YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Cəmiyyətin ortaq maraqları üçün sosial təcrid tədbirlərinə əməl olunmalıdır

“Pandemiya başladıqdan etibarən Azərbaycan çox ciddi önləyici tədbirlər aldı və bunun nəticəsində hazırda vəziyyət tam nəzarət altındadır. Təkcə pandemiyanın təsirlərinin qarşısını almaq üçün deyil, eyni zamanda, postpandemiya mərhələsində həm sosial-iqtisadi problemlərin həlli, həm də iqtisadiyyatın yenidən dirçəldilməsi ilə bağlı kompleks tədbirlər görülür. Bu günə qədər atdığımız addımların uğurlu nəticəsini gördük. Hər bir Azərbaycan vətəndaşı bilir ki, koronavirus bir neçə fazada özünü büruzə verən pandemiyadır. Gözümüzün önündə dünya təcrübəsini saxlamalıyıq”. Bu fikirləri  Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat diqqətə çatdırıb ki, ayrı-ayrı ölkələrdə müxtəlif mərhələlərdə problemin səngiməsinin və sonra yenidən baş qaldırmasının şahidi oluruq. Ona görə də heç bir halda karantin rejiminin tələbləri ilə bağlı yumşaldılmaları rahatlıq və virusdan tam azad olmaq kimi qəbul etməməliyik. Çünki bu günə qədər əldə etdiyimiz uğurlar alınan qərarlara riayət etməyimiz nəticəsində mümkün olub. Virusla bağlı Azərbaycan mediası, ictimaiyyəti kifayət qədər maarifləndirilib, çoxsaylı videoçarxlar paylaşılıb. Cəmiyyətə yetərli səviyyədə informasiya ötürülüb. Həkimlərimiz lazımi qədər tibbi maarifləndirmə prosesini reallaşdırıblar.

Deputat qeyd edib ki, cəmiyyətin ortaq maraqları üçün sosial təcrid tədbirlərinə əməl edilməlidir. “Düşünürəm ki, belə bir vəziyyətdə arxayınlıq göstərməyə heç birimizin haqqı yoxdur. Söhbət hər birimizin və bütövlükdə cəmiyyətin maraqlarından gedir. Ona görə indiki mərhələdə karantin rejiminin tələblərinin bir qisminin yumşaldılmasına baxmayaraq, ciddi şəkildə sosial təcrid tədbirlərinin hamısını həyata keçirməyə nail olmalıyıq. Özümüzü qorumalıyıq ki, yaxınlarımızı mühafizə edə bilək. Yaxınlarımızı qorumalıyıq ki, ətrafdakı insanların sağlamlığının qorunmasına nail olaq. Ətrafdakıları qorumalıyıq ki, bütövlükdə cəmiyyətimizi və xalqımızı qoruyaq. Ona görə əsla karantin rejimi qaydalarının yumşaldılması prosesini arxayınlıq kimi qəbul etməməliyik” , - deyə Hikmət Babaoğlu vurğulayıb.