YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Nəriman Nərimanovun 150 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev fevralın 14-də Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun 150 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nəriman Nərimanovun 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mədəniyyət, Təhsil nazirlikləri və Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb.

Sərəncamda deyilir ki, 2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olur. Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır. Onun zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir. Nəriman Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr vermişdir. Milli bədii nəsr tarixində də özünəməxsus layiqli yer tutan vətənpərvər ədib həmçinin ciddi və aktual publisistika nümunələrinin müəllifi olaraq tanınmışdır.

Vurğulanır ki, Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır.

Qeyd olunur ki, Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.