YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Qasımlı: Dövlətin dəstək proqramı 2,5 milyard manat təşkil edəcək

Dövlətin dəstək proqramı 2,5 milyard manat təşkil edəcək.

Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, hazırda dünya iqtisadiyyatı “donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb. “McKenzie”nin hesablamalarına görə, bu il iqtisadi geriləmə dünyada 4,7 faiz, Avrozonada 9,7 faiz, Çində 2,7 faiz və ABŞ-da 8,4 faiz olacaq: “Ən yaxşı halda dünya iqtisadiyyatı 2022-ci ilin üçüncü rübündə böhrandan əvvəlki həddinə çata biləcək. Bir sözlə, Nassem Talebin “Qara qu quşu” nəzəriyyəsinə uyğun olaraq koronavirus böhranını üç ay əvvələdək heç kim proqnozlaşdıra bilməmişdi, amma qısa müddətdə dünya XXI əsrin ən ağır böhranına qədəm qoydu. Azərbaycan öz iqtisadiyyatının 2017-ci ildən start götürən artım tempinin sürətlənməsi trendinin kulminasiyaya doğru getdiyi bir vaxtda qlobal şoklarla üz-üzə qaldı. Azərbaycan hökuməti dünya iqtisadiyyatı yeni antirekordlara imza atdığı bir şəraitdə qlobal şokların və pandemiyanın nəticələri ilə mübarizə aparır. Prezident İlham Əliyev “Biz birlikdə güclüyük!” mottosu ətrafında cəmiyyətin bütün təbəqələrini və resursları böhranla mübarizəyə səfərbər edib. İndiyədək xalqı öz ətrafında birləşdirən şüarlar Fransada “Azadlıq, bərabərlik, qardaşlıq”, ABŞ-da “Biz Allaha inanırıq”, Meksikada “Öncə vətəndir”, Pakistanda “İman, birlik, qanun” və başqa ölkələrdə müxtəlif formalarda ifadə olunub”.

Azərbaycanın antiböhran proqramının 2,5 milyard manat olmaqla ÜDM-in 3,1 faizini təşkil etdiyini deyən V.Qasımlı qeyd edib ki, Gürcüstan hökuməti 1 milyard gürcü larisi dəyərində, yəni ÜDM-in 2 faizi həcmində yardım paketi qəbul edib. Rusiya 300 milyard rubl civarında yardım paketi qəbul edib ki, bu da Rusiya ÜDM-nin 0,3 faizinə bərabərdir. Türkiyə ÜDM-nin 2 faizini təşkil edən 100 milyard lirəlik yardım paketi açıqlayıb. Qırğızıstanın ÜDM-in 1 faizi həcmində, başqa sözlə desək, 9,4 milyon ABŞ dolları, Özbəkistan isə 1 milyard dollar və ya ÜDM-in 1,5 faizi həcmində antiböhran paketi qəbul edib. İspaniya ÜDM-nin 0,7 faizini təşkil edən 8,9 milyard avroluq paket qəbul edib. Göründüyü kimi, Azərbaycanın dəstək proqramı digər ölkələrlə müqayisədə kifayət qədər sanballı və miqyaslıdır.

O deyib: “Qlobal şokların Azərbaycana təsirini azaltmaq üçün hökumətin dəstək proqramı zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək. İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrupu sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib: ən çox, əhəmiyyətli və minimal ziyan çəkən sahələr. Belə yanaşma dəstək proqramının ədalətliliyi və ünvanlılığı, habelə resursların səmərəli istifadəsi baxımından əhəmiyyətlidir. Bu çərçivədə 9 proqram layihəsi işlənilir. İlk növbədə, 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramı qeyd etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda 1,6 milyonadək muzdlu işçinin 915 min nəfəri dövlət və neft sektorunda çalışdığından müntəzəm qaydada maaşını alır. Qalan 640 min muzdlu işçinin 304 min nəfərinin maaşına dövlət dəstək verəcək. Burada fəaliyyət sahəsinin çəkdiyi ziyanın dərəcəsinə uyğun olaraq sahibkarlıq subyektinin əməkhaqqı fondu dövlət tərəfindən dəstəklənəcək. Əlbəttə, bu zaman əsas meyar 712 manat səviyyəsində olan orta əməkhaqqı səviyyəsidir. Eyni zamanda, 290 min mikro sahibkar dövlət dəstəyindən yararlanacaqlar. Bu zaman da onların 2019-cu ildə ödədikləri vergi həcmi əsas götürüləcək. Vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək verilməsi üzrə dövlət proqramları da işlənilib”.

“Hazırda qlobal şokların təsiri ilə kredit ödənişlərində yarana biləcək çətinliklərin aradan qaldırılması üçün dövlət tərəfindən dəstək verilməsi planlaşdırılır. Təkcə ev təsərrüfatları deyil, bəzi sahibkarların da kredit ödənişlərində çətinliklər yaranması proqnozlaşdırılır. Hazırda 15,5 milyard manatlıq kredit portfelinin 7 milyard manatı ev təsərrüfatlarına, 6,1 milyard manatı isə özəl sektora verilib. Xüsusən də, pandemiyadan daha çox zərərçəkmiş sahələrə – ticarət və xidmət sektoruna 2,4 milyard manat və nəqliyyat və rabitə sektoruna 1,2 milyard manat kredit verilib. Dövlət mövcud kredit portfelinin dəstəklənməsi üzrə 1 milyard manat vəsait ayıracaq. Bu zaman da ziyan çəkən sahələr və kredit intizamı kimi kriteriyalar əsas götürüləcək. Sahibkarlığın İnkişafı Fondu kreditlərə 10 faiz dəstək verəcək ki, bu da kredit faizinin əhəmiyyətli hissəsini əhatə edir. Çünki Azərbaycanda orta kredit faizi 14 faiz, hüquqi şəxslər üzrə 8,8 faiz və fiziki şəxslər üzrə 16,6 faiz təşkil edir. Eyni zamanda, yeni kreditlərə dəstək proqramı illik maksimum 15 faizlik kreditləri əhatə edəcək və bu kredit faizinin yarısını Sahibkarlığın İnkişafı Fondu ödəyəcək. Dövlətin dəstək proqramları çərçivəsində kommunal xidmətlərin limiti artırılacaq və sərnişindaşımada sistem əhəmiyyətli müəssisələr - AZAL, Bakı Nəqliyyat Agentliyi, metropoliten, dəmir yolu və sair qurumlara da dəstək veriləcək. Bundan başqa, dövlət sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə İşçi Qrupu da bu yaxınlarda müvafiq təkliflərini təqdim edəcək”.

“Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramı həyata keçirilir. Belə sistemli dəstək proqramı son 100 ilin ən miqyaslı pandemiyasının ölkəmizə təsirini minimuma endirəcək və ölkəmizi post-korona dövrünə daha yaxşı hazırlayacaq. Dövlət proqramları vasitəsilə həm tələb, həm də təklif dəstəklənəcək və makroiqtisadi sabitlik qorunacaq. Bu günlərdə xüsusi karantin qaydalarına daha ciddi əməl etməliyik. Çünki iqtisadi itkiləri bərpa edə biləcəyik, amma sağlamlığı və insan həyatını qaytarmaq olmayacaq. Azərbaycan dövləti üçün əsas vətəndaş və onun layiqli həyatıdır”, - deyə V.Qasımlı bildirib.