusla mübarizə apardığı dövrdə çox vacib və vaxtında atılan addımdır. Bu çağırışa dəstəyin olması və BMT-nin baş Assambleyası tərəfindən xüsusi sessiyanın təşkil edilməsi COVID-19 pandemiyası dövründə virusla mübarizədə beynəlxalq səviyyədə yekdil mübarizə metodlarının təşkili və tətbiqinə böyük təkan verəcək. Əminəm ki, bu xüsusi sessiyanın təşkili ilə dünya ölkələrinin koronavirusla mübarizəsində müxtəlif təcrübələrin mübadiləsi aparılaraq qısa müddət ərzində virusun qarşısının alınmasına nail olunacaq. Azərbaycan Prezidentinin təşəbbüsü koronavirusla qlobal səviyyədə səmərəli mübarizəyə imkan yaradacaq”, - deyə M.Həsənov söyləyib.

DİGƏR Xəbərlər Arxiv