YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Sabirabadda ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılışında iştirak edib

Dekabrın 16-da Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Forumun məqsədi ölkəmizdə son illərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi istiqamətində dövlət qayğısının nümayiş etdirilməsi, “ASAN xidmət” mərkəzlərində çalışan könüllülər üçün tətbiq olunan yeniliklərin müzakirəsi, “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin gələcək fəaliyyəti üçün rəy və təkliflərin formalaşdırılmasıdır. İlk “ASAN xidmət” mərkəzi üçün könüllü elanı 2012-ci ildə olub və bununla bağlı ümumilikdə 11 mindən çox müraciət qeydə alınıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində indiyədək 3061 könüllü əməkdaş fəaliyyət göstərib. Hazırda “ASAN xidmət” mərkəzlərində 489 könüllü əməkdaş çalışır. İndiyədək 300-dən çox könüllü gənc “ASAN xidmət” mərkəzlərində və digər dövlət orqanlarında işə qəbul edilib.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi. Prezident İlham Əliyev qeyd etmişdir ki, artıq “ASAN xidmət”in böyük könüllülər dəstəsi vardır. “ASAN xidmət” cəmi iki ilə yaxındır ki, fəaliyyət göstərir. Bu müddət ərzində 2 mindən çox könüllü “ASAN xidmət”də işləmişdir, təcrübə toplamışdır və ümumi işimizə öz töhfəsini vermişdir. Hazırda 500 könüllü bizim mərkəzlərdə çalışır və beləliklə, gözəl bir gənc nəsil yetişir. Gənclərimiz bizim gələcəyimizdir. Mən şadam ki, Azərbaycanda çox müasir, dövlətə, Vətənə bağlı olan gənc nəsil yetişir və ASAN könüllülərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki siz bu işlərə könüllü şəkildə qoşulmusunuz, özünüz bu təşəbbüsü göstərmisiniz və işinizlə ölkəmizin ümumi inkişafına töhfənizi verirsiniz. Bu, çox gözəl haldır, təqdirəlayiq hadisədir. Əminəm ki, bütün başqa sahələrdə könüllülər institutu Azərbaycanda daha da sürətlə formalaşacaq və ümumiyyətlə, bu, cəmiyyətin niyyətini ifadə edir. Çünki Azərbaycanda hazırda mövcud olan ictimai-siyasi vəziyyət, gözəl ab-hava belə təşəbbüslərin irəli sürülməsinə imkan yaradır.
Prezident İlham Əliyev daha sonra qeyd etmişdir ki, “ASAN xidmət” iki ilə yaxındır ki, yaradılıb. İki il ərzində böyük və uğurlu yol keçibdir. Bu müddət ərzində 3 milyon 500 min müraciət olmuşdur, 3 milyona yaxın vətəndaşa müxtəlif sənədlər verilmişdir. Yəni, bu, ictimai xidmətlər sahəsində ciddi dönüş olmuşdur və deyə bilərəm ki, təkcə Azərbaycanda deyil, dünya miqyasında “ASAN xidmət” kimi nadir müəssisə, nadir təsisat yoxdur. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir və biz intellektual məhsulun yaradılmasına nail ola bilmişik. Bu müddət ərzində artıq 7 “ASAN xidmət” mərkəzi tikilmişdir, 4-ü Bakıda, 1-i Sumqayıtda, 1-i Gəncədə, dünən axşam isə Sabirabadda yeddinci mərkəz fəaliyyətə başlamışdır.
Dövlət başçımızın sözlərinə görə, vətəndaşlara səyyar xidmət də göstərilir və bu məqsədlə ilk dövrdə 2, indi isə 10 avtobus gətirilib və ən müasir avadanlıqla təchiz edilibdir. Artıq bu, bizə imkan verəcək ki, ölkəmizin müxtəlif bölgələrində daimi, fasiləsiz xidmət göstərək. Nəzərə alsaq ki, hazırda digər bölgələrdə mərkəzlər tikilir, - Bərdədə artıq tikintisi başa çatmaq üzrədir, Masallıda, Qəbələdə, gələn il ən azı 3 yeni mərkəz istifadəyə veriləcəkdir, - bu da insanların rahatlığı üçün əlavə imkanlar yaradacaqdır.
Son illər ərzində Azərbaycanda aparılan islahatlar arasında “Asan xidmət”in xüsusi yerini vurğulayan Prezident İlham Əliyev qeyd etmişdir ki, “ASAN xidmət”in yaradılması Azərbaycanda, ümumiyyətlə, islahatların aparılmasında önəmli hadisə olmuşdur və bizim islahatlarımızın təzahürüdür. Çünki bugünkü Azərbaycanın reallıqları ondan ibarətdir ki, əldə etdiyimiz uğurlar məhz düşünülmüş islahatlar nəticəsində mümkün olmuşdur.
“Düşünülmüş siyasət, hər bir istiqamət üzrə düzgün strategiyanın seçilməsi və hər bir istiqamət üzrə düzgün addımların planlaşdırılması nəticəsində bu gün Azərbaycan dünya miqyasında uğurlu model kimi artıq tanınır. Siz də yaxşı bilirsiniz ki, mötəbər beynəlxalq təşkilatların rəhbərləri Azərbaycanda olarkən “ASAN xidmət”in fəaliyyəti ilə tanış olurlar və ondan sonra mənə deyirlər ki, onlar gözləmirdilər ki, Azərbaycanda bu səviyyədə xidmət göstərilə bilər. Eyni zamanda, onu da vurğulayırlar ki, yaxşı olar, bütün başqa ölkələrdə bu cür xidmətlər yaradılsın. Biz isə öz növbəmizdə bu layihənin başqa ölkələrdə həyata keçirilməsi üçün yardımımızı göstərməyə hazırıq. Mən bunu bir neçə dəfə demişəm, “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan brendidir və biz hazırda nəinki neft-qaz resurslarımızı, artıq intellektual məhsulumuzu ixrac etməyə hazırıq və dünyada belə xidmətlərə böyük ehtiyac vardır.”-deyə Prezident İlham Əliyev qeyd etmişdir.
Beynəlxalq təşkilatların bu xidməti yüksək qiymətləndirdiyini qeyd edən Prezident İlham Əliyev bildirmişdir ki, ancaq mənim üçün əsas məsələ Azərbaycan xalqının bu xidmətə olan münasibətidir. Siz də yaxşı bilirsiniz ki, Azərbaycan xalqının mütləq əksəriyyəti bu xidməti bəyənir, dəstəkləyir, təqdirlə yanaşır və mənə ünvanlanan çoxsaylı məktublarda öz fikirlərini ifadə edir və statistik göstəricilərimiz də belədir ki, müraciət edənlərin mütləq əksəriyyətinin istəkləri, tələbləri yerinə yetirilir.
““ASAN xidmət”də yüksək səviyyəli xidmət göstərilir. Bir daha demək istəyirəm ki, bu xidmətin yaradılması və formalaşması çox yaradıcı bir prosesdir. Çünki iki il bundan əvvəl Sərəncam imzalayanda, əlbəttə, məndə təsəvvür var idi ki, xidmət, fəaliyyət növləri necə olacaq və biz bunun əsasında bu işə başlamışdıq. Ancaq iş başlayandan sonra biz gördük ki, artıq daha da böyük imkanlar var. “ASAN xidmət”in fəaliyyəti o qədər uğurlu olmuşdur ki, bəzi əlavə funksiyalar da ona verilir və veriləcəkdir. O funksiyalar ki, insanlara daha da çox rahatlıq verəcək, o funksiyalar ki, cəmiyyətdə və ictimai xidmətlər sahəsində daha da çox şəffaflıq yaradacaq. Biz bunu istəyirik.
Azərbaycan bu gün inamla irəliləyir. Azərbaycan müasir dövlətdir. Müasir dövlətə xas olan bütün atributlar Azərbaycanda vardır. Biz nəinki başqa inkişaf etmiş ölkələrin təcrübəsini öyrənirik və əgər bizə yararlıdırsa tətbiq edirik, eyni zamanda, özümüz təşəbbüs göstərərək dünyada gedən proseslərə təsirimizi göstəririk. Ona görə Azərbaycan xalqının bu xidmətə olan münasibəti həm mənim üçün, həm də sizin üçün ən böyük mükafatdır. Bu məqsədlə artıq 7 mərkəz tikilibdir. Gələn ilin sonunadək ən azı 10-a çatdırılacaqdır. Səyyar avtobus xidməti də öz növbəsində imkan verəcək ki, ölkəmizin hər bir bölgəsində bu xidmət göstərilsin. Yəqin siz bilirsiniz ki, ilkin mərhələdə 2 avtobus sifariş edilmişdi. Ancaq sonra mənə məlumat verildi ki, avtobusların ezam olunduğu yerlərdə əhali o avtobusları buraxmaq istəmir, istəyirlər ki, daim orada qalsın. Ona görə biz qərara gəldik ki, onların sayını 10-a çatdıraq və bu gün bu da öz həllini tapmışdır.”-deyə, Prezident İlham Əliyev qeyd etmişdir.
““ASAN xidmət”i yaradanda biz qarşımıza bir neçə məqsəd qoymuşduq. Onların hamısı bizim üçün vacibdir. Onların reallaşması ölkəmizi daha da sürətlə inkişaf etdirməyə imkan verəcəkdir. İlk növbədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə “ASAN xidmət” vasitəsilə müsbət həllini tapmaqdadır.”-deyə, qeyd edən  Prezident İlham Əliyev bildirmişdir ki, biz bu təcrübəni bütün başqa sahələrdə də tətbiq etməliyik ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılsın. Mən bu məsələlərlə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan dövləti bu sosial bəlanı aradan götürmək üçün böyük səylər göstərir. Ancaq biz görürdük ki, bəzi hallarda cəza tədbirləri, inzibati tədbirlər kifayət deyil. Belə olan halda sistem xarakterli, institusional tədbirlərin görülməsinə də böyük ehtiyac var idi. Biz bu işlərə çox ciddi yanaşırıq və “ASAN xidmət” burada nadir bir vasitədir. “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq yoxdur və bu, onu deməyə əsas verir ki, hər bir sahədə belə bir sistem yarana bilər.
Dövlət başçımız bildirmişdir ki, “ASAN xidmət”in təcrübəsi indi başqa sahələrə köçürülür, orada da tətbiq ediləcəkdir. Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz. Eyni zamanda, hər bir ölkənin uğurlu inkişafı üçün gərək cəmiyyət də aparılan siyasətə dəstək, xalqla iqtidar arasında birlik olsun. Biz görürük ki, harada bu birlik pozulur, ölkələr böyük problemlərlə, fəlakətlərlə üzləşirlər. Bu, bizim gözümüzün qabağında baş verən hadisələrdir. Azərbaycanda xalqla iqtidar arasındakı birlik bizim uğurlarımızın əsas dayağıdır və bu birliyi biz daim möhkəmləndirməliyik. Bunu etmək üçün əlbəttə ki, insanların yaşayış səviyyəsi daha da yaxşı, ölkənin beynəlxalq nüfuzu daha da güclü olmalıdır. Ölkə elə inkişaf etməlidir ki, hər bir vətəndaş Azərbaycan vətəndaşı olmağı ilə fəxr etsin. Eyni zamanda, cəmiyyətdə xoşagəlməz hallara yol verilməməlidir və biz bu məqsədə çatmaq üçün bundan sonra da öz səylərimizi göstərəcəyik.
“ASAN xidmət” korrupsiyaya və rüşvətxorluğa qarşı institusional tədbirlər arasında xüsusi yer tutur və əminəm ki, əgər başqa ölkələrdə bu təcrübə tətbiq olunarsa, onlar da bunun müsbət cəhətlərini tezliklə görəcəklər. “ASAN xidmət”, eyni zamanda, insanların rahatlığı üçün yaradılmış bir xidmətdir. Təsadüfi deyil ki, adı da asandır.
“İnsanlar burada vaxt itirmədən, heç bir bürokratik əngəllə üzləşmədən öz haqlarını tələb edirlər və alırlar. İstənilən sənədi dəqiqələr ərzində əldə edə bilirlər. “ASAN xidmət”, eyni zamanda, xidmətlərin mədəni şəkildə göstərilməsində də nadir bir təcrübədir. Sirr deyil, təbii ki, siz gənclər yəqin, bunu xatırlamırsınız, ancaq sovet dövrünün əlamətlərindən biri də bürokratiya və insanlara bəzi hallarda ictimai qurumlar tərəfindən qeyri-normal münasibət idi. Biz 23 ildir ki, müstəqil dövlət kimi yaşayırıq, ancaq hələ də o dövrün bütün fəsadlarını aradan götürə bilməmişik.
Burada həm psixoloji məsələlər ortaya çıxır, eyni zamanda, müəyyən təcrübə də öz mənfi rolunu oynayır. Ona görə “ASAN xidmət”də olan xidmət növləri və eyni zamanda, xidmətə olan yanaşma tam fərqlidir. Bu, belə də olmalıdır. Azərbaycan vətəndaşları hər yerdə hörmətlə qarşılanmalıdırlar, xüsusilə dövlət orqanları tərəfindən. Onlara yuxarıdan aşağı baxılmamalıdır, onların haqları tapdalanmamalıdır. Onları dövlət məmurları incitməməlidirlər. Onlardan əsassız tələblər istəməməlidirlər. Bax, bu prinsiplər əgər tam şəkildə bərqərar olarsa, onda əlbəttə ki, bizim işimiz daha da sürətlə gedəcək.
“ASAN xidmət”də yaradılmış sistem belədir ki, burada insanlara böyük hörmətlə yanaşılır və hər şey ədalətli şəkildə həllini tapır. Çünki bəzi hallarda indi məişətdə də biz görürük ki, ədalət pozulur, hətta indi bəzən elə hallar olur ki, kimsə növbəsiz qabağa keçmək istəyir, ancaq burada bu, mümkün deyil. Hər şey ədalətli, növbə ilə, şəffaf, təmiz. Heç kim deyə bilməz ki, kimsə məndən qabağa düşdü və kimsə məndən daha da yaxşı münasibət gördü. Bəli, xidmətlər sahəsində əldə edilmiş dönüş “ASAN xidmət”in böyük uğurudur.”-deyə, Prezident İlham Əliyev qeyd etmişdir.  
Prezident İlham Əliyevin sözlərinə görə, innovativ təşəbbüslər, intellektual araşdırmalar “ASAN xidmət” tərəfindən daha da stimullaşdırılır. Eyni zamanda, burada, bu xidmətdə, öz Vətəninə bağlı olan gözəl gənclər yetişir. “ASAN xidmət”də işləyənlərin də və təbii ki, könüllülərin də mütləq əksəriyyəti gənclərdir. Gənclər bizim gələcəyimizdir. Siz gələcəkdə Azərbaycanı idarə edəcəksiniz. Azərbaycanın uğurlu inkişafı sizdən asılı olacaqdır. Ona görə siz gənclər bilikli, savadlı olmalısınız. Bu gün dünyada hər şeyi bilik, savad həll edir. Hətta ölkələrin gücünü, potensialını indi bilik, savad həll edir. Texnoloji, elmi tərəqqi haradadırsa, inkişaf da oradadır. İntellektual cəhətdən böyük imkanlara malik olan ölkələr dünyada da öz mövqelərini möhkəmləndirirlər. Ona görə də bilik, savad hər bir gənc üçün - həm onun özü, həm də cəmiyyət üçün çox önəmlidir. Eyni zamanda, bizim gənclərimiz Vətənə bağlı, vətənpərvər olmalıdırlar və mən şadam ki, bu, belədir. Bizim gənclərimiz əsl vətənpərvər gənclərdir. Fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdırlar və həqiqətən də vətəni sevən hər bir insan bu gün qürur hissi ilə deyə bilər ki, mən Azərbaycan vətəndaşıyam. Çünki Azərbaycan dünya miqyasında nadir inkişaf, transformasiya, islahatlar təcrübəsinə malik olan bir ölkədir. Bizim təcrübəmiz öyrənilir. Son illər ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır.
“Gənc, müstəqil dövlət olduğumuza baxmayaraq, biz dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bu il Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etmişik. Azərbaycanın çox böyük beynəlxalq nüfuzu var. Etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın güclü iqtisadi dayaqları, güclü ordusu var. Ordumuz bu gün dünya miqyasında güclü ordular sırasındadır. Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir, iqtisadi və siyasi vəziyyət sabitdir. Amma bizim ətrafımızda hər tərəf demək olar ki, qaynayır, alovlanır, qanlı toqquşmalar, müharibələr, böhranlar hökm sürür.
İndi neftin qiyməti çox aşağı düşübdür. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcəkdir. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var. Manatın məzənnəsi sabitdir və bu, onu deməyə əsas verir ki, həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda, sosial siyasətimiz var. İndi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət hal deyil. Ancaq bu, sosial məsələdir. Belə də olmalıdır.
Azərbaycan doğrudan nadir inkişaf modelini ortaya qoyur və öz təcrübəsini bölüşməyə hazırdır. Ona görə hər bir gənc haqlı olaraq fəxr edir və fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Hər bir gənc çalışmalıdır ki, ölkəmiz daha da möhkəmlənsin, daha da güclü olsun, bizim təsir imkanlarımız artsın. Hər bir gənc milli köklərə, milli ənənələrə, bizim adət-ənənələrə bağlı olmalıdır. Xarici təsirdən azad olmalıdır. Biz dünyanın müsbət təcrübəsini onsuz da Azərbaycanda tətbiq edirik, nə lazımdırsa onu edirik. Mən çox istəyirəm və əminəm ki, belə də olacaq, çünki bugünkü reallıq da belədir.”-deyə, Prezident İlham Əliyev bildirmişdir.

Prezident İlham Əliyev: “Azərbaycan öz yolu, müstəqillik yolu ilə gedir. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində olmuşuq. Azad, müstəqil olmamışıq. Nə üçün bizim xalqımız azad, müstəqil yaşaya bilməz? Biz 23 ildir ki, müstəqilik. Bu, böyük xoşbəxtlikdir. Bu, ən böyük sərvətimizdir. Ancaq bu müstəqillik, eyni zamanda, siyasi müstəqilliklə də tamamlanmalıdır və bu gün bu, Azərbaycanda var. Biz müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Biz heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq deyəcəyik və prinsipial mövqeyimizi nümayiş etdirəcəyik. Həmişə də belə olmalıdır. Siz də bu ruhda böyüməlisiniz, tərbiyə almalısınız ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və Azərbaycan inkişaf, azadlıq, müstəqillik yolu ilə getsin.”-deyə bildirmişdir.

 

DİGƏR Xəbərlər Arxiv