YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: 2020-ci ilin birinci rübü ərzində ölkəmiz beynəlxalq müstəvidə mövqelərini gücləndirməkdə davam edib

“Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə hesabat dövrünün nəticələri və qarşıda duran vəzifələr geniş müzakirə olundu”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, dünyada koronavirus pandemiyasının hökm sürdüyü şəraitdə ölkəmizdə vacib tədbirlər həyata keçirilir. Bunun nəticəsində başqa ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət kritik deyil. 

S.Fətəliyeva söyləyib ki, bu ilin birinci rübü ərzində ölkəmiz beynəlxalq müstəvidə də mövqelərini gücləndirməkdə davam edib. Onun sözlərinə görə, cənab Prezidentin Davos Forumunda və Münxen Təhlükəsizlik Konfransında iştirakı böyük əhəmiyyət kəsb edir. Çünki hər iki beynəlxalq tədbirdə dövlətimizin vacib görüşlər keçirib, Azərbaycanın beynəlxalq əlaqələrinin daha genişləndirilməsi yönündə vacib addımlar atılıb. “Xüsusilə, Münxen Təhlükəsizlik Konfransında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair debatın təşkil olunması çox mühüm hadisə idi.  Bu hadisə işğalçı  Ermənistanın təbliğatını darmadağın edib. Azərbaycan Prezidenti bütün beynəlxalq tribunalardan dövlətimizin bu məsələdə prinsipial mövqeyini bir daha səsləndirib. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Mart ayının sonunda isə işğalçı Ermənistan və separatçı rejim tərəfindən Dağlıq Qarabağda qondarma “seçki” keçirildi. Dünya ölkələrinin və beynəlxalq təşkilatların mütləq əksəriyyəti həmin “seçkiləri” tanımadılar. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, 120 dövləti özündə birləşdirən Qoşulmama Hərəkatı, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər təşkilatlar bu seçki şousunu pislədilər. Bütün bunlar onu göstərir ki, beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Amma Avropa Şurası tərəfindən bu seçki şousuna heç bir münasibət bildirilmədi. Cənab Prezidentin qeyd etdiyi kimi bu təşkilat  Azərbaycana şər, böhtan atmaqla məşğuldur. Təbii ki, bu fakt təşkilatın hansı maraqlara xidmət etdiyinin göstəricisidir. Əslində, bu gün həmin təşkilatda ciddi böhran hökm sürür və onun özündə ciddi islahatların aparılmasına ehtiyac var. Beynəlxalq təşkilatlardan söz düşmüşkən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti, üzv dövlətlərin əməkdaşlığı  bütün dünyaya nümunə ola bilər. Türk Şurası dünyanın yeganə təşkilatıdır ki, dövlət başçıları səviyyəsində koronavirusla bağlı Zirvə görüşü keçirib və bu görüşdə Azərbaycanın koronavirusla mübarizə istiqamətində təcrübəsi dünya üçün nümunə kimi qiymətləndirilib”-deyə, komitə sədrinin müavini vurğulayıb.

Millət vəkili qeyd edib ki, müşavirədə cənab Prezident ölkəmizdə həyata keçirilən islahatların, o cümlədən siyasi dialoqun əhəmiyyətini vurğulayıb. Çünki bu islahatlar idarəetmə mexanizminin daha da təkmilləşdirilməsinə xidmət edir. Eləcə də, parlament müstəvisindəki yeniliklər  siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. S.Fətəliyeva deyib ki, radikal müxalifət hazırki şəraitdə də dövlətimizə qarşı böhtan kampaniyası aparır. Amma onların cəmiyyətdə heç bir dayağı olmadıqları üçün belə kampaniyalar hər zamankı kimi iflasa məhkumdur. Onun fikrincə, Azərbaycanın siyasi səhnəsində radikallara yer yoxdur.