YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün

Əfsuslar olsun ki, bəzi adamlar karantin rejiminə əməl etmirlər. Yumşalma tədbirləri yalnız bir məqsədi güdürdü ki, insanların öyrəşdiyi həyat tərzi müəyyən dərəcədə bərpa olunsun. Karantin rejiminin yumşaldılması o demək deyil ki, karantin başa çatıb, xeyir. Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq və ondan sonra əgər lazım olarsa, uzadılacaq. Ona görə son günlərin mənzərəsi, sözün düzü, məni çox üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur və əgər bu dinamika kəskin artarsa, - mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, - biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək ki, biz vəziyyəti daim nəzarətdə saxlayaq.

Bu fikirləri Prezident İlham Əliyev Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında söyləyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan dövlətinin siyasəti və Operativ Qərargahın bu işlərə gündəlik rəhbərlik etməsi əsas bir məqsədi güdür ki, biz vətəndaşların həyatını, sağlamlığını qoruyaq. Eyni zamanda, bu məhdudlaşdırıcı rejim çərçivəsində insanlara maksimum imkan yaradaq ki, onlar öyrəşdiyi gündəlik həyat tərzindən çox da uzaqlaşmasınlar. Ona görə biz bu yumşaldıcı tədbirləri görmüşük. Aprelin 27-dən, sonra mayın 4-dən daha da yumşaq rejim qüvvədədir. Ancaq biz nəyi görürük? Onu görürük ki, bəzi məsuliyyətsiz vətəndaşlar heç bir qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub. Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün. Qətiyyən mümkün deyil.