YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Zirvə görüşü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun təsdiqidir

   «Dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi qarşılıqlı dəstəyi, birgə səylərin göstərilməsini daha da aktuallaşdırır, birliyə, həmrəyliyə çağırış edir.  Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün, onun ardınca Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə  “COVID-19-a qarşı birlikdəyik» mövzusunda Zirvə görüşünün keçirilməsi Azərbaycana  və onun  liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir. Hər iki  tədbir, eyni zamanda, göstərir ki,  ölkəmiz  koronavirus pandemiyası ilə bağlı  formalaşan yeni reallıqlara,  yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir. Azərbaycanın bu istiqamətdə  atdığı addımlar beynəlxalq səviyyədə dəstəklənməklə yanaşı, əksər ölkələrdə tətbiq olunur. Bir sözlə, Azərbaycan  pandemiyaya  qarşı mübarizə sahəsində  nümunəvi ölkə kimi təqdir olunur.» Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  KİV-ə açıqlamasında bildirib.

     V.Rəhimzadə qeyd edib ki,   COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinin iqtisadiyyatına,  xüsusilə insanların sağlamlığına  mənfi təsir göstərir.  Təbii ki, heç bir ölkə bundan sığortalanmayıb. Dövlətimizin başçısı İlham Əliyev  Qoşulmama Hərəkatının Təmas Qrupu formatında  Zirvə görüşündə  bu reallığı bir daha diqqətə çatdırmışdır ki, qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik.

      «Bu fikir də  xüsusi qeyd edilir ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir» söyləyən V.Rəhimzadə bildirib ki, hər bir ölkə bu öldürücü  virusla mübarizədə özünəməxsus  konsepsiya irəli sürərək bu istiqamətdə ciddi addımlar atır. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatı  Birləşmiş Millətlər Təşkilatına üzv olan  dövlətlərin üçdəikisini özündə birləşdirir, bu halda hər bir ölkənin ortaya qoyduğu yanaşmanın mübarizənin effektivliyində rolunu aydın görərik.   Azərbaycanın pandemiyaya qarşı mübarizə istiqamətində atdığı addımların davamlılığı göz önündədir.  Məqsəd  insanların sağlamlığını təmin etmək,  həmçinin pandemiyanın iqtisadi və sosial fəsadlarını  aradan qaldırmaqdır.  Pandemiya şəraitində  Azərbaycanda  makroiqtisadi və  maliyyə sabitliyini təmin etmək,  məşğulluq problemlərini həll etmək istiqamətində görülən işlərdən geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bu  rəqəmi də xüsusi diqqətə çatdırmışdır ki, bu məqsədlə  3,5 milyard manat məbləğində  sosial-iqtisadi dəstək paketi qəbul olunub.

   Baş redaktor qeyd edib  ki, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə  həmrəyliyə və əməkdaşlığa böyük ehtiyac olduğunu önə çəkən cənab İlham Əliyev bildirmişdir  ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Məhz bu birlik, əməkdaşlıq sayəsində görülən işlər daim qurumun rəsmiləri tərəfindən yüksək dəyərləndirilmiş,  Azərbaycanın pandemiyadan az itki ilə çıxan ölkə olacağı böyük əminliklə qeyd edilmişdir.

     «Göründüyü kimi, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır»  deyən baş redaktor  bildirib ki, Azərbaycan  öz təşəbbüsləri,  praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə  dövlətlər və xalqlar  arasında əlaqələrin inkişafına, qlobal koronavirus pandemsiyası ilə mübarizədə  bütün səylərin  səfərbər olmasına öz töhfələrini verir: “40-a yaxın ölkənin dövlət və hökumət başçılarının,  xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidentinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdikləri Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyev Zirvə görüşündə bu məqamı da xüsusi qeyd etmişdir ki,  sədrliyi öz üzərimizə götürərkən  Azərbaycanın beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağını, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağını bəyan etmişdik.”

    V.Rəhimzadə bildirib ki, Azərbaycanın ötən il  qurumun XVIII Zirvə görüşünə ev sahibliyi etməsi,  2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi üzərinə götürməsi, eyni zamanda, dünyanı bürüyən  pandemiyaya qarşı mübarizənin gücləndirilməsində beynəlxalq birliyin, həmrəyliyin önəmini  nəzərə alaraq qurumun Təmas Qrupu formatında videokonfrans vasitəsilə  “COVID-19-a qarşı birlikdəyik» mövzusunda Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etməsi  bir daha ölkəmizin dünyanı narahat edən hər bir məsələyə uyğun   addımlar atdığını,  səylərin birləşdirilməsinə nail olduğunu təsdiqləyir: “COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşünün Bəyannaməsində əksini tapan 18 maddənin hər birində də  birlik, həmrəylik çağırışı özünün aydın ifadəsini tapıb. Bəyannamədə xüsusi  vurğulanır ki, bəşəriyyət üçün ciddi problem olan, birlik, həmrəylik və yenilənmiş çoxtərəfli əməkdaşlığa əsaslanmaqla qlobal reaksiya tələb edən COVID-19-un sürətlə yayılmasından ciddi narahatlıq ifadə edərək  Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərini milli, regional və beynəlxalq səviyyələrdə bu bəlaya qarşı mübarizə aparmaq istiqamətində əməkdaşlıqlarını möhkəmləndirməyə çağırırıq.”