YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənubi Koreya KİV-ləri Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatından yazır

Cənubi Koreya KİV-ləri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü ilə bağlı bəyanatına geniş yer verib.

"SeoulCity" onlayn qəzeti və "NDNnews" xəbər portalında icmanın bəyanatı barədə geniş materiallar yerləşdirilib.

Bəyanatda qeyd edilir ki, 1988-ci ildə azərbaycanlılara qarşı başlayan etnik təmizləmə siyasəti nəticəsində Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal edib. Bir gecədə 613 mülki şəxsin, o cümlədən qadınların, uşaqların və qocaların erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi Xocalı şəhərində törədilən soyqırımı azərbaycanlılara qarşı törədilmiş ən böyük qətliam kimi tarixə yazılıb. Bildirilir ki, BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası da daxil olmaqla dünya birliyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qəbul edib.

"Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını təmin edə biləcək, eləcə də zor gücünə didərgin salınmış azərbaycanlı əhalinin bu ərazilərdəki evlərinə və mülklərinə təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtmaları, ərazilərin bərpası, iqtisadi inkişafı və Dağlıq Qarabağ bölgəsindəki erməni və azərbaycanlı icmalarının bərabərhüquqlu şəraitdə, ayrı-seçkiliyə yol verilmədən dinc şəraitdə birgəyaşayışına imkan yaradan, bir sözlə, münaqişənin sülh yolu ilə həllini dəstəkləyir", - deyə bəyanatda bildirilir.

Cənubi Koreyanın yuxarıda qeyd olunan KİV-ləri icmanın bəyanatının tam mətnini yayıblar.