YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Dinamik inkişaf mədəniyyət sahəsində də özünü bariz formada göstərir

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik inkişaf dövrünü yaşayır. Bu inkişaf mədəniyyət sahəsində də özünü bariz formada göstərir”. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, bu gün dövlət başçısının həyata keçirdiyi siyasət müasir dünyanın çağırışlarına adekvat siyasətdir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin çevik, uzaqgörən daxili və xarici siyasəti milli mədəni yaddaşa qayıdışa əsaslanmaqla mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqələrinə, düşünülmüş inteqrasiyaya hesablanıb. Bu inteqrasiyada Azərbaycanı dünyada tanıdan, onun nüfuzunu daha da yüksəldən mühüm amillərdən biri də ölkə rəhbərliyinin böyük diqqət və qayğısı ilə əhatə olunan mədəni-mənəvi sərvətimizdir.

“Prezident İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk dövrlərdə milli-mənəvi dəyərlərə söykənən və müasir çağırışlara cavab verən mütərəqqi ideyaları yaşadıb inkişaf etdirəcəyini vurğulamışdı. Dövlət başçısı bütün fəaliyyətində qeyd olunan bu sahələrin inkişafını daim diqqət mərkəzində saxlayıb, öz qayğısını əsirgəməyib. Ölkənin bütün regionlarını, cəmiyyət həyatının hər bir sahəsini əhatə edən islahat real nəticələr verə bilər. Son 16 ildə ölkəmizdə aparılan islahatlar paytaxt və digər böyük şəhərlərlə məhdudlaşmayaraq ən ucqar bölgələrimizi də əhatə edib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası yerlərdə mədəni həyata da əhəmiyyətli təsir göstərib. Dövlət başçısının bölgələrimizə hər səfəri müasir mədəniyyət ocaqlarının açılışı ilə də yadda qalır. Regionların mədəniyyət infrastrukturunun yenilənməsi ilə bərabər, tarixi-mədəni abidələrimiz də təmir-bərpa olunur”-deyə, J.Əliyeva qeyd edib.