YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xilasdan başlanan inkişaf yolu

Əli Həsənov

Yeni Azərbaycan Partiyası sədrinin müavini

Qayıdışın zərurət anı

Hər bir xalqın taleyində bir dönüş nöqtəsi, bir nicat anı, bir XİLAS məqamı var. 15 iyun da bizim xalqımızın tarixində belə bir ZİRVƏDİR və bu xilas günü Ulu Öndərimiz, Ümummilli Liderimiz HEYDƏR ƏLİYEVİN adı ilə bağlıdır.

1993-cü ilin iyun ayını –o ağrılı-acılı, təlatümlü günlərini yaşadığımız üçün orta və yaşlı nəsil yaxşı xatırlayır. AXCP-Müsavat cütlüyünün səriştəsiz hakimiyyəti ölkədə qardaş qırğınına, özbaşınalığa, hərc-mərcliyə səbəb olmuşdu.  Xalqımızın uzun illər arzusunda olduğu və yenicə nail olduğumuz dövlət  müstəqilliyi təhlükə ilə üz-üzə qalmışdı, Azərbaycan faktiki olaraq bir neçə yerə parçalanmışdı. Hakimiyyətlə xalq arasında dərin bir uçurum yaranmışdı, başını itirən bəylər isə öz haylarında idilər, nə xalq yada düşürdü, nə də Qarabağ.

Belə əlverişli məqamdan istifadə edən ermənilər də Qarabağda at oynadırdılar, azərbaycanlıları öz əzəli ata-baba yurdlarından zorla qovur, kəndlərimizi viran edir, faciələr törədirdilər. M.Qorbaçovun himayəsi ilə  azərbaycanlıları Ermənistandan zorla çıxarmaları onlarda xam xəyallarını gerçəkləşdirməyə inamı artırmışdı.

Bir sözlə, Azərbaycan olumla ölüm arasında çabalayırdı.Xarıcdən də arxa duran, kömək əlini uzadan, səsimizi eşidən, yaxud eşitmək istəyən də yox idi. Əksinə, ermənilərin uydurduqları yalanlara inanan hegemon dövlətlər, dünya birlikləri torpaqları işğal olunan Azərbaycanı günahkar sayırdı. Guya Azərbaycan Ermənistanı blokadaya alıb, ona silahlı təzyiq göstərir, “günahsız” ermənilərə divan tutur və s.

Bax, bu yalanların, erməni lobbisinin səyi nəticəsində 1992-ci ilin oktyabrında ABŞ Konqresi tərəfindən Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəliş qəbul edildi. Səbəb isə sənəddə göstərildiyi kimi –“Azərbaycan tərəfindən Dağlıq Qarabağın işğalı və Ermənistana qarşı blokadanı dayandırmaq"  idi. Azərbaycana qarşı ikili-üçlü standartlar da o gündən başladı və bu gün də davam edir. Təsəvvür edin, torpağı itirən Azərbaycan, öldürülən, öz yurdundan çıxarılanlar azərbaycanlılar, günahkar da Azərbaycan. Amerika dövlətinin qondarma Dağlıq Qarabağın cinayətkar hökumətinə uzun illər humanitar yardım göstərməsi də bu çoxtərəfli yanaşmaya bariz nümunədir.

Ona görə də ölkə Prezidenti cənab İlham Əliyev haqlı olaraq deyir: “Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaq”. Biz bu gün də, sabah da öz gücümüzə arxalanmalıyıq, bunun üçün də güclü olmalıyıq.

Xalq ölkədəki çətin, acınacaqlı vəziyyətdən yeganə bir çıxış yolunun olduğu qənaətində idi. Ona görə də hər yerdən ümidli çağırış səsləri ucalmağa başlamışdı: “Heydər Baba, bizi bu bəladan qurtar”. Bu, qayıdışın zərurətdən doğduğunu göstərən əsaslı dəlil, inkaredilməz sübutdur. 

Xilaskarlıq missiyası –ümid işığı

Tarixən yer üzündə dövlət və dövlət başçıları çox olub. Bacarıqlısı millətini irəli aparıb, dövlətini möhkəmləndirib, fərsiz isə xalqı faciələrə düçar edib, dövləti məhv edib. Ancaq çox az sayda dövlət başçısı olub ki, xalq çətinliklə üzləşəndə, dövlət məhv olmaq təhlükəsi ilə üz-üzə qalanda çəkinmədən meydana atılsın, ağırlığı çiyinləri üzərinə götürsün və öz vəzifəsini sonadək şərəflə, ləyaqətlə yerinə yetirsin. Belə nadir rəhbərlərə XİLASKAR deyirlər.

Xalqımız xoşbəxtdir ki, Tanrı bizə Heydər Əliyev kimi bir fenomen şəxsiyyəti iki dəfə köməyimizə -hakimiyyətə göndərdi -1969-cu ildə və 1993-cü ildə. Sonuncu dəfə Heydər Əliyevin hakimiyyətə qayıdış missiyası tarixi zərurətin diktə etdiyi kimi dövlətin, xalqın xilaskarlıq missiyası idi.

Xalq inanırdı ki, ümid göydə Allaha qalıb, yerdə Heydər Əliyevə. 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi illərdə gördüyü işləri, respublikanı qısa müddətdə İttifaqın ən qabaqcıl diyarına çevirdiyini, iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının, elmin, mədəniyyətin, bir sözlə, xalq təsərrüfatının bütün sahələrinin inkişafına nail olduğunu yaxşı bilirdi.

Həm də yaxşı bilirdi ki, Heydər Əliyevin adı olan yerdə ermənilər səslərini çıxarmağa, torpaq iddiasına düşməyə cəsarət edə bilməzlər. Xalq Heydər Əliyevi, o da mənsub olduğu, canı qədər sevdiyi xalqını yaxşı tanıyırdı. Xalq ona güvənirdi ki, heç vaxt darda qoymaz, Heydər Əliyev də bilirdi ki, arxasında xalq var, bir çağırışla hamı ayağa qalxacaq. Sonrakı illərin hadisələri də bu vəhdəti, sarsılmaz birliyi əyani şəkildə göstərdi və "Heydər -Xalq, Xalq -Heydər"  deyimi meydana gəldi.

Beləliklə, xalqın təkidli tələbi və o vaxtkı iqtidarın -indiki müxalifətin acizanə xahişi lə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı.

Azərbaycan dövlətinin banisi

Deyirlər,  müstəqilliyi qorumaq onu əldə etməkdən çətindir. Müstəqilliyi qorumaq üçün isə güçlü dövlət qurmaq lazımdır. Tarixi təcrübə göstərir ki, dövləti qurmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq, möhkəmləndirmək  ondan qat-qat çətindir. Bu yolda uğurları gözü götürməyən, paxıllıq edən xarici düşmənlər daxili düşmənlərlə birləşərək hər vasitə ilə işə mane olmağa çalışırlar. Bu təzyiqləri, təhlükələri vaxtında duyaraq, görərək qabaqlayıcı tədbirlər görülməsə, şübhəsiz, böyük faciələr yaşana bilər.

Heydər Əliyev peşəkar siyasətçi kimi dövləti qurmağın, onu möhkəmləndirməyin sirrlərinin mahir bilici idi. Ona görə dəfələrlə dövlət çevrilişinə cəhdlərin qarşısı məharətlə alındı, qeyri-qanuni silahlı birləşmələr tərk-silah edildi, erməni işğalının qarşısı alındı, Azərbaycanın işğal altında olan bəzi torpaqları geri qaytarıldı. Ölkədə sabitlik, qayda-qanun bərqərar oldu, inkişaf yoluna qədəm qoyuldu, iqtisadi və siyasi islahatlara başlanıldı. Dövlətin Ana Qanunu - Konstitusiya qəbul olundu, qanunvericilik bazası yaradıldı, icra intizamı möhkəmləndirildi, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə gücləndirildi, dövlət idarəçiliyində vahid bir sistemə nail olundu.

Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını yaratdı, onu qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi "dünənin, bu günün və sabahın partiyası" səviyyəsinə yüksəltdi. Bu gün sıralarında 700 min nəfərdən çox üzvü birləşdirən YAP cənab İlham Əliyevin sədrliyi ilə ölkəni inamla yüksəliş zirvələrinə aparır.

"Azərbaycan dövlət müstəqilliyi yolunda fədakarcasına çalışmaq mənim həyatımın mənasıdır" - deyirdi Ulu Öndər. Məhz Heydər Əliyevin uzaqgörənliyi, cəsarəti nəticəsində 1994-cü ildə “Əsrin kontraktı” imzalandı, Bakı-Novorossiysk kəməri yenidən quruldu, Bakı-Supsa kəməri 1999-cu ildə işə salındı, Bakı-Tbilisi-Ceyhan kəmərinin təməli qoyuldu. Neftdən gələn gəlir hesabına ölkə iqtisadiyyatı dirçəldi, minlərlə yeni iş yerləri açıldı, əhalinin güzəranı yaxşılaşdı, ölkəmizdə bu gün də davam edən böyük abadlıq, quruculuq işlərinə start verildi.

Qurtuluşdan keçən 10 ilə nəzər salsaq görərik ki, dövlətçiliyin, ölkə həyatının elə bir sahəsi qalmadı ki, Heydər Əliyev ona diqqət yetirməsin, onu inkişaf etdirməsin. O vaxtdan indiyədək Azərbaycanda sabitlikdir, Azərbaycan davamlı inkişaf yolundadır. Bu yol Heydər Əliyev yoludur, inkişaf və tərəqqi yoludur və Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasətini sədaqətlə, qətiyyətlə, böyük məharətlə davam etdirir.

Məhz bunun nəticəsidir ki, 2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Son 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artıb. Valyuta ehtiyatları 27 dəfə çoxalıb. Həmçinin 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud əsaslı təmir edilib. Bakıda 4 yeni metro stansiyası istifadəyə verilib, ölkədə 7 hava limanı tamamilə yenidən qurulub, gücü 3000 MVt-a qədər olan 30 elektrik stansiyası tikilib istifadəyə verilib və Azərbaycan regionda elektrik enerjisi ixracatçısına çevrilib. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri, 2017-ci ildə isə Bakı-Tbisi-Qars dəmir yolu istifadəyə verilib. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilib.

Xalqa bəxş edilən ömür

Ulu Öndər gördüyü bütün tədbirlərdə, gündəlik fəaliyyətində ilk növbədə dövləti və xalqı düşünürdü. Ən böyük istəyi güclü dövlət qurmaq və xalqına firavan həyat bəxş etmək idi. Xalqa bağlı olduğu üçün daim onun qayğıları, problemləri ilə yaşayırdı, uzaqda olmasına baxmayaraq, həmişə xalqla birgə idi. 20 Yanvar faciəsindən sonra, bütün təhlükələrə baxmayaraq,  onu Moskvadakı Daimi Nümayəndəliyə gətirən, orada mətbuat konfransı keçirərək baş verənlərdə sovet rəhbərliyini, Kommunist Partiyasının rəhbərliyini ittiham etməsi, qorxmadan bu qanlı faciəni pisləməsi və bütün dünyaya bu həqiqəti çatdırması da onun bu istəyindən irəli gəlirdi.

Ən böyük arzularından biri də zəbt olunmuş torpaqlarımızın erməni işğalçılarından azad edilməsi, bir milyon nəfərədək soydaşımızın öz doğma ata-baba yurdlarına ləyaqətlə qaytarılması idi. O, bunun üçün  gecə-gündüz var qüvvəsi ilə çalışırdı. Məhz Heydər Əliyevin diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti çox qısa zaman ərzində dünya ictimaiyyətinə çatdırıldı, münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, BMT  Təhlükəsizlik Şurasının  1993-cü ildə qaçqın və məcburi köçkünlərin doğma yurdlarına  qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun 4  qətnaməsi qəbul edildi. ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər görüldü, ABŞ Konqresinin müstəqil Azərbaycana yardım göstərilməsini qadağan edən ədalətsiz  907-ci düzəlişin icrası dayandırıldı.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğıları, problemləri ümummilli lider Heydər Əliyevin gündəlik qayğısına çevrilmişdi. Mən onun çadır düşərgələrində, yataqxanalarda ağır şəraitdə yaşayan məcburi köşkünlərlə görüşlərdə neçə kövrəlməsinin, onların halına necə ürəkdən yanmasının dəfələrlə canlı şahidi olmuşam.

Yaxşı yadımdadır, ümummilli lider məni yüksək vəzifəyə təyin edəndə tövsiyyələri ilə yanaşı dedi: Mən Komitəyə hər il bir sədr  təyin edirəm, onlar qaçqın-köçkünləri anlamadıqları üçün işləyə bilmirlər. Sənin isə qohum əqraban  məcburi köçkündür, bəlkə sən onları anlayasan. Mən bu sahədə işlədiyim 20 il ərzində onun tövsiyyələrini heç vaxt yaddan çıxarmadım.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi ilə bu sahədə uzun müddət şalışmış bir şəxs kimi, 1993-2003-cü illər ərzində görülmüş işlərdən bəzilərini xüsusi qeyd etmək istərdim: 

-münaqişə ilə əlaqədar olaraq ATƏT rəhbərliyi, Minsk qrupunun təmsilçiləri ilə 200-dən artıq, 80 ölkənin dövlət başçıları ilə 500-dən çox görüşlər keçirdi;

-bu problemi ölkədə bir nömrəli problem adlandırdı və ölkənin bütün hakimiyyət orqanlarının bu məsələyə bu cür yanaşmasına nail oldu;

-1994-cü ilin may ayında atəşkəsə nail  olunmaqla ölkənin müdafiə qabiliyyətinin artırılmasına imkan  yaradıldı;

-1994-cü ilin noyabrında Bakıda beynəlxalq və yerli humanitar təşkilatların rəhbərlərinin iştirakı ilə qaçqınlar haqqında qanunvericilik, insan hüquqları və miqrasiya məsələlərinə dair beynəlxalq konfrans keçirildi;

-1994-cü il dekabrın 19-da qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr olunmuş müşavirə keçirildi;

-1996-cı il oktyabrın 16-da qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirildi;

-16 mart 1998-ci ildə imzaladığı  "Azərbaycanlıların soyqırımı haqqında" fərmanına əsasən hər il soyqırım qurbanlarıının xatirəsi hörmətlə yad edilir;

-1998-ci il iyunun 27-də  qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr olunmuş Ümumrespublika müşavirəsi keçirildi;

-1998-ci il noyabrın 6-da Prezident Sarayında Nazirlər Kabinetinin qaçqın və məcburi köçkünlərin vəziyyətinə dair geniş iclası keçirildi;

-1998-ci ildə  "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramı təsdiq edildi.

-1999-cu ildə Biləsuvardakı çadır düşərgələrində müvəqqəti məskunlaşmış 4 gənc məcburi köçkün –şəhid ailəsinin toy mərasimində iştirak etdi;

-2000-ci il  mayın 18-də Bakının “Gülüstan” sarayında qaçqınların və məcburi köçkünlərin vəziyyətinə həsr olunmuş “İnkişaf problemləri və strateji istiqamətlər” mövzusunda beynəlxalq konfrans keçirildi;

-2001-ci ildə Təhlükəsizlik Şürasının iclasında qaçqın-köçkün problemi geniş müzakirə olundu;

-2002-ci ildə  Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaçqınlar üçün salınmış yeni qəsəbənin açılış mərasimində iştirak etdi;

-neft strategiyası öz bəhrəsini verməyə başlayan andan, iqtisadi imkanlar yarandıqca dövlət tərəfindən, digər sahələrdə olduğu kimi,  qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə də bağlı geniş tədbirlərin həyata keçirilməsinə start verildi;

-çadır düşərgələrinin ləğvinə başlanıldı.

-əraziləri işğal olunmuş rayonların ictimaiyyət nümayəndələri,  qaçqın və məcburi köçkünlərlə 20-dən çox görüş keçirdi.

Soydaşlarımıza bu cür isti münasibət son 17 ildə də davam etdirilib. Faktlara baxaq:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

-xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri ilə 1000-dən çox, qaçqın və məcburi köçkünlərlə bağlı keçirilən müxtəlif tədbirlərdə 36 dəfə, o cümlədən yeni salınmış qəsəbə və məhəllələrin açılışında şəxsən iştirak etmişdir;

-2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirmişdir;

-2006-cı ildə Bərdə (3 çadır düşərgəsi)  və Ağcabədi (1 çadır düşərgəsi)  rayonlarındakı 4 çadır düşərgəsinin, 2007-ci ilin dekabrında Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır düşərgəsinin, həmçinin Bərdə, İmişli və Saatlı rayonlarındakı dəmir yolu üzərindəki yük vaqonlarının ləğvi də təmin edilərək, Prezident İlham Əliyevin tapşırığı vaxtından bir il əvvəl yerinə yetirildi;

-2004-cü il fevralın 17-də “Gülüstan”  sarayında “Azərbaycanda 10 illik Humanitar Fəaliyyət: Təsir, Qazanılmış Təcrübə, Gələcək İstiqamətlər” mövzusunda beynəlxalq konfrans keçirildi;

-2004-cü ildə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edildi və 2007, 2011-ci illərdə həmin Proqrama əlavələr təsdiq olundu;

-2005-ci il iyunun 21-də və 2007-ci il sentyabrın 4-də Prezident Sarayında qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr olunmuş geniş müşavirə keçirildl;

-16 fin tipli qəsəbədən Füzuli rayonu ərazisində olan sonuncusu 2016-cı ildə ləğv edildi. Məktəblərdə, uşaq bağçalarında, yataqxanalarda və digər sıx müvəqqəti məskunlaşma obyektlərində yaşayan xeyli məcburi köçkün ailələri yeni inşa edilmiş yaşayış komplekslərinə köçürüldülər.

Ümumiyyətlə,  qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda  bütün sosial-texniki infrastruktura malik 100-dən çox müasir qəsəbə salınmışdır, 300 mindən çox soydaşımız yeni mənzillə təmin edilmişdir.

Azərbaycan dövlətinin siyasətinin arxasında, cənab Prezidentin dəfələrlə qeyd etdiyi  kimi, Azərbaycan vətəndaşları durur. Ona görə də dövlət büdcəsi sosial yönümlüdür, hər il davamlı olaraq irihəcmli sosial layihələr həyata keçirilir. Nəticədə ölkədə son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artıb, 6700 şəhid ailəsinə evlər, mənzillər verilib. Bu himayədarlıq missiyası bu gün də davam etdirilir.

Hazırda dünyanı çalxalayan koronavirus təhlükəsi ilə mübarizədə cənab Prezident tərəfindən ciddi qabaqlayıcı tədbirlər görülüb və görülür. Hökumətimiz isə yüksək icraçılıq nümayiş etdirir. Qalır bizim hər birimizin qəbul edilən qərarları yüksək intizamla icra etməyimiz. Həyat üçün vacib olan bu işdə hər kəs fəal iştirak etməli, verilən tövsiyələrə məsuliyyətlə yanaşmalıdır. Müsbət haldır ki, pandemiya ilə bağlı ölkə rəhbərinin gördüyü işlər dünyada nümunə kimi istifadə olunur. Rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədə inzibati tədbirlərlə yanaşı, institusional tədbirlərə də başlanılıb. Vaxt gələcək dünya ölkələri cənab İlham Əliyevin bu nümunəsindən də istifadə edəcəklər. Biz tam əminik ki, cənab İlham Əliyevin rəhbərliyi altında IV sənaye inqilabının tələblərinin icrası da nümunəvi olacaqdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanımın ölkəmizdəki ən həssas təbəqədən olan insanlara –qaçqınlara, məcburi köçkünlərə, şəhid ailələrinə, imkansız adamlara diqqət və qayğısı, bu sahədə həyata keçirilən çoxsaylı layihələr danılmazdır. Hətta Azərbaycan bu gün dünyanın bir çox ölkələrində icra olunan humanitar layihələrə donorluq edir. 

Dünya şöhrətli siyasətçi

Heydər Əliyev Azərbaycan kimi kiçik əraziyə malik dövlətə rəhbərlik etsə də, onun siyasi fəaliyyəti bu məkanın hüdudlarından çox-çox uzaqları əhatə edirdi. Bəşəri duyğularla yaşadığı üçün, fenomen ağıla, dərin zəkaya, heyranedici yaddaşa malik olduğuna görə SSRİ kimi nəhəng dövlətin başçılarından biri olmuşdu.

Qabiliyyətinə və bacarığına çox siyasətçilər və dövlət adamları həsəd aparırdı, təcrübəsindən, məsləhətlərindən çoxları bəhrələnməyə çalışırdı. Nəhəng dövlətlərin başçıları onunla görüşəndə onun yaddaşına, məntiqi təfəkkürünə, dəqiq təhlilinə həsəd aparırdılar.

Məhz bu xüsusiyyətlərə görə Heydər Əliyev XX əsrin ən tanınmış siyasi dövlət xadimlərindən biri hesab edilirdi.

Təsadüfi deyildir ki, 1994-cü ildə ölkədə siyasi-iqtisadi vəziyyətin xoşagəlməz olduğu bir vaxtda dünya ölkələrinin 11 şirkətinin “Əsrin Kontraktı”nı imzalaması onların mənsub olduqları dövlətlərin rəhbərlərinin Heydər Əliyevə olan inamının nəticəsi idi. Belə bir riskli vəziyyətlə həmin şirkətlər Azərbaycana sərmayə qoymaqla müqaviləni imzaladılar.

Azərbaycançılıq fəlsəfəsinin banisi

Heydər Əliyev fəaliyyətinin, düşüncəsinin mərkəzində həmişə Azərbaycan, bu günümüz və gələcək dayanırdı. Buna görə də AZƏRBAYCAN deyəndə həm qürurlanır, həm də kövrəlirdi. Bu gün ümumxalq deyiminə çevrilmiş,hamının dillər əzbəri olan “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” deyiminin müəllifi o idi. Tədbirlərin birində çıxış edərkən “Azərbaycan” şerini deyəndə necə kövrələrək səsinin titrəməsi hamımızın yadındadır.

O da yaxşı yadımızdadır ki, hələ 1978-ci ildə totalitar ideologiyanın təzyiqinə baxmayaraq Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etdi. Sonralar o, bu təhlükəli tarixi məqamı belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”.

Ümummilli Lider Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıları da həmişə diqqət mərkəzində saxlayırdı. Bu məqsədlə ayrı-ayrı dövlətlərdə yaşayan həmyerlilərimizin diaspor qurumlarının yaradılması ideyasını irəli sürmüşdü, onların fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə 2002-ci ildə xüsusi dövlət qurumu yaratdı, dünya azərbaycanlılarının Bakıda toplantılarının keçirilməsi, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi də onun ideyası idi.

Onun 10 noyabr 2001-ci ildə dünya azərbaycanlılarının birinci qurultayındakı nitqi  azərbaycançılığın tarixi proqram sənədidir. Buradakı əsas müddəalara nəzər salaq: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Millətin Lideri

Yaşadığımız Azərbaycan evinin və gələcək neçə-neçə nəsillərin yaşayacağı və fəxr edəcəyi Azərbaycan dövlətinin memarı Heydər Əliyevdir.

Heydər Əliyev sağlığında millətin lideri zirvəsinə yüksələn, əbədi öndəri adına  layiq görülən nadir şəxsiyyətlərdəndir.  Vaxt, zaman ötdükcə onun böyüklüyü daha aydın görünür.

Ümummilli Lider demişkən, bir hadisə yadıma düşdü:

2011-ci ilin dekabr ayında məzuniyyətimi Rusiyanın Kislovodsk şəhərində keçirirdim. Ulu Öndərin anım günü orada olacağımı bilərək, düşünürdüm ki, bu şəhərdə həmin günlə bağlı ehsan tədbiri keçirim. Ulu Öndər bu şəhərdə bur neçə dəfə istirahət etmişdi. Rusiya Xarici İşlər Nazirliyinin Şimali Qafqaz üzrə nümayəndəsi Leonid Sergeyeviç Filimonov (babası bakılı olub) məni müşayiət edirdi. Mən ona müraciət etdim və fikrimi bildirdim. O, böyük məmnuniyyətlə razılaşdı, çünki özü Azərbaycanı sevən və onun daim təbliğatını aparan bir adamdır.

Məsələni şəhərin meri və Stavropol Diyarının qubernatoru ilə razılaşdım, sonra birlikdə proqram tərtib etdik. Belə qərara gəldik ki, anım tədbirini geniş tərkibdə keçirək. Şəhərin meri bildirdi ki, Kislovodskda azsaylı xalqların 13 icması fəaliyyət göstərir. Mən mövqeyimi bildirdim ki, erməni icmasından başqa hamısını dəvət edək və təşkilati işlərə bu şəhərdəki Azərbaycan icmasını da cəlb etdim.

Diyarın qubernatorunun nümayəndəsi, şəhərin meri, icmaların təmsilçiləri ilə birlikdə 200 nəfərədək adam dəvət olundu. Rəhmətlik aktyor Ceyhun Mirzəyevin bu şəhərdə yaşayan həyat yoldaşını da dəvət etdim. Tədbirdə Ulu Öndər və xalqımız haqda çox maraqlı çıxışlar oldu. Çünki icma rəhbərlərinin əksəriyyəti Ulu Öndər Heydər Əliyevi yaxşı tanıyırdı. Biz isə, təbii ki, bundan qürur duyurduq.

Onlardan biri maraqlı bir fikir söylədi: “Görürsünüz, Azərbaycan xalqının Ulu Öndəri var, onun nümayəndəsi Heydər Əliyev haqda necə fəxarətlə danışır.  Bəs bizim millətlərin niyə Ümummilli Lideri yoxdur?”

Sonra S.Filimonovla birlikdə sanatoriyaya getdik, Ulu Öndərin vaxtilə istirahət etdiyi otağı tapdıq və onun qarşısında “Burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev istirahət etmişdir” lövhəsini asdıq.

Ulu Öndərin həyat və fəaliyyəti barədə çox sözlər deyilib, çoxlu elmi əsərlər, kitablar  yazılıb. Lakin bunlar kifayət deyil, onun mənalı ömrünə, titanik fəaliyyətinə həsr olunan daha geniş elmi axtarışların aparılmasına çox ehtiyac var.

Bəli, bugünki Azərbaycan üçün biz Ulu Öndər Heydər Əliyevə və onun ideyalarını davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə borcluyuq.

Bəli, biz fəxarətlə deyirik ki, bizim HEYDƏR ƏLİYEV kimi ULU ÖNDƏRİMİZ var.

İnanıram ki, gələcək nəsillər də belə deyəcək!