YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: “Könüllülər ili” gənclər siyasətinə yeni nəfəs gətirəcək

Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarıblar. Prioritet istiqamət olaraq müəyyən edilən gənclər siyasəti, öz növbəsində, ölkədə könüllülük hərəkatının geniş vüsət almasına şərait yaradıb, könüllülüyü gənclərin yeni inkişaf modeli kimi təqdim edib.

Bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin xeyir-duası ilə yaranan “ASAN” könüllülük hərəkatı digər könüllülük fəaliyyətlərinin də yaranmasına stimul oldu. “Bir” Tələbə-Könüllü proqramı, “Aqrar İnkişaf Könüllüləri”, prokurorluq orqanlarında “ictimai köməkçilər” kimi çoxlu sayda könüllü hərəkatlarının yaranması dövlətimizə, cəmiyyətimizə təcrübəli, bacarıqlı, müasir düşüncəli Azərbaycan gəncini qazandırdı, kadr ehtiyatını inkişaf etdirdi. Könüllülük dövründə gənclər respublikamızda aparılan islahatların və inkişafın fəal iştirakçısına çevrildilər, “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynadılar. Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında ölkədə könüllülük fəaliyyətini yüksək qiymətləndirərək, dövlət qurumlarına və özəl təşkilatlara gəncləri könüllü kimi işə cəlb etməyi və onlara təcrübə qazanmağa fürsət yaratmağı tövsiyə etdi. Dövlət başçısı gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə yeni qədəm qoyduğumuz ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzaladı.

Prezident İlham Əliyevin sərəncamları ilə illərin konkret məsələlərə həsr edilməsi artıq ənənə halını alıb. 2016-cı il Multikulturalizm ili”, 2017-ci il “İslam Həmrəyliyi ili”, 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili”, 2019-cu ilin “Nəsimi ili” elan edilib. İl ərzində mövzu ilə bağlı çoxsaylı tədbirlər, toplantılar, konfranslar, forumlar həyata keçirilib, geniş müzakirələr aparılıb. “Multikulturalizm ili”ndə öz milli-mənəvi, tarixi dəyərlərini dünya ictimaiyyətinə çatdırmaq şansı əldə edən Azərbaycan “İslam həmrəyliyi ili”ndə həm İslam dünyasında, həm də bütün dünyada həmrəylik nümunəsinə çevrildi. “Azərbaycan Xalq Cümhuriyyəti ili”nin layiqincə qeyd edilməsi tariximizə, keçmişimizə böyük ehtiramın təcəssümü oldu. 2019-cu ilin "Nəsimi ili" elan edilməsi Azərbaycanın öz milli-mənəvi, tarixi dəyərlərinə, görkəmli şəxsiyyətlərinə, klassik ədəbiyyat irsinə yüksək qiymət verdiyinin daha bir təzahürü olmaqla yanaşı, azad ruhlu şairin dünyada məhz Azərbaycan şairi kimi tanınmasına şərait yaratdı.

2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi insanların sülhsevərlik, xeyirxahlıq kimi ümumbəşəri dəyərlər ətrafında birləşməsinə, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs verəcək.