YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Ulu Öndər Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə yazılıb

“Tarixi şəxsiyyət haqqında danışmaq həm çətin, həm də məsuliyyətlidir. Hələ 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndə Azərbaycan keçmiş SSRİ-də öz inkişafına görə ən geridə qalmış respublikalardan biri idi. Məhz Ulu Öndərin hakimiyyətə gəlməsindən qısa müddət sonra görülən işlər nəticəsində Azərbaycan ən qabaqcıl respublikalardan birinə çevrildi. Respublikamız bütün sahələrdə, xüsusilə də kənd təsərrüfatı, sənaye sahəsində böyük dönüş etdi”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Ulu Öndər Heydər Əliyev uzaqgörən və müdrik insan idi. Təbii ki, Təhlükəsizlik Komitəsinin sədri işləyən zaman da Azərbaycanda gedən bütün prosesləri bilirdi. Dönə-dönə vurğulayıram ki, Heydər Əliyev tarixi şəxsiyyət idi. Çünki tarixi məhz şəxsiyyətlər yaradır. Ulu Öndər də Azərbaycanda bir tarix yaradıb. Ümummilli Lider 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Sovet büdcəsi hesabına Bakıda neftayırma zavodlarını yenidən qurdurdu. Düzdür, o vaxt biz keçmiş ittifaqa neft verirdik, amma Heydər Əliyev verdiyimiz neftdən qat-qat artıq SSRİ-nin büdcəsi hesabına Azərbaycanda quruculuq, abadlıq işləri həyata keçirdi. Həmin illərdə respublikamızda nə qədər binalar tikildi, böyük müəssisələr yaradıldı.

“1993-cü ilin iyun ayında Gəncə hadisələri zamanı qan tökülərkən Azərbaycan əhalisi ayağa qalxdı, Ulu Öndəri hakimiyyətə dəvət etdi. Burada bir haşiyə çıxım. Baxmayaraq ki, Heydər Əliyev bir o qədər də partiya yaratmaq istəmirdi, amma Azərbaycan ziyalılarının xahişinə, müraciətinə müsbət cavabından sonra 1992-ci ildə belə bir partiya - Yeni Azərbaycan Partiyası yaradıldı. 16 oktyabrda “Səs” qəzetində 91 ziyalı tərəfindən Heydər Əliyevə edilən müraciətdən sonra 1992-ci ilin 24 oktyabrında Ulu Öndər Heydər Əliyev “Səs” qəzetində onlara cavab verdi. Həmin gün AXC rəhbərləri Naxçıvanda dövlət çevrilişinə cəhd etdilər. Bu cür ağır vəziyyətdə Heydər Əliyev Naxçıvanı qorudu. 1993-cü ilin iyun hadisələrindən sonra Azərbaycanın bütün bölgələrində insanlar Ulu Öndərdən Naxçıvandan Bakıya dönməsini təkidlə tələb edirdilər. 5 iyun tarixində Ulu Öndərin arxası ilə təyyarə gəlmişdi. Lakin O getmək istəmirdi. Mən ayın 7-də Bakıya gələrək burada insanların, həqiqətən də, Heydər Əliyevi gözlədiklərinin şahidi oldum. Onların ümidi, nicatı Ulu Öndərə idi. Heydər Əliyev iyunun 9-da Bakıya gəldi və bildiyiniz kimi, ayın 13-də Ali Sovetdə keçirilən iclasda çıxış edərək Gəncəyə getdi. Ayın 15-də isə Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Azərbaycanın və xalqımızın, sözün əsl mənasında, qurtuluşu məhz həmin tarixdən başlayır. Ulu Öndər Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə yazılıb”-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.