YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: 2019-cu il münaqişənin həlli üzrə “itirilmiş imkanlar ili” kimi dəyərləndirilə bilər

“Bu il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş naziri arasında 29 mart tarixində Vyanada bir görüş, Xarici İşlər nazirləri səviyyəsində isə 16 yanvar Paris, 15 aprel Moskva, 20 iyun Vaşinqton, 23 sentyabr Nyu-York və 4 dekabr tarixində Bratislavada olmaqla 5 görüş keçirilmişdir. Görüşlərin keçirilmə intensivliyindən çıxış edərək hər iki tərəfin danışıqlar prosesinin irəli aparılmasında maraqlı olduğu qənaətinə gəlmək olar. Lakin, Ermənistan tərəfinin il ərzində səsləndirdiyi tamamilə əsassız və ziddiyyətli bəyanatları, eləcə də keçirilən görüşlərdə hər hansı konkret nəticənin əldə olunmadığını nəzərə alsaq, təəssüflə qeyd etməliyik ki, 2019-cu il münaqişənin həlli üzrə “itirilmiş imkanlar ili” kimi dəyərləndirilə bilər”. Bu fikirləri Xarici İşlər Naziri Elmar Məmmədyarov deyib.

E.Məmmədyarov bildirib ki, bir tərəfdən münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bəyan edən Ermənistan rəhbərliyi, digər tərəfdən qondarma “müstəqillik” və “miatsum” kimi ziddiyyətli fikirləri ilə danışıqlar prosesinə və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səylərinə zərbə vurmuş oldu. Doğrudur, keçirilmiş görüşlər nəticəsində humanitar müstəvidə tədbirlərin həyata keçirilməsi və iki ölkə əhalisinin sülhə hazırlanması təşəbbüsləri irəli sürüldü, hətta bu xüsusda ilk addım olaraq Azərbaycan və Ermənistan mətbuat nümayəndələrinin qarşılıqlı səfərləri reallaşdırıldı. Ancaq bu təşəbbüsün sonradan Ermənistan tərəfindən siyasiləşdirilməsi və təbliğat vasitəsi kimi istifadəsi cəhdləri bu ölkənin əhalisini sülhə hazırlamağa nə dərəcədə hazır olduğu sualını ortaya qoydu. Əslində təşəbbüsə cəlb olunmuş jurnalistlər, xüsusilə də onları bu prosesdə dəstəkləyən tərəf məsuliyyəti hiss etməli və prosesə xələl gətirməməlidir. Əks təqdirdə bu kimi təşəbbüslərin və iki xalq arasında körpülərin qurulması cəhdlərinin heç bir mənası olmaz. Beləliklə də gələcəkdə bu təşəbbüslərin davam etdirilməsinə məhz bu prizmadan yanaşmaq və növbəti addımlar haqqında danışmaq olar.

“Hər zaman qeyd etdiyim fikri yenidən xatırlamaq istərdim, biz iki qonşu ölkəyik və tez ya da gec, münaqişənin həllindən sonra iki icmanın nümayəndələri yenidən ölkəmizin Dağlıq Qarabağ bölgəsində birgə yaşamalı olacaqlar. Bu baxımdan həyata keçirilən etimad təbirləri, humanitar təşəbbüslər məhz münaqişənin həllini irəli aparmaq, Azərbaycan ərazilərinin işğalı amilini aradan qaldırmaq və məcburi köçkünlərin öz evlərinə, mülklərinə geri dönməsini təmin etməyə xidmət etməlidir”-deyə, nazir vurğulayıb.