Xəbərlər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində koronavirusla bağlı profilaktik tədbirlər görülür

Hazırda dünya gündəliyini zəbt edən akiual məsələ koronavirusla mübarizədir. Azərbaycanda bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin yanında yaradılan xüsusi Operativ Qərargah virusa qarşı aparılan mübarizə tədbirləri haqqında ictimaiyyəti məlumatlandırır. Ali və orta təhsil müəssisələrinin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlərin verilməsi, həmçinin Operativ Qərargahın 14 mart saat 00:00-dan etibarən ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunan bəzi sosial izolyasiya tədbirlər də bu silsilədəndir. Ölkəmizdə bu xəstəliyin yayılması ehtimalı o qədər yüksək olmasa da, tədbirlərin davamlılığı zərurətdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nın icrası ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində də tibbi-profilaktik, dezinfeksiyaedici işlər və digər qabaqlayıcı tədbirlər görülür, əməkdaşlara koronavirusun yaratdığı fəsadlar və onunla mübarizə üsulları barədə məlumatlar verilir, lazımi tədbirlər həyata keçirilir. Belə ki, Baş Nazir Əli Əsədov tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət qurumlarının rəhbərlərinə ünvanlanan məktubda əksini tapan tapşırıqlara uyğun olaraq Komitənin 60 yaşdan yuxarı olan işçiləri, azyaşlı övladı olan əməkdaşlarının fasiləli iş rejimində fəaliyyəti təmin edilib. Bundan əlavə vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbulu, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində əməkdaşların hazırlanmış siyahı üzrə növbəli iş rejimində çalışması üçün lazımi tədbirlər görülüb.