YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərhad Bədəlbəyli: Mümkün olan bütün formalardan istifadə edib vəziyyətin ciddiliyini vətəndaşlara başa salmalıyıq

Koronavirusla Mübarizəyə Dəstək Fondunun əsas işlərindən biri də təbliğat olacaq.

Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü, Xalq artisti Fərhad Bədəlbəyli deyib.

Fondun formalaşmasından danışan F.Bədəlbəyli bildirib ki, vəsaitlər müxtəlif olub: bəzi biznesmenlər 1 milyon manat, bəziləri 15 manat, kim isə 1 manat köçürüb: “Fərq etməz - bu, xalqın pullarıdır. Əgər bu fondda bir qəpik harasa lazım olmayan yerə sərf olunsa, bu, hamı üçün ağır nəticə ola bilər. Səhiyyə naziri Oqtay Şirəliyev tibbi avadanlıq üçün vəsait lazım olmadığını bildirib və qeyd edib ki, lazım olan vəsaitin hamısı büdcədən ödənilib. Sosial problemlər üçün və həkimlərin ailə üzvlərinin sığorta olunması barədə təkliflər var. Bu, doğrudan çox vacib bir məsələdir, çünki indi həkimlər demək olar ki, cəbhədədirlər. Bu barədə demək olar ki, hamı razılığa gəldi”.

Fərhad Bədəlbəylinin fikrincə, sosial məsələlərlə bağlı monitorinqlər aparılmalıdır. “Bulvar bağlı olsa da, çimərliklərdə gəzənlər, maşınlarla gələnlər var. Mən onları başa düşürəm və qınamıram, təbii ki, onlar darıxıblar. Amma biz onları başa salmalıyıq və izah etməliyik ki, bu, çox ciddi bir bəladır. Mənim İtaliyada dostlarım var, onlarla zəngləşirəm. Təəssüf ki, burada bəzi adamlar virusa inanmır və boş şey hesab edir. Amma bu, doğrudan böyük və gözəgörünməz bir təhlükədir. Sağ-salamat olduğun yerdə birdən-birə belə bir faciə ilə üzləşirsən. Ona görə biz bu sahədə vəziyyətin ciddi olduğunu anlamalıyıq və fondun əsas işlərindən biri də təbliğat olacaq. Biz telekanallar və təbliğat vasitəsilə daha ciddi kliplər, ciddi verilişlər verməli və bütün formalardan istifadə etməliyik ki, vətəndaşlar məsələnin ciddiliyini anlasınlar”,- deyə o bildirib.