YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Biz kənd təsərrüfatının rəqabətqabiliyyətliliyini artırmalıyıq

“Ciddi şəkildə diqqəti cəmlədiyimiz sahələrdən biri də suvarma və su təchizatı ilə bağlı məsələlərdir. Mən gələcək su idarəetmə sistemlərimiz üçün yol xəritəsini yaratmaq məqsədilə Baş Nazirin müavininin rəhbərlik etdiyi xüsusi hökumət komissiyası yaratmışam, bir çox nazir bu komissiyanın üzvüdür. Çünki təəssüf ki, infrastrukturun çox hissəsinin istismar müddəti bitib”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı deyib.

Dövlət başçısı bildirib ki, bəzi ərazilərdə bizim 40, hətta 50 faiz su itkimiz olur, təsəvvür edin, su resurslarının çatışmadığı bir ölkədə. Xüsusilə ötən il bizdə ciddi quraqlıq oldu. Bu il də həmçinin. Bilirsiniz, sudan bu cür sui-istifadə qəbuledilməzdir. Ona görə də hökumət bunun üzərində çalışır. Biz ilk addımlarımızı 1 və ya 2 ay ərzində atmağı planlaşdırırıq. Ona görə də maliyyələşmə, nəzarət və məsləhətləşmə baxımından mən Dünya Bankını bizim tərəfdaşımız olmağa dəvət etmək istərdim. Çünki sizin bu sahədə çox böyük təcrübəniz var. Ona görə də bu sahənin gündəliyimizə daxil ediləcək məsələlər arasında adını çəkərdim.

“Biz kənd təsərrüfatının rəqabətqabiliyyətliliyini artırmalıyıq və necə irəliləməyimizlə bağlı anlayışımız olmalıdır. Çünki biz təkcə öz resurslarımızla ehtiyaclarımızı təchiz etməli deyilik, həm də daha çox ixrac potensialımız olmalıdır. Bunun üçün biz mövcud ixrac bazarlarına da daha çox cəlb olunmalıyıq və yeni bazarlar haqqında düşünməliyik. Bunlar hamısı sonuncu reabilitasiya mərhələsində olan nəqliyyat və logistik infrastrukturla bağlıdır. Dünya Bankı sayəsində biz bu sahədə çox vacib layihələr icra etmişik. Hazırda biz əsasən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində çalışırıq. Çünki Şərq-Qərb artıq həyata keçirilib. Paytaxt şəhərdən şimal və cənub sərhədlərinə qədər dəmir yolu şəbəkəmizin reabilitasiyası... Dəmir yolu mövcuddur, lakin yeni yük həcmlərinə görə bizim müasirləşməyə ehtiyacımız var. Beləliklə, bu layihə də bizim gündəmimizə daxildir”-deyə, Azərbaycan Prezidenti qeyd edib.