YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Şərq Tərəfdaşlığı sammitində Nikol Paşinyan yenə də aciz duruma düşdü

“Azərbaycan Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini ifşa etmək, Dağlıq Qarabağ problemi ilə bağlı əsl həqiqətləri dünya birliyinin nəzərinə çatdırmaq və münaqişənin tezliklə ədalətli həllinə nail olmaq üçün bütün beynəlxalq platformalardan maksimum dərəcədə istifadə edir. Bu baxımdan, iyunun 18-də keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti də istisna olmayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdəki çıxışında Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini, həmin ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdiyini vurğulayıb və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin hələ də Ermənistan tərəfindən icra edilmədiyini bildirib”. Bu fikirləri Milli Məclisin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial mövqedən çıxış edərək Ermənistanın işğalı nəticəsində pozulmuş ərazi bütövlüyünün təmin olunmasına çalışır. Onun sözlərinə görə, dövlətimizin prinsipial mövqeyində ilk növbədə tarixi faktlara və beynəlxalq hüquqa əsaslanır. İşğalçı Ermənistanın Dağlıq Qarabağa iddia etməsinin heç bir tarixi əsası yoxdur. Əksinə, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyən çoxsaylı tarixi faktlara və sənədlərə istinad etmək mümkündür.
“Bütövlükdə, beynəlxalq hüquq da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda ölkəmizin mövqeyini gücləndirən fundamental amillərdən biri qismində çıxış edir. Siyasi və hüquqi baxımdan respublikamızın ədalətə əsaslanan mövqeyi mükəmməldir, Ermənistanın isə özündə separatizmi ehtiva edən mövqeyi qüsurludur. Müasir dünyada separatizm, bir dövlətin başqa bir ölkənin ərazisini zor gücünə ilhaq etməsi kəskin şəkildə pislənilir. Dünya birliyinin birmənalı mövqeyi belədir ki, bu kimi faktlar təhlükəli presedent yarada bilər. Təsadüfi deyil ki, separatçı və qondarma “DQR” heç bir xarici dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Əksinə, indiyədək ayrı-ayrı dövlətlər, eləcə də bütün dünyada böyük nüfuza malik olan təşkilatlar məhz beynəlxalq hüquqa əsaslanaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən sənədlər qəbul ediblər. İşğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan tarixi faktlara və beynəlxalq hüquqa məhəl qoymur. Forpost dövlət olan Ermənistan bütün vasitələrdən istifadə etməklə substantiv danışıqlardan yayınmağa və beləliklə də, işğal məhsulu olan status-kvonu qoruyub saxlamağa çalışır. Şərq Tərəfdaşlığı Sammitində çıxışında işğalçı dövlətin qeyri-konstruktiv mövqeyinə diqqət çəkən Prezident İlham Əliyev Ermənistanın təcavüzkarlığını faktlarla səsləndirib”-deyən YAP İdarə Heyətinin üzvü qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal edilmiş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş müvafiq sənədlərə əməl etmək əvəzinə, işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir.

E.İbrahimov söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanı Valday Klubunun toplantısında, Aşqabadda MDB dövlət başçılarının Sammitində, Münxen Təhlükəsizlik Konfransında necə çıxılmaz duruma saldığı hər kəsin yadındadır: “Eyni hal bu dəfə Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində də yaşanıb. Belə ki, Ermənistanın baş nazir N.Paşinyan Azərbaycan Prezidentinin çıxışına isterik tərzdə reaksiya verib. N.Paşinyan həm gülüş doğuran tərzdə ingilis dilində, həm də erməni dilində danışmağa başlayıb. Xüsusilə, N.Paşinyanın erməni dilində danışığı videokonfrans iştirakçılarında çaşqınlıq yaradıb və istehza ilə qarşılanıb. Bir müddət sonra tərcüməçi onun dadına çatıb. Sammitdə Prezident İlham Əliyevin çıxışına cavab verməyə çalışan N.Paşinyan Aşqabatda MDB dövlət başçılarının Zirvə görüşündə, Münxen Təhlükəsizlik Konfransında və Valday Klubunun toplantısında olduğu kimi, gülünc vəziyyətə düşüb. O, Avropa İnsan Haqları Məhkəməsinin R.Səfərovla bağlı işinə toxunaraq qərarın mahiyyətini saxtalaşdırıb və utanmadan iştirakçıları aldatmağa cəhd göstərib. Açıq-aşkar yalan danışmaqla N.Paşinyan özünü ifşa edib. Belə ki, onun dediklərinin əksinə olaraq, sözügedən məhkəmə Azərbaycan dövlətini baş vermiş hadisədə müqəssir bilməyib. Azərbaycan Paşinyanın iddia etdiyi kimi, guya irqçilikdə günahlandırılmayıb və dövlət məsuliyyəti müəyyənləşdirilməyib. Prezident İlham Əliyev bir daha söz alaraq faktlara əsaslanmaqla səlis və mükəmməl ingilis dilində N.Paşinyanın yalanlarını ifşa edib. Bütövlükdə, N.Paşinyanın videokonfransda həm Azərbaycan Prezidenti, həm də bütün iştirakçılar qarşısında aciz və gülməli duruma düşməsi bir daha küçə adamının böyük siyasətdə yeri olmadığını nümayiş etdirdi. N.Paşinyan bir daha göstərdi ki, mitinqlərdə populist çıxışlar etməklə yüksək səviyyəli konfranslarda özünü aparmaq, söz alıb danışmaq, ümumiyyətlə, dövlət idarəçiliyi tamamilə ayrı-ayrı məsələlərdir”.