YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elşad Mirbəşiroğlu: Parlament cənab Prezident tərəfindən aparılan sistemli və çoxşaxəli islahatların dərinləşməsinə önəmli töhfələr verəcək

“Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara adekvat parlament institutunun formalaşması qaçılmaz bir zərurətə çevrilmişdi. Bütün demokratik normalara tam cavab verən parlament seçkilərinin nəticələri onu deməyə əsas verir ki, bu məqsədə dəqiqliklə nail olundu. Parlamentin yeni tərkibinə nəzər yetirsək bu tezisin əyani təsdiqini görə bilərik”. Bu fikirləri Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin  İdarə Heyətinin sədr müavini Elşad Mirbəşiroğlu deyib.

E.Mirbəşiroğlu bildirib ki, demokratiyanın təməl anlayışlarından hesab olunan çoxpartiyalılıq prinsipi mövcud parlamentin formalaşmasında özünü göstərdi. Növbədənkənar parlament seçkilərinin təyin olunması ölkəmizdə aparılan çoxşaxəli və sistemli islahatların məntiqi davamı idi. Ali qanunvericilik orqanının rəhbərliyində, spiker və onun müavinlərinin, o cümlədən komitə sədrlərinin seçilməsində həm bitərəf, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunublar. Bu, çox önəmli detal olmaqla siyasi sistemimizin möhkəmləndirilməsi və siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədinə xidmət edir. Birmənalı şəkildə deyə bilərik ki, mövcud parlament cənab Prezident tərəfindən aparılan sistemli və çoxşaxəli islahatların dərinləşməsinə önəmli töhfələr verəcək. Dövlət başçısı altıncı çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışında deputatlara olduqca vacib tövsiyələr verdi. Qeyd etdi ki, iqtisadi inkişafın dərinləşməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial və gənclər siyasəti kimi istiqamətlər yeni formalaşmış parlamentin diqqət mərkəzində dayanmalıdır. Bu istiqamətlərin prioritet seçilməsi bir daha onu göstərir ki, islahatların davamlı və ardıcıl xarakter alması üçün parlamentin yeni tərkibdə formalaşmasına həqiqətən böyük ehtiyac var idi.

“Ölkə Prezidenti onu da qeyd etdi ki, deputatlar seçiciləri ilə daim təmasda olmalı, onların problemləri ilə yaxından maraqlanmalıdırlar. Hesab edirəm ki, hər bir deputat cənab Prezidentin ideyalarına söykənərək özünü xalqın xidmətçisi qismində görməlidir. Xaricdən ölkəmizə qarşı yönəlmiş təhdidlər onu tələb edir ki, deputatlar dövlətlə vətəndaş arasında etibarlı körpü rolunu oynasınlar”, - deyə E.Mirbəşiroğlu vurğulayıb.