YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Karantin rejiminin yumşaldılması təhlükənin sovuşması və pandemiyaya qarşı mübarizənin bitməsi demək deyil

“Azərbaycan dövləti yeni növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində profilaktik və mübarizə xarakterli təxirəsalınmaz tədbirlər həyata keçirir. Şübhəsiz ki, burada başlıca məqsəd və strateji prioritet vətəndaşların sağlamlığının, təhlükəsizliyinin qorunmasıdır”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, pandemiya ilə mübarizə məsələsində Azərbaycanın təcrübəsi dünya miqyasında müsbət nümunə kimi dəyərləndirilir, bir çox ölkələrə örnək göstərilir: “Xüsusilə də, dövlətimizin öz təşəbbüsləri və əməli addımları ilə hazırkı şəraitdə dövlətlər və xalqlar arasında təmasların sıxlaşmasına, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına mühüm töhfələr verməsi yüksək qiymətləndirilir. Digər tərəfdən, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi böyük əhəmiyyətə malikdir. Bundan öncə isə Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olunub ki, bu da ölkəmizin bəhs olunan taleyüklü məsələ ilə əlaqədar qlobal əhəmiyyətli təşəbbüslərinin daha bir nümunəsidir. Xatırlatmaq lazımdır ki, Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirmiş ilk beynəlxalq təşkilatdır”.

YAP İcra katibinin müavini vurğulayıb ki, bütün bu faktlar Azərbaycan dövlətinin insanların sağlamlığı, təhlükəsizliyi və rifahına xüsusi diqqət yetirdiyini, eyni zamanda, bu kontekstdə qlobal səylərini əsirgəmədiyini göstərir: “Bu həm də onun ifadəsidir ki, humanizm dəyərləri və ənənələrinə əsaslanan Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu siyasətin nəticələri vətəndaşlar tərəfindən olduqca yüksək dəyərləndirilir. Dövlətimizin başçısına mütəmadi olaraq ünvanlanan çoxsaylı minnətdarlıq məktublarında əksini tapan fikirlər də bunun bariz təzahürüdür”.      

“Sevindirici haldır ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqları və göstərişlərinə uyğun olaraq reallaşdırılan ardıcıl, məqsədyönlü tədbirlər müsbət nəticələr verib, başqa sözlə, ölkədə virusa yoluxma dinamikasında pozitiv tendensiya müşahidə olunmağa başlayıb. Bu hal nəzərə alınaraq ölkəmizdə aprelin 27-dən etibarən xüsusi karantin rejimində müəyyən yumşalmalar edilib. Amma karantin rejiminin yumşaldılması təhlükənin sovuşması və pandemiyaya qarşı mübarizənin bitməsi demək deyil”,-deyə Milli Məclisin komitə sədri əlavə edib.

Siyavuş Novruzov diqqətə çatdırıb ki, bəzi məhdudiyyətlər aradan qaldırıldığı üçün insanların sanitar-gigiyenik qaydalara, mövcud tələblərə riayət etməmələri yoluxmanın artmasına, xəstəliyin ikinci dalğasının başlamasına səbəb ola bilər: “Ona görə də vətəndaşlar daha məsuliyyətli olmalı, əvvəlki dövrdə olduğu kimi 2 metrlik distansiya və digər sosial təcrid tələblərinə riayət etməklə profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmalı, karantin rejiminin tələblərinə əməl etməlidirlər. Bu, hər bir vətəndaşın, cəmiyyətin və bütövlükdə xalqın sağlamlığı, təhlükəsizliyi üçün vacibdir”.