YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Bəşəriyyəti narahat edən bir çox problemlər Bakıda müzakirə olunur, ölkəmiz bu istiqamətdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir

“Müasir müstəqil Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların vətəni hesab olunur”. Bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Ümummili Liderimiz Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bütün azərbaycanlıları vacib məqsədlər ətrafında birləşdirir. Bu məqsədlər birlik və həmrəylik, müstəqil dövlətimizin inkişafına və daha da gücləndirilməsinə xidmət etməkdən ibarətdir: “Dövlətimizin başçısının 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində qeyd etdiyi kimi, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olub. Cənab Prezident təbrikində onu da bildirib ki, dünyanın ayrı-ayrı bölgələrində mürəkkəb etno-siyasi proseslərin, din və məzhəb qarşıdurmalarının, humanitar fəlakətlərin baş verdiyi bir vaxtda Azərbaycan sabitliyin, etnik-dini tolerantlığın və multikultural ənənələrin qorunub saxlanıldığı unikal məkandır. Məhz bunun nəticəsidir ki, bəşəriyyəti  narahat edən bir çox problemlər Bakıda müzakirə olunur, ölkəmiz bu istiqamətdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir”.

N.Cəfərov qeyd edib ki, Azərbaycan bu gün dünyada sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi tanınır. Millət vəkilinin fikrincə, bu il ərzində ölkəmizin Dünya dini liderlərinin II Sammitinə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və növbəti üç ildə bu Hərəkata sədrliyin Azərbaycana keçməsi dövlətimizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir. “Digər vacib bir məqam isə dövlət başçısının Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunmasıdır. Bilirsiniz ki, mütəfəkkir şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycanda və dünyanın bir sıra ölkələrində böyük təntənə ilə qeyd olunub. Bu prosesdə xaricdə yaşayan soydaşlarımız da fəal iştirak ediblər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Nəsimi İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda keçirilmiş rəngarəng tədbirlər Azərbaycan mədəniyyətinin ümumbəşəri əhəmiyyətinin daha bir nümayişi oldu”-deyə, N.Cəfərov vurğulayıb.