YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Görülən mühüm işlərin nəticəsidir ki, Azərbaycan xalqı öz Prezidentinin fəaliyyətini yüksək qiymətləndirir

“Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 23-də yerli jurnalistlərə verdiyi müsahibə 2019-cu ilin 9 ayının yekunları ilə bağlı olsa da, ümumilikdə dövlət başçısının fikirlərində 2003-cü ildən bu günə kimi həyata keçirilən siyasətin əsas paradiqmaları öz əksini tapdı. Prezident müsahibə zamanı bir sıra mühüm məsələlərə toxundu. Bu məsələlər içərisində Azərbaycanın xarici siyasəti ilə bağlı mühüm tezislər, beynəlxalq münasibətlərdə rolu və bugünkü nüfuzunu təmin edən fəaliyyətinin istiqaməti ilə bağlı fikirlər var. Eyni zamanda, burada regional və qlobal çağırışlar kontekstində beynəlxalq münasibətlərin nüfuzlu aktoru kimi Azərbaycanın davranışlarının əsas istiqamətləri də yer alıb. Azərbaycan Prezidenti qeyd etdi ki, bizim siyasətimiz konseptual xarakter daşıyır və ardıcıl olaraq həyata keçirilir”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, 2003-cü ildən bu günə qədər həyata keçirilən siyasətə diqqət yetirdikdə görmək olar ki, heç nə təsadüfi baş verməyib. Bu illər ərzində həyata keçirilən siyasət əvvəlcədən düşünülmüş, strateji məqsədlərə və milli maraqlara hədəflənmiş intensiv fəaliyyət proqramı kimi nəzərdən keçirilə bilər. Bunun nəticəsidir ki, bu gün Azərbaycan inkişaf edib, qüdrətlənib. Həm xarici, həm daxili siyasət komponentləri milli maraqlar çərçivəsində uzlaşdırılaraq bugünkü qüdrətli Azərbaycan yaradılıb. Prezident ölkəmizdə həyata keçirilən sosial siyasət və iqtisadi uğurlar üzərində xüsusi dayandı. Çünki hər iki komponent bir-birindən asılı olan vahid tamın iki ayrılmaz hissəsidir. İqtisadiyyat olmasa, sosial problemləri həll etmək olmaz və sosial problemlərin həlli birbaşa iqtisadiyyatla bağlıdır. Sosial dövlət olma öhdəliklərini yerinə yetirmək üçün, ilk növbədə, güclü iqtisadi gücə malik ölkə olmaq lazımdır. Prezident İlham Əliyev bu məsələlərə toxunaraq ölkəmizdə həyata keçirilən sosial siyasətdən danışdı. Eyni zamanda, 9 ay ərzində görülən işlərin, həyata keçirilən islahatların, nəticə etibarilə, Azərbaycan vətəndaşının rifahına yönəlmiş olduğunu diqqətlə təqdim etdi. Şübhəsiz ki, bütün bunlar bir daha onu sübut edir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin əsasında vətəndaşların rifahı durur. Azərbaycanın inkişafı başlıca prioritet hədəfdir. Ölkənin hərbi gücü və siyasi nüfuzunun artması Qarabağ probleminin ərazi bütövlüyümüz çərçivəsində həll olunmasına imkan verəcək.

Deputat bildirib ki, müsahibədə səsləndirilən fikirlər həm də Bakı Dövlət Universitetinin 100 illik yubileyində Azərbaycan Prezidentinin nitqinin davamı kimi qiymətləndirilə bilər. Biz burada bir qədər detallı məlumatlar almış olduq ki, bu da mühüm məlumatlar idi. İlk dəfə idi ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın ayrı-ayrı beynəlxalq təşkilatlar ilə münasibətlərinə aydınlıq gətirildi. Eyni zamanda, Avropa İttifaqı ilə imzalanacaq ikitərəfli sazişin detallarına toxunuldu. Bəzi hallarda müxalif qüvvələr tərəfindən manipulyasiya edilən bu mövzunun əsasında nəyin durduğunu bildirən dövlət başçısı qeyd etdi ki, əgər biz beynəlxalq sazişi indiki şərtlərlə qəbul etsək, o zaman Azərbaycan vətəndaşlarına satılan enerji daşıyıcıları, xüsusilə də qazın qiyməti 7-10 dəfə arta bilər. Bu fikirlərdən aydın oldu ki, istər beynəlxalq təşkilatlarla əməkdaşlıqda, istərsə də xarici siyasətdə başlıca vəzifə Azərbaycanın dövlət və vətəndaşların maraqlarının qorunmasıdır. Bunlar mühüm məsələlərdir. Görülən mühüm işlərin nəticəsidir ki, Azərbaycan xalqı öz Prezidentinin fəaliyyətini yüksək qiymətləndirir.