Xəbərlər
Sevinc Hüseynova: Azərbaycanda vətəndaşların sosial təminatı, rifahı hər zaman dövlət siyasətinin ən vacib və prioritet istiqamətlərindən biri kimi dəyərləndirilir
“Sosial dövlət olan Azərbaycanda vətəndaşların sosial təminatı, rifahı hər zaman dövlət siyasətinin ən vacib və prioritet istiqamətlərindən biri kimi dəyərləndirilir”. Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, ötən il bu sahədə atılan addımlar inqilabi xarakter daşıyıb və ölkəmiz sosial islahatların davamlılığına görə bir sıra beynəlxalq reytinqlərdə ilk sıralarda yer alıb. Onun sözlərinə görə, iqtisadi cəhətdən yüksək inkişafa malik Azərbaycanda sosial təminat məsələsi hər zaman dövlətin diqqətindədir.
“Bir faktı qeyd etmək kifayətdir ki, hətta dünyada iqtisadi böhranın ən kəskin hal aldığı dövrlərdə belə ölkəmizdə sosial islahatlar davam etdirilib və vətəndaşların maddi rifahının yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər görülüb. Ötən il dekabrın 23-də yerli jurnalistlərə müsahibəsində möhtərəm Prezidentimiz vurğuladı ki, Azərbaycan o böhranlı illərdə belə iqtisadi inkişaf tempini davam etdirib. Bu, olduqca böyük bir nailiyyətdir. Azərbaycan bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib. Xüsusilə də, dövlət başçısının rəhbərliyi ilə sosial sahədə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilməsi vətəndaşların rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır. Ötən il həyata keçirilən sosial islahatlar çoxşaxəli idi və demək olar ki, ölkə əhalisinin mühüm bir hissəsi bu diqqət və qayğını, islahatları öz həyatında hiss etdi. İstər ilin əvvəlində problemli kreditlərin həlli ilə bağlı Prezident Fərmanı, daha sonra minimum əməkhaqqının, pensiyaların artımı, əməkhaqlarının artırılması və bu kimi qərarlar ölkəmizdə makroiqtisadi sabitliyin təmin olunduğunun, iqtisadi inkişaf templərinin bərpa edilərək artdığının göstəricisidir. İlin yekunları ilə bağlı müsahibəsində cənab Prezident bildirdi ki, müavinətlər orta hesabla 50 faiz, yaxud da 2 dəfə, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir. Cənab Prezident vurğuladı ki, sosial islahatlar gələn il də davam etdiriləcək. Sosial sahəyə göstərilən diqqət və qayğı, aparılan islahatlar Azərbaycan dövlətinin birinci növbədə öz vətəndaşının rifahını düşündüyünün göstəricisidir”-deyə, deputat qeyd edib.