YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Vergilər Məcəlləsinə edilən yeni dəyişikliklərin mühüm hədəfləri var

“2019-cu ildə Vergilər Məcəlləsinə edilən dəyişikliklər öz müsbət nəticəsini verdi. Bu dəyişiklikləri sahibkarlar öz fəaliyyətləri ilə dəstəklədilər, ölkədə kölgə iqtisadiyyatının həcmi azaldı, büdcə gəlirləri artdı və əhalinin sosial müdafiəsi daha da gücləndi”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək Vergilər Məcəlləsinə yeni dəyişikliklərin bir neçə mühüm hədəfi var. Bu hədəflər və yeniliklər əsasən aşağıdakılardır: “Birincisi, ədalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskal mühitin təmin edilməsidir. Bura yalan əqd bağlayaraq əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin aparılması, riskli vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi, Vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi kimi yeniliklər daxildir. İkincisi, sahibkarlarin inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsidir. Bura elektron vergi hesab-fakturasının və elektron qaimə-fakturanın vahid sənədlə, yəni elektron qaimə-faktura ilə əvəz edilməsi kimi yeniliklər daxildir. Üçüncüsü, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılmasıdır. Burda əsasən quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi kimi yeniliklər əksini tapır. Dördüncüsü, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasıdır. Bura isə  əsasən Sənaye və Texnologiyalar Parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddətinin 7 ildən 10 ilədək artırılması, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi, vergi ödəyicisi tərəfindən quraşdırılan yeni nəsil nəzarət kassa-aparatına çəkilən xərclərin müəyyən olunmuş hədd daxilində onun vergi öhdəlikləri ilə əvəzləşdirilməsi kimi yeniliklər daxildir”.

Millət vəkili həmçinin qeyd edib ki, vergitutma bazasının genişləndirilməsi də əsas hədəflər sırasındadır. Bura bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi  (ƏDV və mənfəət (gəlir) vergisi metodu), bəzi aksizli malların aksiz dərəcələrinin artırılması, digər malların aksiz dərəcələrin isə optimallaşdırılması kimi yeniliklər daxildir.

“Göründüyü kimi yeni dəyişikliklər şəffaf və qanuni şəkildə fəaliyyət göstərən sahibkarların daha çox dəstəklənməsi və onlar üçün əlverilişli vergi mühitinin yaranmasına səbəb olacaq. Eyni zamanda qeyri-qanuni, kölgə iqtisadiyyatında fəaliyyət göstərən sahibkarlarla mübarizəni isə daha da sərtləşdirəcək”-deyə, deputat qeyd edib.