YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Soltan Məmmədov: Heydər Əliyev Fondu bu çətin günlərdə hər bir vətəndaşımıza lazımi yardım göstərməyə hazırdır

Heydər Əliyev Fondu öz sosial missiyası çərçivəsində hər zaman ölkədə səhiyyənin inkişafına dəstək göstərib.

Bu fikri Heydər Əliyev Fondunun departament direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov “REACT-C19” layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.

O bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə fond Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. “Koronavirus epidemiyası ilə mübarizənin ilk günlərindən biz TƏBİB və Səhiyyə Nazirliyinə dəstək göstərməyə başlamışıq. Bu istiqamətdə ölkədə laboratoriya sisteminin gücləndirilməsi üçün Bakı, Cəlilabad və Gəncə şəhərlərində Almaniya istehsalı olan 4, Sumqayıt və Şəki şəhərlərində 2 tam-avtomat laboratoriya qurulub istifadəyə verilib. Yüksək keyfiyyətli müayinələrin aparılması üçün Almaniya və İngiltərə istehsalı olan test kitləri təmin olunub”, - deyə fondun departament direktoru qeyd edib.

S.Məmmədov bildirib ki, xəstəxanalarda çalışan tibbi heyətin təhlükəsizliyini təmin etmək məqsədilə maska, tibbi geyim, eynək, əlcək və digər qoruyucu vasitələr alınıb. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün süni nəfəs aparatları, tibbi monitorlar və hemofiltrasiya cihazları təmin olunub. Fondun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində əhalinin maarifləndirilməsi üçün birgə kommunikasiya planı hazırlanıb və bu istiqamətdə mətbuat, ictimaiyyət və dövlət qurumları ilə əlaqələndirici iş aparılır. Koronavirusla mübarizədə həkimlərimizə dəstək məqsədilə digər ölkələrlə təcrübə mübadiləsi üçün virtual təlimlərin təşkili və bu gün də Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə 3 ay müddətində bizim həkimlərlə birgə çalışacaq 20 nəfərdən ibarət müxtəlif ixtisaslı mütəxəssislərdən ibarət qrupun Azərbaycana səfərinin təşkil olunmasına dəstək göstərmişik. Heydər Əliyev Fondu tərəfindən, eyni zamanda, ölkədə uğurla həyata keçirilən sosial siyasətə dəstək olaraq ehtiyac duyan ailələrə ərzaq dəstəyi göstərilir. Ölkədə fəaliyyət göstərən uşaq evləri, körpələr evi, internat məktəbləri, qocalar evi, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tələb olunan profilaktik tədbirlər görülüb və lazımi qoruyucu vasitələr təmin olunub.

S.Məmmədov əlavə edib ki, səhiyyə sahəsində illər ərzində əldə etdiyimiz təcrübə və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində qazandığımız uğurlar bu gün bizə bu mübarizədə səhiyyəmizə lazım olan dəstəyi göstərməyə imkan yaradır. Fondun rəhbərliyinin dəstəyi ilə biz uzun illərdir ki, ÜST ilə sıx və uğurlu əməkdaşlıq edirik. Bu gün elan etdiyimiz bu layihə bir daha Heydər Əliyev Fondunun hər zaman səhiyyəmizlə birgə olduğunu sübut edir. Fondumuz bu çətin günlərdə 24 saat iş başında bütün səhiyyəmizə və hər bir vətəndaşımıza lazımi yardım göstərməyə hazırdır.