Xəbərlər
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli fotoqraf Reza Deqatinin Parisdə Azərbaycana həsr edilmiş fotosərgisinin təqdimatında iştirak ediblər
Noyabrın 28-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana həsr olunan fotosərgisinin və iki kitabının təqdimatı keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva təqdimat mərasimində iştirak ediblər.
Parisin məşhur “Pöti Pale” sərgi-muzey kompleksində təşkil olunan sərgi artıq neçə gündür ki, Fransa ictimaiyyətinin, Paris sənətsevərlərinin, xüsusilə nüfuzlu media orqanlarının diqqət mərkəzindədir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birlikdə Fransanın tanınmış ictimai və mədəniyyət xadimlərinin bu tədbirə qatılması bir daha Reza Deqatinin sənətinə və onun mövzularına olan maraqdan qaynaqlanır.
Tədbirin aparıcısı ölkəmiz, onun zəngin mədəniyyəti və tarixi barədə qonaqlara məlumat verdi. Bildirildi ki, Reza Deqatinin bu sərgisi Paris sənətsevərləri tərəfindən böyük maraqla qarşılanıb.
“Pöti Pale” sərgi-muzey kompleksinin direktoru Kristof Löğibo dedi ki, Reza Deqatinin fotoları hər zaman Fransa mədəni mühitində özünəməxsusluğu ilə fərqlənib və bu amil fotoqrafa sənət dünyasında böyük maraq oyadıb. Kristof Löğibo dünya şöhrətli fotoqrafın sərgisinin bu salonda keçirilməsindən məmnunluğunu ifadə etdi.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirdi ki, humanist ideyaların, bəşəri hisslərin tərənnümçüsü olan Reza Deqati ölkəmizə sonsuz məhəbbəti ilə də tanınır. Bütün dünyaya məxsus olan bu istedadlı insanın çəkdiyi fotoların hər yerdə maraqla qarşılandığını deyən səfir onun yaradıcılığında Dağlıq Qarabağ münaqişəsinə də yer verməsini xüsusi vurğuladı. Diqqətə çatdırdı ki, Qarabağ müharibəsinin və Xocalı soyqırımının əks olunduğu bu fotolar faciənin miqyasını daha aydın əks etdirir. Elçin Əmirbəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışdı, ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğunu, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıldığını bildirdi.
Parisin Vlll rayonunun meri xanım Jann Doteser qeyd etdi ki, Azərbaycan dünyada mədəniyyəti və incəsənəti ilə məşhurdur. Bu sərgidə təsvir olunan Azərbaycan mənzərələri də ölkənin humanizm ideyalarına bağlılığından xəbər verir. Mer Fransa ilə Azərbaycan arasındakı münasibətlərin genişləndiyini dedi və bunun da mədəniyyət sahəsində özünü daha çox büruzə verdiyini vurğuladı. Qeyd etdi ki, bu amil hər iki ölkənin mədəniyyətinin birgə təmasından qaynaqlanır.
“Son illərdə Fransa ilə Azərbaycan arasında əlaqələr genişlənir. Bu məsələdə mədəniyyətin xüsusi çəkisi var”, - deyən Fransadakı Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel Heydər Əliyev Fondunun Fransada Azərbaycan mədəniyyətinin təbliğinə xüsusi diqqət göstərdiyini vurğuladı. Sərginin işinə uğurlar arzulayan assosiasiya sədri qeyd etdi ki, Reza Deqatinin bugünkü ekspozisiyası Azərbaycanı yüksək səviyyədə tərənnüm edir.
Sərginin təşkilinə görə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirən dünya şöhrətli fotoqraf Reza Deqati Azərbaycanın çox tolerant, gözəl və zəngin ölkə olduğunu dedi. “Həyatımın böyük hissəsi münaqişə zonalarında keçib. Münaqişələr zamanı çəkdiyim hər bir foto mənə o münaqişəni yaşadıb”, - deyən Reza Deqati bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi zamanı yaşadıqları anlar həyatının acı anlarıdır. Ölkəmizin bu münaqişədən əziyyət çəkdiyini, Azərbaycanın ərazisinin bir hissəsinin ermənilər tərəfindən işğal olunduğunu, problem nəticəsində azərbaycanlıların öz ata-baba yurdlarından didərgin düşdüyünü qeyd edən fotoqraf Xocalı soyqırımı barədə danışdı. “Xocalıda gördüklərim hafizəmdə əbədi qaldı və məni vadar etdi ki, bu faciəni bütün dünyaya çatdırım”, - deyən Reza Deqati Xocalı soyqırımının qurbanlarının və şahidlərinin yaradıcılığının əsas qəhrəmanları olduğunu söylədi.
Sərgi çərçivəsində Reza Deqatinin iki kitabının təqdimatı da oldu. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan “Odun cazibəsi” və “Günahsızların qırğını” kitablarında Reza Deqatinin bu sərgidə nümayiş olunan fotoları toplanıb.
“Odun cazibəsi” kitabında Reza Deqatinin 1987-ci ildən başlayaraq Azərbaycana səfərləri zamanı çəkdiyi fotolar yer alıb. Fotolarda Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və digər məqamlar əksini tapıb. Müəllif, eyni zamanda, milli rəqslər, konsert, tamaşa, sərgi və digər müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin özünəməxsus mənzərəsini yaradıb.
“Günahsızların qırğını” kitabında isə fotojurnalistin 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Kitabda, həmçinin Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən, qaçqın və məcburi köçkünlər üçün salınan şəhərcikdən fotolar da yer alıb.
Tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. 2013-cü ildə isə Parisdə Reza Deqatinin “Azərbaycan. Tolerantlıq məkanı” sərgisi keçirilib. Həmin sərgi sonralar Moskvada, İsrailin müxtəlif şəhərlərində, eləcə də BMT-nin mənzil-qərargahında, Avropa Parlamentində nümayiş olunub. Reza Deqatinin “Talelərin qovuşması”, “Müharibə+Sülh”, “Ümid”, “Qəlbin pəncərəsi” kimi layihələri dünyada məşhurdur. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının “Xidmətlərə görə” ordeninin laureatıdır.