YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin videokonfrans formatında ümumrespublika müşavirəsi keçirilib (VİDEO)

İyunun 13-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin videokonfrans formatında növbəti ümumrespublika müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov əvvəlcə tədbir iştirakçılarını 15 İyun-Milli Qurtuluş Günü münasibətilə təbrik edib, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışının Azərbaycan dövləti və xalqı üçün müstəsna əhəmiyyətindən bəhs edib.

Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət, genişmiqyaslı islahatlar nəticəsində ölkəmiz böyük nailiyyətlər qazanıb. Hazırda dünyanın koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər olunduğunu deyən Əli Əhmədov bildirib ki, bu istiqamətdə Azərbaycan dövləti və hökuməti sistemli tədbirlər həyata keçirir və bu tədbirlər Prezident İlham Əliyevin birbaşa nəzarətindədir.

YAP Sədrinin müavini həmçinin qeyd edib ki, Yeni Azərbaycan Partiyası da koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulub. Belə ki, Yeni Azərbaycan Partiyası “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ümumilikdə 530 min manatdan çox vəsait  ianə edib, partiyanın bütün strukturları, o cümlədən rayon və şəhər təşkilatları əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq yardım və dəstək göstəriblər.

Karantin rejiminin yumşaldılmasından sonra virusa yoluxanların sayında artımın müşahidə olunduğunu deyən Əli Əhmədov söyləyib ki, hər bir vətəndaş öz sosial məsuliyyətini dərk etməli, verilən tövsiyələrə və qərarlara əməl etməlidir. Çünki dövlətin atdığı bütün addımlar insanların sağlamlığının və təhlükəsizliyinin qorunmasına xidmət edir. Əli Əhmədov qeyd edib ki, partiyanın yerli strukturları da bu istiqamətdə əhali arasında geniş maarifləndirmə işləri aparmalıdır.

Müşavirədə qarşıda dayanan vəzifələr müzakirə edilib, partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.