YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavanşir Paşazadə: Azərbaycanda mültikulturalizmin tarixi qədimdir, müxtəlif xalqlar tarixən burada mehriban şəraitdə yaşayıblar

“Azərbaycanda mültikulturalizmin tarixi qədimdir, müxtəlif xalqlar tarixən burada mehriban şəraitdə yaşayıblar. Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Təsadüfi deyil ki, Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur. "Multikulturalizmin Azərbaycan modeli" və ya "Azərbaycan multikulturalizm modeli" kimi terminlər siyasi leksikona, elmi ədəbiyyata daxil edilib”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

C.Paşazadə bildirib ki, müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev multikulturalizm siyasətini yeni tarixi şəraitdə inkişaf etdirərək onu ölkənin daxili və xarici siyasətinin mühüm istiqaməti kimi təqdim edib.

““Bakı Prosesi" bu gün BMT tərəfindən çox önəmli, bəlkə də, ən vacib platforma kimi tanınır. Dövlət başçısının qeyd etdiyi kimi, bu proses çərçivəsində əməkdaşlıq daha yeni pilləyə qalxdı. Ötən il  Bakıda keçirilmiş Dünya dini liderlərinin ikinci Zirvə Görüşü bunu bir daha təsdiqləyir. Eləcə də ölkəmizdə Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansı Qlobal Forumu keçirilir ki, bu da Azərbaycanın multikulturalizm və tolerantlıq mərkəzi kimi mövqeyini daha da gücləndirir”-deyən, millət vəkili söyləyib ki, multikulturalizmin Azərbaycan Respublikasının dövlət siyasəti olmasının mühüm təzahürlərindən biri burada dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasındadır. Onun fikrincə, bu, özünü bir sıra əsas məqamlarda göstərir. Bunlar ölkəmizdə dini azadlıqların təmin edilməsi, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olması, onların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilməsi və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasıdır: "Azərbaycan Respublikası multikulturalizm siyasəti vasitəsilə ölkə daxilində olan etnik-mədəni müxtəliflikləri tənzimləyərək bu müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunmasına nail olub. Bu, demokratik cəmiyyətin norma və prinsiplərinə uyğun gəlir. Belə ki, xalqların etnik-mədəni dəyərlərinin qorunması insan haqlarının tərkib hissəsidir. Ölkəmizin əsas multikulturalizm sahəsində əldə etdiyi nailiyyətləri görmək istəməyən, ona münasibətdə ikili standartlar siyasətini yürüdən bəzi Qərb dövlətləri Azərbaycandan yüzilliklər boyu formalaşmış tolerantlıq, dini dözümlülük və multikulturalizm təcrübəsini əxz etsəydi, pis olmazdı".