Xəbərlər
Seçimimiz YAP-ın namizədidir

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Bakı şəhərinin Xətai rayonunun ərazisində, Əhmədli qəsəbəsində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən şəxslərin məhkumlarla görüşü keçirilib.
Görüşdə bu fikirlər xüsusi qeyd olunub ki, humanistlik, mərhəmət dövlət siyasətinin əsasını təşkil edir. Məhz bu hisslər insan hüquq və azadlıqlarının qorunmasının prioritetliyindən irəli gəlir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fikirlərinə istinad etsək, hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti bu prinsiplər əsasında öz həyatını, fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir.
Görüşdə 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədlər öz seçki platformaları haqqında məlumat veriblər. Milli Məclisə 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Hüseynbala Mirələmov üzrlü səbəbdən görüşdə iştirak etmədiyi üçün vəkili, tibb elmləri doktoru, professor Vəsadət Əzizov deputatın fəaliyyəti ilə bağlı geniş məlumat verib. Bildirib ki, H.Mirələmov yüksək ixtisaslı mühəndis, tanınmış ictimai-siyasi xadim, onlarla roman, povest, dram və publisistik əsərin müəllifi, ssenarist, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, texnika elmləri doktoru, professor, Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvü, Rusiya Mədən Akademiyasının üzvüdür. H.Mirələmovun deputatlıq fəaliyyəti dövründə gördüyü işlərin miqyası genişdir. Bu işlər, seçici etimadı onun 9 fevral növbədənkənar parlament seçkilərində qələbəsinə əsaslar yaradır.
Səmimi şəraitdə keçən görüşdə məhkumları maraqlandıran suallar cavablandırılıb.