YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Hər kəs bu məsələdə məsuliyyətli olmalıdır ki, hökumətimizin göstərdiyi səylər öz nəticəsini versin, koronavirus bəlasından tezliklə xilas ola bilək

“Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilib. Azərbaycan isə koronavirusla mübarizədə ən öndə gedən ölkələrdən biridir, artıq aylardır ki, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli addımlar atılır. Ölkəmizdə yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən operativ və mübarizə xarakterli tədbirlər də dövlətin öz vətəndaşlarına verdiyi dəyərin ifadəsidir”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, respublikamızın sosial-iqtisadi inkişafı cəmiyyət həyatının bütün sahələrində olduğu kimi səhiyyə sistemində də öz müsbət nəticələrini vermişdir. Son illər səhiyyənin idarəolunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur. Bu günə qədər səhiyyə sistemində aparılan quruculuq və yenidənqurma işləri koronavirusa qarşı effektiv mübarizə aparılmasında mühüm rol oynayır. Cənab Prezident İlham Əliyev səhiyyə sisteminin inkişafını, müasirləşdirilməsini daim diqqətdə saxlayır. Həm paytaxt Bakıda, həm də bütün regionlarımızda müasir tibbi avadanlıqlar və ləvazimatlarla təchiz edilmiş, peşəkar həkimlərimizin çalışdığı tibb ocaqları fəaliyyət göstərir. Son 16 il ərzində ölkəmizdə 700-dən çox səhiyyə ocağı tikilib və ya əsaslı təmir edilib.

“Bildiyimiz kimi, iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı oldu. Açılışda iştirak edən Prezident İlham Əliyev mühüm məsələlərə toxundu. Ölkə başçısı bildirdi ki, Azərbaycan dövləti mövcud vəziyyətdən az itkilərlə çıxmaq üçün əlindən gələni edir: “Güclü səhiyyə infrastrukturu mövcud vəziyyətdən də şərəflə çıxmağa imkan verdi. Koronavirusla mübarizə sahəsində işlər yüksək səviyyədə təşkil olunub. Azərbaycan xalqı çətin dövrdə birlik və həmrəylik nümayiş etdirir. Azərbaycanda yeni modul tipli 4 xəstəxana açılmış, iyunun sonuna kimi daha 6 xəstəxana açılacaq və bununla da yeni yaradılmış modul tipli xəstəxanaların sayı 10-a çatdırılacaq. Əsas vəzifə insanları xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir”. Cənab Prezident bundan öncə olan ilk modul tipli xəstəxananın açılışında da vətəndaşlara müraciət edərək bildirmişdi ki, vətəndaşlar şəxsi gigiyenaya riayət etməli, maska taxmalı, məsafə saxlamalı, gündə bir neçə dəfə sabunla əlləri yumalı, dezinfeksiya vasitələrindən istifadə etməlidirlər.

Qısa müddət ərzində ölkə başçısının dəfələrlə vətəndaşlara müraciəti heç də səbəbsiz deyil. Yəni vəziyyət kifayət qədər kritikdir. Bunların fərqinə varıb, sosial izolyasiyaya əməl etməlidir. Hər kəs bu məsələdə tam məsuliyyətli olmalıdır ki, hökumətimizin göstərdiyi səylər öz nəticəsini versin, koronavirus bəlasından tezliklə xilas ola bilək”-deyə, deputat qeyd edib.